ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana zərbələr endirdiyini açıqlayıb; naməlum ərazi, İran; 29 iyul 2026 (foto-skrinşot: CENTCOM/ “Reuters” vasitəsilə).

 

 

 

İran dövlət mediasının yaydığı son məlumatlara görə, Hörmüz boğazında yerləşən Qeşm adasına ABŞ hərbçilərinin endirdiyi zərbələr nəticəsində ən azı üç nəfər həlak olub. Adada partlayış səslərinin eşidildiyi və zərbələrdən birinin yaşayış massivinə düşdüyü bildirilir. İran dövlət televiziyası (IRIB) hazırda ərazidə axtarış-xilasetmə əməliyyatlarının aparıldığını əks etdirən görüntülər yayımlayıb.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) isə yaydığı bəyanatda mülki şəxslərin hədəf alınmadığını vurğulayaraq əməliyyatlar çərçivəsində onlarla hərbi obyektin – komandanlıq mərkəzlərinin, raket və dron obyektlərinin, sahil mühafizə və hücum sistemlərinin vurulduğunu bildirib.

İran İslam İnqilabı Keşikçiləri Korpusu isə Qeşm adasına zərbələrə cavab oalraq İordaniyadakı Əl-Əzrəq aviabazasına zərbələr endirdiyini, ABŞ-nin 3 ədəd “F-35” qırıcısını məhv etdiyini, 3-nü zədələdiyini və bir neçə hərbçinin həlak olduğunu iddia edib. 

Qarşılıqla zərbələr fonunda hadisələrin coğrafiyası sürətlə genişlənir. Böyük Britaniyanın “Ambrey” dəniz təhlükəsizliyi şirkətinin məlumatına görə, Misirin Domyat limanında ABŞ-yə məxsus qazsaxlama tankerinə PUA zərbəsi endirilib. Hadisə nəticəsində “Energos Winter” gəmisində başlayan yanğın yaxınlıqdakı “Gaslog Salem” gəmisinə də keçib. Misir Neft Nazirliyi yanğın faktını təsdiqləsə də, dron hücumu barədə məlumat verməyib.

İordaniya Silahlı Qüvvələri İran tərəfindən atılan beş raketin zərərsizləşdirildiyini açıqlayıb. Bundan əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniyadakı ABŞ aviabazasına və hərbi mərkəzinə raket zərbələri endirdiyini bəyan etmişdi.

Ekspertlər ABŞ və Səudiyyə Ərəbistanının İraqdakı İran yönümlü qruplaşmalara endirdiyi cavab zərbələrindən sonra regionda hərbi gərginliyin kritik həddə çatdığını bildirirlər.

“Reuters”