Foto: EPA

 

 

BMT-nin İqlim Dəyişikliyi üzrə icraçı katibi Saymon Still dünyanın bir çox yerinə, o cümlədən Fransa, İspaniya və digər Avropa ölkələrində geniş əraziləri əhatə edən meşə yanğınlarına diqqət çəkərək bildirib ki, ekstremal hava hadisələrinin getdikcə daha tez-tez və daha dağıdıcı xarakter alması fosil yanacaqlardan imtinanın sürətləndirilməsini zəruri edir.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının saytında yayımlanan açıqlamasında Still qeyd edib ki, “Artıq dünyanın hər yerindən iqlim böhranı ilə bağlı xəbərdarlıqlar gəlir. Bəşəriyyətin kömür, neft və qazdan asılılığının yaratdığı ağır nəticələr getdikcə artır və bunun fonunda iqlim fəlakətləri qorxulu miqyas alır”.

“Qəddar” isti

Stillin sözlərinə görə, son iki həftədə Avropada baş verən rekord meşə yanğınlarından əvvəl qitə uzun sürən “qəddar” istinin təsiri altında qalıb. Bu hadisələr iqlim dəyişikliyinin infrastruktur və yerli iqtisadiyyat üzərində yaratdığı təzyiqi bir daha nümayiş etdirir.
O bildirib ki, bu həftə havanın temperaturunun yenidən kəskin yüksələcəyi gözlənilir.
“İqlim böhranının həm insan həyatı, həm də iqtisadiyyat üçün yaratdığı ağır nəticələr artıq bir çox ölkədə milli fövqəladə vəziyyət səviyyəsinə çatıb”.

Şimali Afrikada vəziyyət daha ağırdır

BMT rəsmisi qeyd edib ki, Şimali Afrikada temperaturun 49 dərəcəyə yaxınlaşması insanların həyatına və dolanışıq imkanlarına ciddi təhlükə yaradır.

Onun sözlərinə görə, Çilidə baş verən güclü fırtınalar, Yaponiyada rekord həddə çatan istilər də cəmiyyətlər üzərində böyük təzyiq formalaşdırır.

“Dünya sürətlə istiləşir. Fosil yanacaqlardan təmiz enerjiyə keçidin ləng getməsi və meşələrin qorunması istiqamətində kifayət qədər tədbir görülməməsi nəticəsində bu cür fəlakətlər artıq milyardlarla insanın gündəlik reallığına çevrilib” deyən Still vurğulayıb ki, elmi araşdırmalar bunun səbəbini çox açıq göstərir:

“Kömür, neft və qazın yandırılması nəticəsində yaranan qlobal istiləşmə uzunmüddətli isti hava dalğalarını, güclü daşqınları və dağıdıcı fırtınaları daha tez-tez baş verən, daha şiddətli və daha böyük iqtisadi itkilərə səbəb olan hadisələrə çevirir”.

“Kömür, neft və qazdan daha sürətlə imtina edilməlidir”

Still bildirib ki, iqlim böhranının təsirlərini azaltmağın əsas yolu fosil yanacaqlardan asılılığı minimuma endirməkdir. Bununla yanaşı, iqlim dəyişikliyinin təsirlərini artıq hiss edən icmaların müdafiəsi üçün də əlavə tədbirlər görülməlidir.

“Kömür, neft və qazdan daha sürətlə imtina etməli, bərpa olunan enerji mənbələrinin istifadəsini genişləndirməli və iqlim dəyişikliyindən ən çox zərər çəkən insanların qorunmasına daha çox diqqət ayırmalıyıq”.

O qeyd edib ki, iqlim böhranının ön xəttində olan ölkələr bu keçidi böhranın tələb etdiyi sürət və miqyasda həyata keçirə bilmək üçün beynəlxalq dəstəyə ehtiyac duyurlar.

“Politfm”