İranın xarici işlər naziri Abbas Əraqçi (foto:”Reuters”)

 

İran Xəzər dənizindəki gəmisinə Ukraynanın endirdiyi zərbəyə cavab olaraq bu ölkənin limanlarından birinə ballistik raket atmaq istəyib, amma gərginliyin azaldılması istiqamətindəki “intensiv diplomatik səylər” nəticəsində bundan vaz keçib.

“The New York Times” İran və Qərb mənbələrinə istinadən belə yazıb.

Daha əvvəl Ukraynanın xarici işlər naziri Andriy Sibiqa İranın xarici işlər naziri Abbas Əraqçi ilə danışığını bildirmiş, qeyd etmişdi ki, Ukraynanın fəaliyyəti “yalnız ölkəsini Rusiyanın təcavüzündən müdafiə etməyə yönəlib və heç vaxt mülki gəmilərə və ya insanlara qarşı olmayıb”.

O həmçinin vurğulamışdı ki, Ukrayna gərginliyin artmasında maraqlı deyil.
Bu sözləri İran gəmisinin qəsdən vurulmadığının etirafı kimi qiymətləndirən Əraqçi isə demişdi ki, Tehran da eskalasiya istəmir, amma Ukraynadan vurulan zərərin kompensasiyasını tələb edir.

NYT-nin yazdığına görə, “kəşfiyyat məlumatları ilə tanış olan bəzi şəxslər” İranın Ukraynaya kiçik döyüş başlığı ilə təchiz edilmiş ballistik raket atmağa hazırlaşdığını bildiriblər. Məqsəd böyük dağıntılar törətməkdən daha çox, simvolik bir cavab vermək olub. Amma nəşrə danışan mənbələr onu da qeyd ediblər ki, İrandan Ukrayna istiqamətinə atılacaq istənilən raket müharibənin daha da genişlənməsinə səbəb ola bilər.

İyulun 25-də Ukrayna Prezidenti Volodimir Zelenski Xəzər dənizində həyata keçirilən uzaqmənzilli zərbələrin “çox yaxşı nəticələr” verdiyini bildirib. Onun sözlərinə görə, həmin əməliyyat zamanı İrandan hərbi yüklər daşıyan gəmilər vurulub. Amma Ukrayna prezidenti məhz İran gəmisinə zərbə endirildiyini deməyib.

Elə həmin gün Ukraynanı öz ticarət gəmisinə hücum etməkdə ittiham edən İran bir dənizçinin həlak olduğunu açıqlayıb. Tehran “özünümüdafiə hüququna” malik olduğunu bəyan edərək Ukraynanı “İsrailin sifarişi ilə Avropanı müharibəyə cəlb etməyə çalışmaqda” günahlandırıb.

Ardınca Zelenski bəyan edib ki, İran əvvəllər də Rusiyaya silah tədarük etməklə faktiki olaraq Ukraynaya qarşı hücum edib.
Bundan başqa, o, Rusiyanı ABŞ ilə qarşıdurmada İrana yardım etməkdə ittiham edib.

“Politfm”