Qəzza, 8 oktyabr 2025 (foto:AP)

 

 

ABŞ Prezidenti Donald Tramp HƏMAS-ın tərksilah edilməsi və İsrail qoşunlarının Qəzza zolağından çıxarılması üzrə razılaşma əldə olunduğunu açıqlayıb.
“Razılaşma detallı şəkildə strukturlaşdırılmış mərhələlər üzrə həyata keçiriləcək” – Tramp sosial şəbəkədə belə yazıb.

“Tərksilah prosesi başa çatdıqca İsrail qoşunları geri çəkiləcək. Beynəlxalq Sabitləşdirmə Qüvvələri isə yeni yaradılacaq Fələstin polisi ilə birlikdə Qəzzada həm onun sakinlərinin, həm də qonşularının təhlükəsizliyinin təmin edilməsinə cavabdeh olacaq” deyə, o əlavə edib.

“Associated Press” agentliyi qeyd edir ki, Fələstin ərazisində müharibənin başa çatması üçün bir sıra maneələr və yerinə yetirilməli olan şərtlər var, ona görə də razılaşmanın icrası uzun çəkə bilər.

Doqquz ay əvvəl ABŞ-nin vasitəçiliyilə tətərflər arasında atəşkəs razılaşması imzalanıb. Bu müddət ərzində İsrail və HƏMAS arasında danışıqlar əsasən razılaşmanın ikinci mərhələsinin həyata keçirilməsi, o cümlədən HƏMAS-ın tərksilahı və Qəzzanın bərpası məsələlərində dalana dirənmişdi.

Trampın təqdim etdiyi 20 bəndlik atəşkəs planı HƏMAS döyüşçülərinin silahları təhvil verməsini və birliyin geniş yeraltı tunel şəbəkəsinin məhv edilməsini nəzərdə tutur. Plana həmçinin İsrail qoşunlarının Qəzzadan çıxarılması, texnokratlardan ibarət yeni Fələstin hökumətinin formalaşdırılması, beynəlxalq təhlükəsizlik qüvvələrinin yerləşdirilməsi və dağıdılmış Fələstin anklavının bərpası daxildir.

Cümə günü HƏMAS-ın nümayəndəsi atəşkəs razılaşmasının ən mühüm hissəsi sayılan tərksilah məsələsində razılıq əldə olunduğunu bildirib. İsrail tərəfi isə hələ ki heç bir açıqlama verməyib.

HƏMAS-ın tərksilah edilməsi üçün uzun və ya qeyri-müəyyən müddətlər təklif edilir

Trampın Qəzzada atəşkəsə nəzarət etmək üçün yaratdığı Sülh Şurasının rəsmiləri anonimlik şərtilə jurnalistlərə danışıqlar barədə məlumat veriblər. Onlar razılaşmanı son dərəcə nikbin qiymətləndirərək Trampın və yaxın köməkçilərinin Sülh Şurası yaradılarkən təqdim etdikləri ssenariyə yaxın plandan bəhs ediblər.

Rəsmilər HƏMAS-ın və Qəzzada fəaliyyət göstərən digər silahlı qrupların, o cümlədən Fələstin İslam Cihadının tərksilahı üçün konkret vaxt cədvəli açıqlamayıblar. Bununla belə, bildiriblər ki, Qəzza polisi yaxın iki həftə ərzində silahlarını Sülh Şurasının dəstəklədiyi texnokrat administrasiyaya təhvil verəcək.

Amma rəsmilərin bildirdiyinə görə, HƏMAS döyüşçülərinin böyük əksəriyyəti Qəzza polisinin tərkibinə daxil deyil və ağır silahlar razılaşmanın bu hissəsinə daxil edilməyib.
Onlar qeyd edirlər ki, həmin silahların təhvil verilməsi, HƏMAS-ın tunellərinin və digər hərbi infrastrukturunun ləğvi sonrakı mərhələdə həyata keçiriləcək və bu proses 200 gündən 350 günədək davam edə bilər.

İsrail razılaşmaya skeptik yanaşır

ABŞ rəsmisi bildirib ki, HƏMAS-ın silahdan imtina edəcəyinə və ya heç olmasa, Qəzza üzərində qeyri-rəsmi nəzarətindən əl çəkəcəyinə ciddi şübhə ilə yanaşan İsrail danışıqların bütün mərhələləri barədə məlumatlandırılıb və məsləhətləşmələrdə iştirak edib.
Onun sözlərinə görə, İsraildən yalnız Trampın 20 bəndlik planı üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək tələb olunur. Bu öhdəliklər İsrail qoşunlarının Qəzza zolağından çıxarılmasını və əraziyə hava zərbələrinin dayandırılmasını nəzərdə tutur.
ABŞ rəsmisi qeyd edib ki, İsrail razılaşmaya əməl etməsə, Tramp bundan “çox-çox məyus olacaq”.

Trampla İsrailin Baş naziri Benyamin Netanyahu çərşənbə axşamı Ağ Evdə görüşsələr də, İranla müharibə başlayandan sonra baş tutmuş bu ilk tetatet görüşdə müzakirə olunan məsələlər barədə geniş açıqlama verməyiblər. İsrailin BMT-dəki daimi nümayəndəliyi isə hələ ki məsələni şərh etməyib.

ABŞ rəsmisi əlavə edib ki, İran prosesdə hələ də qeyri-müəyyən amil olaraq qalır. Onun sözlərinə görə, Tehran HƏMAS-a razılaşmanı qəbul etməməyi tövsiyə etsə də, ABŞ ilə münaqişəyə cəlb olunduğu üçün təşkilata ciddi dəstək göstərmək imkanına malik deyil.

Daha əvvəl HƏMAS israr edirdi ki, silahların təhvil verilməsiylə bağlı müzakirələrə keçməzdən əvvəl atəşkəsin birinci mərhələsi reallaşdırılsın. Təşkilatın nizamnaməsi İsrailə qarşı silahlı mübarizəni nəzərdə tutur və HƏMAS raketlərdən, o cümlədən tank əleyhinə raketlərdən və partlayıcı sursatdan ibarət arsenalından imtina etməyə həvəsli deyil.

Amma qurum bu ayın əvvəlində Qəzzadakı hökumətini buraxdığını və atəşkəs razılaşması çərçivəsində idarəçiliyi BMT-nin dəstəklədiyi texniki komitəyə təhvil verməyə hazırlaşdığını açıqlamışdı.

Qəzza müharibəsi 2023-cü il oktyabrın 7-də HƏMAS döyüşçülərinin İsrailin cənubuna hücumu ilə başlayıb. Həmin hücum nəticəsində təxminən 1200 nəfər həlak olub, 251 nəfər isə girov götürülüb.

Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin cavab əməliyyatları nəticəsində, o cümlədən atəşkəs dövründən sonra 73 mindən çox fələstinli həlak olub.
Hazırda İsrail ordusu Qəzza zolağının yarıdan çoxuna nəzarət edir. Nəticədə yüz minlərlə fələstinli çadır düşərgələrində və ağır dağıntılara məruz qalmış yaşayış məntəqələrində məhdud şəraitdə yaşamaq məcburiyyətində qalıb.

“Politfm”