Arxiv fotosu: “Reuters”
“Reuters” agentliyi üç məlumatlı mənbəyə istinadən yazır ki, ABŞ ordusu İranla beş aydır davam edən müharibədə yüksək dəqiqlikli uzaqmənzilli raket ehtiyatının böyük hissəsini istifadə edib. Bu, ABŞ ordusunun gələcək mümkün münaqişələrə hazırlığı ilə bağlı narahatlıqları artırıb.
Mənbələrdən ikisinin sözlərinə görə, söhbət əsasən ATACMS və PrSM raketlərindən gedir. Onlar bildiriblər ki, ABŞ bu silahların mövcud ehtiyatının, demək olar ki, hamısını istifadə edib.
Arsenalın əsas silahları
Hər birinin qiyməti 1 milyon dollardan çox olan bu uzaqmənzilli raketlər ABŞ ordusunun arsenalında mühüm yer tutur. Onlar hərbçilərə təhlükəsiz məsafədən yüksək dəqiqliklə zərbələr endirmək imkanı verir.
ABŞ-nin Ukraynaya verdiyi ATACMS raketləri müharibədə mühüm rol oynayıb və Ukrayna ordusuna Rusiyanın dərinliklərində yerləşən hədəfləri vurmağa imkan yaradıb. PrSM isə ATACMS-ı əvəz etmək üçün hazırlanmış, daha müasir və daha yüksək imkanlara malik raket sistemidir.
Mənbələrin bildirdiyinə görə, yüksək dəqiqlikli uzaqmənzilli raket ehtiyatının kəskin azalması o deməkdir ki, ABŞ Prezidenti Donald Tramp İrana qarşı yenidən genişmiqyaslı hərbi əməliyyatlara başlasa, daha riskli sayılan pilotlu bombardımanlardan daha çox istifadə etmək məcburiyyətində qala bilər.
Mənbələr ABŞ-də bu raketlərdən nə qədər qaldığını açıqlamayıblar.
Tramp fevral ayında İsraillə birlikdə İrana qarşı hərbi əməliyyatlara başlayarkən münaqişənin qısa çəkəcəyini güman edib. Məsələdən xəbərdar olan üç nəfər hesab edir ki, raket ehtiyatlarının azalması ABŞ-nin Rusiya və Çin kimi rəqiblərini çəkindirmək imkanlarını zəiflədə bilər.
Dördüncü mənbənin sözlərinə görə, Yaxın Şərqdəki ABŞ qüvvələrinə cavabdeh olan Mərkəzi Komandanlıq müharibə başlamazdan əvvəl də quru bazalı raket ehtiyatının böyük hissəsini xərcləmişdi. Daha sonra bu çatışmazlıq ABŞ-nin dünyanın digər bölgələrində yerləşən hərbi ehtiyatları hesabına qismən aradan qaldırılıb.
Ağ Ev və Pentaqon nə deyirlər?
Ağ Ev raket ehtiyatları ilə bağlı “Reuters”-in suallarına cavab olaraq Donald Trampın bəyanatını təqdim edib. Bəyanatda ABŞ-nin “dünyada hamıdan çox” və “ehtiyac duyduğundan dəfələrlə artıq” döyüş sursatına malik olduğu vurğulanır:
“Müdafiə sənayemiz hazırda tarixdə görünməmiş həcmdə döyüş sursatı istehsal edir. Zavodlarımız və istehsal güclərimiz də rekord sürətlə genişləndirilir”.
Analitiklər artilleriya mərmilərinin və bəzi raket növlərinin istehsalının rekord səviyyəyə çatdığını təsdiqləsələr də, xəbərdarlıq edirlər ki, uzunmüddətli müharibə şəraitində mövcud ehtiyatlar kifayət etməyə bilər.
ATACMS, PrSM və THAAD sistemlərini istehsal edən şirkət təchizat səviyyəsi və Trampın açıqlamalarıyla bağlı suallara cavab verməyib.
ABŞ-nin əsas silah sistemlərindən olan “Tomahawk” qanadlı raketlərini və “Patriot” hava hücumundan müdafiə sistemlərini istehsal edən şirkət də sorğuları cavabsız qoyub.
Pentaqonun baş sözçüsü Şon Parnell isə bildirib ki, “ABŞ Silahlı Qüvvələri dünyanın ən güclü ordusudur və prezidentin müəyyən etdiyi vaxtda və məkanda qarşıya qoyulan tapşırıqları yerinə yetirmək üçün bütün imkanlara malikdir. ABŞ ordusunun arsenalının kifayət qədər güclü qalmasını təmin etməklə yanaşı, müxtəlif əməliyyat istiqamətlərində uğurlu missiyalar həyata keçirməyə davam edirik”.
Vaşinqtonda narahatlıq artır
Mənbələrin dediyinə görə, raket ehtiyatlarına dair rəqəmlər ötən həftə Tramp administrasiyasındakı müzakirələrin əsas mövzularından biri olub.
Digər mümkün böhranlara cavab vermək imkanını təhlükə altına salmadan İrana qarşı əməliyyatların nə qədər davam etdirilə biləcəyi əmüzakirə edilib.
Raket ehtiyatları niyə vacibdir?
Mənbələrdən biri bildirib ki, ATACMS və PrSM ehtiyatlarının azalması Tramp administrasiyasının İrandakı hədəfləri vurmaqda pilotlu aviasiyadan mümkün qədər az istifadə etmək strategiyasının nəticəsidir.
Analitiklərin fikrincə, bu raketlər uzaq məsafədən yüksək dəqiqliklə zərbə endirməyə imkan verdiyi üçün Çin kimi güclü HHM sisteminə malik rəqiblə mümkün müharibədə böyük əhəmiyyət daşıyır.
Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) mart ayında dərc etdiyi hesabata görə, bu raketlərdən İran ərazisindəki hədəflərə zərbələr endirmək üçün də istifadə olunub.
Hesabatda qeyd olunur ki, PrSM yeni silah sistemi olduğundan onun istehsal həcmi hələ məhduddur. Bununla belə, ABŞ ordusu 2027-ci il üçün bu raketlərin iri həcmdə tədarükünü sifariş edib.
Müdafiə silahlarının da sayı azalır
ABŞ Ordusu bildirir ki, ATACMS raketləri mərhələli şəkildə silahlanmadan çıxarılır, onların yerini daha müasir PrSM raketləri tutur.
İki mənbənin sözlərinə görə, hərbi rəhbərlik son həftələrdə Prezident Donald Trampa dəfələrlə xəbərdarlıq edib ki, “Patriot” zenit-raket komplekslərinin tutucu raketləri də daxil olmaqla, hava hücumundan müdafiə vasitələrinin ehtiyatı sürətlə azalır.
Ötən həftə bir sıra media orqanları yazmışdı ki, Trampın İrana qarşı növbəti genişmiqyaslı hücumdan imtina etməsi qismən də hərbi müşavirlərinin ABŞ arsenalının sürətlə tükənməsi barədə xəbərdarlıqları ilə əlaqəlidir.
Amma ABŞ rəsmilərindən biri bu məlumatı təkzib edib. Onun sözlərinə görə, Trampın imtina qərarında əsas amil Körfəz ölkələrinin Vaşinqtona diplomatik təzyiqi olub.
Yaxın Şərqdə davam edən münaqişə ABŞ-də Konqresin razılığı olmadan İrana qarşı hərbi əməliyyatlar aparmaq səlahiyyətinə dair geniş müzakirələrə səbəb olub. Bununla belə, Tramp müharibə elan etməsi və ya hərbi gücdən istifadəyə icazə verməsi üçün Konqresə rəsmi müraciət etməyib.
Hava hücumundan müdafiə ehtiyatları da tükənir
CSIS-in ötən həftə dərc etdiyi hesabata görə, fevral-iyul ayları ərzində ABŞ “Patriot” tutucu raketlərinin təxminən 65 faizini istifadə edib. Hesabata əsasən, THAAD sistemlərinin tutucu raket ehtiyatı isə müharibə başlayandan bu yana azı 38 faiz azalıb.
Ballistik raketləri aşkarlamaq və məhv etmək üçün nəzərdə tutulmuş “Patriot” və THAAD ABŞ-nin ən mühüm hava və raketdən müdafiə sistemləri hesab olunur.
Ölkənin daxili ehtiyatlarına dair rəqəmləri görmədiyini yazan “Reuters” iki mənbəyə əsasən qeyd edir ki, ümumən CSIS-in hesablamaları rəsmi məlumatlarla üst-üstə düşür.
Mənbələrdən birinin dediyinə görə, müharibə başlayandan bəri ABŞ əsasən döyüş gəmilərindən buraxılan “Tomahawk” qanadlı raketlərinin yarısından azını istifadə edib.
ABŞ Hərbi Dəniz Qüvvələrinin arsenalına daxil olan bu raketlər esmineslərdən, kreyserlərdən və sualtı qayıqlardan buraxılır. Uzun illərdir ki, “Tomahawk” yaxşı qorunan hədəflərə uzaq məsafədən, pilotları riskə atmadan zərbə endirən əsas silahlarından biri sayılır.
“Reuters” yazır ki, Pentaqon və RTX (ABŞ-nin aparıcı müdafiə və aerokosmik sənaye qurumlarından biri) korporasiyasının tərkibində fəaliyyət göstərən “Raytheon” şirkəti bu və digər raket növlərinin istehsalını artırmaqla bağlı ilkin razılığa gəliblər.
“Politfm”



