Ukraynanın Xarkov şəhərinə atılmış Şimali Koreya raketi; 6 yanvar 2024 (foto: “Ukrinform”)
Şimali Koreya (Koreya Xalq Demokratik Respublikası – KXDR) Rusiyanın qərbində raket bölməsi yerləşdirməyə başlayıb. Bölmənin Ukraynaya zərbələr endirmək üçün 120 ballistik raket və altı buraxıcı qurğu ilə təchiz olunduğu bildirilir.
“Reuters” agentliyi bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinə istinadən məlumat yayıb.
Ukrayna hazırda yüksək texnologiyalı hava hücumundan müdafiə (HHM) sistemlərinin ciddi çatışmazlığı ilə üzləşib. Rusiya isə vurulması daha çətin olan ballistik raketlərdən daha intensiv istifadə etməklə bu vəziyyətdən yararlanmağa çalışır.
Moskva 2023-cü ilin sonlarından etibarən Ukraynaya onlarla Şimali Koreya istehsalı olan ballistik raket atıb. Lakin Şimali Koreya raket bölməsinin Rusiyada yerləşdirilməsi Moskva ilə Pxenyan arasında onsuz da geniş olan hərbi əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir.
Voronej vilayətində yeni raket bölməsi
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəsmisi Andriy Çernyakın sözlərinə görə, Rusiya Şimali Koreyaya məxsus təxminən 90 nəfərlik raket bölməsini ölkənin qərbində – Voronej vilayətində dislokasiya etməyi planlaşdırır. Bildirilir ki, bölmə Rusiyanın 112-ci Raket Briqadasının tərkibində fəaliyyət göstərəcək.
Çernyak deyib ki, Pxenyan artıq Rusiyaya KN-23 və KN-24 tipli 40 ballistik raketdən ibarət yeni partiya, eləcə də şəxsi heyət göndərib. Onun sözlərinə görə, bölmənin dəqiq strukturu və Rusiyaya veriləcək raketlərin yekun sayı gələn ay keçiriləcək yüksək səviyyəli danışıqlarda müəyyənləşdiriləcək.
Çernyak əlavə edib ki, bu bölmə Şimali Koreyanın 120 ballistik raketi və altı buraxıcı qurğu ilə təchiz ediləcək.
KXDR hərbçilərinin Rusiyanın raket əməliyyatlarında konkret hansı vəzifələri yerinə yetirəcəyi hələlik məlum deyil. Bu yerləşdirmə Rusiyanın ötən həftə Ukraynaya Şimali Koreya istehsalı olan iki ballistik raket atması fonunda baş verir.
Ekspert xəbərdarlıq edir: HHM Ukraynanın zəif nöqtəsidir
Filadelfiyada yerləşən Xarici Siyasət Tədqiqatları İnstitutunun baş elmi işçisi Rob Li bildirib ki, Şimali Koreyanın Rusiyaya təqdim etdiyi bu imkanlar Kiyev üçün ciddi təhlükə yaradır.
“Ballistik raketlərə qarşı müdafiə Ukraynanın ən zəif sahələrindən biridir. Buna görə də istifadə olunan ballistik raketlərin sayının artması Ukrayna üçün vəziyyəti daha da çətinləşdirəcək” deyə, o bildirib.
Rob Li əlavə edib ki, əvvəlki illərdə olduğu kimi, bu qış da Rusiyanın Ukraynanın enerji infrastrukturuna, xüsusilə elektrik şəbəkəsinə intensiv zərbələr endirməsi ehtimalı yüksəkdir. Bu isə ölkənin hava hücumundan müdafiə imkanları ilə bağlı narahatlıqları artırır.
“Reuters” qeyd edir ki, Rusiya Müdafiə Nazirliyi və Şimali Koreyanın BMT yanındakı daimi nümayəndəliyi Çernyakın açıqlamasıyla bağlı sorğulara cavab verməyiblər.
Moskva və Pxenyan arasında genişlənən hərbi əməkdaşlıq
Rusiyanın 2022-ci ildə Ukraynaya qarşı başladığı genişmiqyaslı müharibədən sonra Şimali Koreya Moskvanın ən yaxın müttəfiqlərindən birinə çevrilib. KXDR və Rusiya 2024-cü ildə qarşılıqlı müdafiə haqqında saziş imzalayıblar.
Ukrayna rəsmilərinin məlumatına görə, Pxenyan Rusiyaya milyonlarla artilleriya mərmisi göndərib. Bundan əlavə, 2024-cü ildə Rusiyanın Kursk vilayətinə Ukraynanın hücumunun qarşısını almaq üçün 14 min hərbçi göndərib.
Ötən həftə Ukrayna hakimiyyəti Şimali Koreya istehsalı olan raketin ölkənin mərkəzində yerləşən Raduşne kəndində yaşayış evini dağıtdığını, nəticədə eyni ailənin azı beş üzvünün həlak olduğunu açıqlayıb.
Şimali Koreya raketləri: daha güclü, amma daha az dəqiq
Çernyak bildirib ki, ötən həftəki incident 2025-ci ilin avqustundan bəri Şimali Koreya raketlərindən ilk qeydə alınmış istifadəsidir. Onun sözlərinə görə, bu fakt Rusiyanın KXDR-dən yeni göndərilmiş 40 raketlik partiyadan istifadə etməyə başladığını göstərir və “Reuters”-in daha əvvəl yaydığı məlumatları təsdiqləyir.
Ukrayna hərbi mənbələrinin məlumatına əsasən, Şimali Koreyanın KN-23 və KN-24 raketləri Rusiyanın analoji “İsgəndər” raketlərindən daha böyük uçuş məsafəsinə və daha ağır döyüş başlığına malikdir. Bununla belə, onların dəqiqlik gösətriciləri daha aşağıdır və mülki itkilərlə nəticələnən zərbələrdə istifadə olunduğu bildirilir.
Ekspertlərin qiymətləndirməsinə görə, həm “İsgəndər”, həm də KN-23 və KN-24 raketlərini effektiv şəkildə yalnız ABŞ istehsalı olan “Patriot” HHM-ləri zərərsizləşdirə bilir. Şimali Koreya raketlərindən istifadənin artırılması Rusiyanın Ukraynanın məhdud HHM imkanlarını yükləməyə yönəlmiş taktikasının tərkib hissəsi hesab olunur.
Rusiya onları 2023-cü ilin sonlarından etibarən Ukraynaya atmağa başlayıb. Çernyakın sözlərinə görə, Şimali Koreya 2023-cü ilin sonundan 2025-ci ilin avqustuna qədər Rusiyaya bu tip 150 raket tədarük edib.
O bildirib ki, hazırda Rusiyanın Ukrayna ilə həmsərhəd Kursk vilayətində təxminən 9 500 Şimali Koreya hərbçisi yerləşdirilib. Lakin onlar hələlik Ukraynaya qarşı döyüş əməliyyatlarında birbaşa iştirak etmirlər.
Ukrayna Prezidenti Volodimir Zelenski ötən ay bəyan edib ki, Kreml Şimali Koreyanın daha 30 min hərbçi göndərməsini istəyir və Rusiya onları yerləşdirmək üçün Voronej vilayətində hazırlıq işləri aparır.
“Politfm”



