Foto: internet
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda nağd xarici valyutanın satışı alışını 482 milyon ABŞ dolları üstələyib.
Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat verib.
Bildirilir ki, bu tendensiya həm nağd, həm də qeyri-nağd valyuta bazarında müşahidə olunub.
Bundan başqa, rezident fiziki şəxslərin əmanətlərində xarici valyutanın payı son 12 ayda 3,8 faiz bəndi azalaraq may ayında 25,6 %-ə düşüb.
Bu göstəricilər əhalinin əmanətlərində xarici valyutanın payının azaldığını göstərir.
Nağd valyuta bazarında satışın alışdan çox olması isə bazarda xarici valyuta təklifinin tələbi üstələdiyini göstərir.
Mərkəzi Bankın məlumatına görə, valyuta ehtiyatları da 2,2 milyard ABŞ dolları və ya 19,5 % artaraq 13,8 milyard ABŞ dollarına çatıb.
Valyuta ehtiyatlarının artımı AMB-nin xarici valyuta mövqeyini gücləndirən amillərdən biri hesab olunur.
Əmanətlərin dollarlaşma səviyyəsinin azalması, adətən, devalvasiya gözləntilərinin zəifləməsi və milli valyutada əmanətlərin daha yüksək gəlirliliyi ilə əlaqələndirilir.
“Politfm”



