Foto: “Armenpress”
Ermənistanın Baş Prokurorluğu ölkənin ikinci prezidenti Robert Koçaryandan və onunla əlaqəli şəxslərdən dövlətin xeyrinə 22 daşınmaz əmlakın müsadirəsini tələb edir.
Bu barədə “Arminfo” məlumat yayıb.
Baş Pokurorluq həmin obyektlərdən 19-nun orta bazar dəyərinin 11 milyard 154 milyon 790 min dram təşkil etdiyini açıqlayıb.
Qurum həmçinin 3 milyon 84 min 965 ABŞ dolları və 985 milyon 190 min 729 dram məbləğində istiqrazların, 1 milyon 405 min 59 ABŞ dollarından və 200 milyon dramdan çox bank depozitlərinin də müsadirəsini tələb edir.
İddia ərizəsinə 13 hüquqi şəxsdə paylar, o cümlədən “Toyota Yerevan” MMC, “Nairi Insurance” MMC və digər şirkətlərdəki iştirak payları, həmçinin daha 4 hüquqi şəxsdə payların əldə olunmasına çəkilmiş xərclər də daxil edilib.
Tələbdə həmçinin 4 milyon 25 min 914 ABŞ dolları, 8 milyard 302 milyon 16 min 732 dram, 260 milyon 452 min 574 rubl və 589 min 741 avro məbləğində kredit tələbi hüquqlarının, iki nəqliyyat vasitəsinin, eləcə də 3 milyard 822 milyon 451 min 103 drama ekvivalent məbləğdə əmlakın əldə edilməsinə çəkilmiş xərclərin müsadirəsi istənilir.
Baş Prokurorluğun tələbinin ümumi məbləği təxminən 53,5 milyon ABŞ dollarına (19,56 milyard dram) bərabərdir. Bundan əlavə, cinayət işi üzrə ödənilmiş girovun qanunsuz hesab edilən hissəsi – təxminən 1,37 milyon ABŞ dollarına (502,4 milyon dram) bərabər məbləğin də dövlətə verilməsi tələb olunur.
Qeyd olunur ki, cavabdehlər arasında Robert və Bella Koçaryan, Sedrak Koçaryan və Zarui Badalyan, Levon və Siranuş Koçaryan, Qayane Koçaryan və Vigen Çatinyan da var.
İstintaqın versiyasına görə, müsadirəsi tələb olunan əmlak və vəsaitlərin qanuni gəlirlərlə əldə edildiyi əsaslandırılmayıb.
Robert Koçaryanın ailəsi bütün ittihamları rədd edir. Ailə əmlakın qanuni yolla əldə olunduğunu bildirir və məhkəmə prosesinin siyasi motivli olduğunu bəyan edir.
“Politfm”



