Lvov, Ukrayna, 30 iyul 2026 (foto:AFP)
Rusiyanın hava zərbələri cümə axşamı günü Ukraynada, o cümlədən Kiyevdə bir nəfər olmaqla, azı 13 nəfərin ölümünə səbəb olub, Lvov şəhərinə qədər çataraq qonşu Polşanı havaya qırıcı təyyarələr qaldırmağa məcbur edib.
Bu barədə “Reuters” məlumat yayıb.
Bu hücumlar Prezident Volodimir Zelenskinin ABŞ-dən qayıtdığı vaxta təsadüf edib. Daha əvvəl o, Amerika Prezidenti Donald Trampın Ukraynaya “Patriot” raketləri üçün lisenziya verməyə razılaşdığını açıqlamışdı.
Ukraynanın əksər regionlarında hava həyəcanı elan olunub.
Kiyev şəhərinin meri Vitali Kliçko bir neçə qeyri-yaşayış obyektində yanğın baş verdiyini bildirib.
Fövqəladə Hallar Xidmətinin məlumatına görə, paytaxtda bir nəfər həlak olub, iki nəfər yaralanıb. Dnipropetrovsk və Poltava vilayətlərində isə ikisi uşaq olmaqla daha altı nəfər həyatını itirib.
Krivoy Roq şəhərində həlak olan altı nəfər arasında 5 və 12 yaşlı iki qız uşağı da var. Şəhərin Müdafiə Şurasının rəhbəri Oleksandr Vilkul bildirib ki, Rusiya “İskander-M” ballistik raketləri ilə zərbələr endirib.
O əlavə edib ki, Rusiyanın Voronej vilayətindən atılan raket çoxuşaqlı bir ailənin evini vurub. Vikulun sözlərinə görə, xilasedicilər dağıntıları təmizlədikcə, ölü sayı arta bilər.
Polşaya yaxın Lvov şəhərində Rusiya raketləri iki yaşayış binasını zədələyib, nəticədə 26 nəfər yaralanıb.
Daha əvvəl Zelenski Rusiyanın kütləvi hücuma hazırlaşıdığı barədə xəbərdarlıq edərək yazmışdı ki, ukraynalıların təhlükəsizliyi müttəfiqlərin onları raket əleyhinə müdafiə vasitələrilə təmin etmək istəyindən asılıdır.
Rusiyanın Müdafiə Nazirliyi Kiyevdən Lvova və Dnepropetrovska qədər olan ərazilərin, habelə üç yük gəmisinin vurulduğunu açıqlayıb.
Avropa İttifaqı və NATO üzvü olan Polşanın Silahlı Qüvvələri hava məkanını qorumaq üçün havaya qırıcı təyyarələr qaldırıldığını açıqlayıb. Polşanın Ukrayna sərhədinə yaxın Lyublin regionunun Bildoraj qəzasında güclü partlayış səsi eşdilib, tarlada naməlum obyektə aid krater və səpələnmiş qalıqlar aşkar edilib. Bu barədə bölgə polisi məlumat yayıb.
Rusiyanın ən böyük onlayn pərakəndə satış şirkətinə hücumlar davam edir
Ukrayna dronları Rusiyanın ən böyük onlayn pərakəndə satış şirkəti olan “Wildberries”-in Penza şəhərindəki anbarını vurublar. Regionun qubernatoru Oleq Melniçenko bu barədə “Telegram”da yazıb.
O, bir nəfərin xəsarət aldığını, təxminən 200 nəfərinsə ərazidən təxliyə edildiyini bildirib.
Şirkət rəhbərliyi və yerli hakimiyyət orqanlarının nümayəndələri bildirirlər ki, son zamanlar dron zərbələri “Wildberries”-in onlarla anbarına ziyan vurub, saxlanma tutumunun təxminən 10%-ni məhv edib və platformadan istifadə edən on minlərlə kiçik biznesə zərər vurub.
Rusiyanın ən böyük bankı olan “Sberbank” xəbərdarlıq edib ki, “Wildberries”-ə hücumlar onlayn satıcıların və onların təchizatçılarının maliyyəsinə zərbə vurduğu üçün kredit itkiləri üzrə ehtiyatları artırmalı ola bilər.
Rusiya Müdafiə Nazirliyi gecə ərzində ümumilikdə 258 dron vurduğunu açıqlayıb. Bu statistika Rusiyanın işğalı altında olan Ukrayna ərazilərini də əhatə edir.
“Politfm”



