İnsanlar Mərakeşdən İspaniyanın Seuta anklavına keçməyə çalışırlar; 30 iyul 2026 (foto:AP)
Mərakeşdən İspaniyanın Seuta anklavına keçməyə çalışan minlərlə insanın ən azı 24-ü həlak olub. Cəmi bir neçə saat ərzində 40 mindən çox insanın bu kiçik əraziyə daxil olması Madrid hökuməti üçün humanitar böhran yaradıb və digər Aİ ölkələrinin sərt tənqidlərinə səbəb olub.
Bu barədə “The Guardian” məlumat verib.
Nəşr yazır ki, Seutaya gələnlərin bir qismi qonşu Mərakeşdən dəniz yolu ilə keçib, digərləri isə hündür sərhəd hasarını aşmağa çalışıb. Əhalisi 85 min nəfər olan şəhər bu qədər geniş miqyaslı axına hazır olmayıb. Yerli polis assosiasiyalarından biri vəziyyəti “ciddi humanitar böhran” adlandırıb.
İspaniyanın Baş naziri Pedro Sançes cümə günü daxili işlər naziri Fernando Qrande-Marlaska ilə birlikdə Seutaya gedib. Müxalifət nümayəndələri və Avropa ölkələri ondan təcili və hərtərəfli cavab tələb edirlər.
Son hadisənin miqyası 2021-ci ilin mayında baş verən kütləvi keçidi xeyli üstələyir. Həmin vaxt Mərakeşin sərhəd nəzarətini zəiflətməsindən istifadə edən 10 minə yaxın insan iki gün ərzində Seutaya daxil olmuşdu.
O zaman baş verən böhran Madridlə Rabat arasında diplomatik gərginliyin artdığı dövrə təsadüf etmişdi. Səbəb İspaniyanın Qərbi Sahara müstəqilliyi uğrunda mübarizə aparan POLİSARİO Cəbhəsinin liderinə ölkədə COVID-19 virusundan müalicə almağa icazə verməsi idi.
Mərakeş və POLİSARİO Cəbhəsi 1975-ci ilə qədər İspaniyanın müstəmləkəsi olan Qərbi Sahara ərazisinə iddia edirlər. Həmin il İspaniya bölgədən çıxıb və ərazi Mərakeşlə Mavritaniyanın nəzarətinə keçib.
Diplomatik böhran 2022-ci ildə Madridin mövqeyini dəyişməsi ilə başa çatıb. İspaniya uzun illər davam etdirdiyi neytral siyasətdən imtina edərək Mərakeşin Qərbi Sahara ilə bağlı planını dəstəkləyib. Bu qərar POLİSARİO Cəbhəsini dəstəkləyən Əlcəzairlə İspaniya arasında münasibətlərin gərginləşməsinə səbəb olub.
Sançes iyulun 20-də Əlcəzairə səfər edib. Bu, İspaniya hökumət başçısının həmin ölkəyə dörd ildən sonra ilk səfəri olub və Madridlə Əlcəzair arasında münasibətlərdə yaxınlaşma əlaməti kimi qiymətləndirilib.
Mərakeş hökumətindəki mənbələr “Europa Press” agentliyinə bildiriblər ki, Seutaya keçənlərin sayının artması “cinayətkar təşkilatların fəaliyyəti” ilə bağlıdır. Onlar Rabatın (hökumətin) İspaniya ilə əməkdaşlığının “nümunəvi” olaraq qaldığını vurğulayıblar.
İspaniyanın ərazi siyasəti naziri Anxel Viktor Torres bildirib ki, vəziyyətin gərginləşməsinə İspaniya Ali Məhkəməsinin bu ay qəbul etdiyi qərar təsir etmiş ola bilər.
Məhkəmə qərara alıb ki, Seutaya və ya İspaniyanın Şimali Afrikadakı digər anklavı Melilyaya keçməyə cəhd edərkən dənizdə saxlanılan miqrantlar xüsusi qaydada geri göndərilə bilməz.
İspaniyanın Daxili İşlər Nazirliyi cümə axşamı Seutaya 60 hərbçinin və əlavə olaraq 30 Milli Qvardiya əməkdaşının göndəriləcəyini açıqlayıb. Nazirlik bildirib ki, hərbçilər Seutada təhlükəsizliyin təmin olunması və zəruri tədbirlərin həyata keçirilməsi zamanı Milli Qvardiyaya dəstək verəcəklər.
Lakin şəhər çox sayda insanın gəlişi nəticəsində yaranmış yeni vəziyyətlə mübarizə aparmağa çalışdığı üçün hadisələrin gedişi sürətlə dəyişir.
Milli Qvardiya əməkdaşlarını təmsil edən yerli polis assosiasiyalarından birinin rəhbəri Rəşid Sbihi vəziyyəti “ciddi humanitar böhran” adlandırıb.
O, insanların Seutaya gəlməyə davam etdiyini deyib. Göndərilən əlavə qüvvələr isə əsasən yaralılara yardım göstərirlər. Onlar digər humanitar tədbirlərə də cəlb olunublar.
Sbihinin sözlərinə görə, minlərlə insan, o cümlədən müşayiətsiz uşaqlar gecələmək üçün yer tapmayaraq parklarda və səkilərdə qalır. Digər insanlar isə küçələrdə məqsədsiz şəkildə dolaşmaqla məşğuldurlar.
“Burada xaos hökm sürür” deyə, Sbihi əlavə edib.
Onun sözlərinə görə, ölən 18 nəfərin əksəriyyəti boğularaq həyatını itirib. Bəzilərisə Taraxal çimərliyində dalğaqıranı keçməyə çalışan zaman həlak olub.
Seuta və Melilya Avropa İttifaqının Afrika qitəsi ilə yeganə quru sərhədi olan əraziləridir. Avropaya getmək istəyənlər hər iki ərazidə vaxtaşırı sərhədi keçməyə cəhd edirlər.
Seutanın meri Xuan Xesus sərhəd təhlükəsizliyinin və sakinlərin qorunması üçün əlavə polis və hərbi qüvvələrin göndərilməsini tələb edib.
O, həmçinin mərkəzi hökuməti ölkə üzrə fövqəladə vəziyyət elan etməyə çağırıb.
Lakin hökumət bu tələbi rədd edib. Bildirilib ki, miqrasiya məsələlərinə görə fövqəladə vəziyyət elan etmək nəzərdə tutulmayıb. Belə rejim yalnız meşə yanğınları kimi ciddi təbii fəlakətlər, yaxud vulkan və nüvə təhlükəsi zamanı tətbiq oluna bilər.
İspaniyanın xarici işlər naziri Xose Manuel Albarez isə cümə günü İtaliyanın Madriddəki səfirini XİN-ə çağırıb. Buna səbəb İtaliyanın Baş naziri Corcia Meloninin İspaniyanı Şengen zonasından çıxarmağı tələb etməsi olub.
Meloni İtaliyanın sərhədlərini qorumaq üçün “fövqəladə tədbirlər” görməyə hazır olduğunu bildirib. O, Seutada baş verənləri “şokedici” adlandırıb və deyib ki, “Qanunsuz miqrasiya Avropanın sərhəd təhlükəsizliyi üçün real təhdiddir”.
Fransanın daxili işlər naziri Loran Nunes İspaniya ilə sərhəddə nəzarətin gücləndirilməsi barədə göstəriş verdiyini bildirib.
Fransanın keçmiş baş naziri Mişel Barnye isə daha sərt mövqe sərgiləyib. O bildirib ki, Fransa “qonşu ölkələrin miqrasiya siyasəti ilə bağlı qərarlarının nəticələrini qəbul edə bilməz”.
Barnye həmçinin İspaniyanın miqrantların statusunun tənzimlənməsi proqramını tənqid edib:
“Əgər Aİ-yə üzv ölkələrdən biri miqrasiyanı artıran qərarlar qəbul edirsə, biz sərhədlərimizi dərhal qorumalıyıq. Miqrasiyanı idarə etmək Avropa ölkələri arasında suverenliyin, təhlükəsizliyin və etimadın əsas şərtidir”.
İsveçin Baş naziri Ulf Kristersson İspaniyanı “vəziyyətə nəzarəti bərpa etmək üçün tez hərəkət etməyə və Şengen əməkdaşlığı çərçivəsində öhdəliklərini yerinə yetirməyə” çağırıb.
Finlandiyanın daxili işlər naziri Mari Rantanen isə bildirib ki, “İspaniya Şengen zonasının xarici sərhədini tam qoruya bilmədiyi üçün” bütün Aİ ölkələri İspaniyanın Şengen zonasından çıxarılması təklifini dəstəkləməlidir.
İspaniyada müxalif Xalq Partiyası (PP) Sançesi daha sərt tədbirlər görməyə çağırıb.
Təşkilatın lideri Alberto Nunes Feyxu “X” platformasında yazıb:
“İnsanlar gecə boyu Seutaya gəlməkdə davam edib. Hadisə yerində olanlar şəhəri “işğal olunmuş” vəziyyətdə təsvir edir. Buna baxmayaraq vəziyyətin qarşısını almaq üçün kifayət qədər tədbir görülmür”.
İfrat sağçı “Vox” partiyası baş verənləri “işğal” adlandırıb.
“Politfm”



