İllüstrasiya: “Reuters”

 


Artıq beşinci ildir ki, davam edən Ukrayna müharibəsi ucuz, amma təhlükəli PUA-larla döyüşlərin üstünlük təşkil etdiyi ilk böyük münaqişəyə çevrilib. Ukraynadakı 1200 kilometrlik cəbhə xəttində ölüm saçan bu cihazlardan yayınmaq üçün amansız gizlənpaç oyunu gedir.

“Reuters” agentliyi bu “oyunun” əsas xüsusiyyətləri barədə yazıb.

Böyük ordulardan kiçik qruplara

Həm Ukrayna, həm də işğalçı Rusiya cəbhədə yeni texnologiyaları fasiləsiz olaraq təkmilləşdirirlər. Hər iki tərəf cəbhə xətti boyunca nisbətən kiçik bir ərazidə qoşun, nəqliyyat vasitələri və artilleriya toplamaq kimi köhnə taktikalardan imtina etmək məcburiyyətində qalıb. Çünki görünən hədəflər dronlar üçün asan şikara çevrilir.

Bunun əvəzinə cəbhə xəttinin hər iki tərəfində cəmi iki-üç əsgərdən ibarət qruplar kilometrlərlə uzanan nəhəng ölüm zonasına səpələnərək kiçik qazma sığınacaqlarda gizlənirlər. Ukraynanın “Madyarın quşları” adlı aparıcı dron briqadasının zabiti deyirlər ki, piyadalar çox vaxt sadəcə gözləmə mövqeyi tuturlar, mövqelərini bəlli edə biləcək birbaşa döyüşlərdən yayınır, hücum üçün dron dəstəyi çağırırlar.

Ekran arxasındakı qatillər – FPV dronları

Dronlar ölüm zonasında və ya daha uzaqda gizlənmiş, onları oyun pultlarına bənzər vasitələrlə idarə edən operatorlar tərəfindən yönləndirilir. Bu PUA-ların əksəriyyəti pilotun mənzərəni real vaxt rejimində və cihazın baxış bucağından görməsinə imkan verən FPV (birinci şəxsin baxışı) aparatlarıdır. Onlar ya radio siqnalları, ya da dronların arxasınca uzanan uzun və çox nazik fiber-optik kabellər vasitəsilə idarə olunur.

Rusiyada müharibənin işıqlandırılmasına qoyulan sərt məhdudiyyətlərə görə “Reuters” bu ölkənin hərbçilərindən müsahibə ala bilməyib. Rusiya Müdafiə Nazirliyi isə yeni döyüş taktikalarıyla bağlı suallara cavab verməyib.

Döyüş meydanında Rusiya daha çox hücumlara və Ukraynanın bu hücumların qarşısını almaq cəhdlərinə diqqət yetirir. Ukrayna tərəfi isə təchizat xətlərinə, şəxsi heyətin əvəzlənməsinə (rotasiyaya) və təxliyələrə fokuslanır.

Sızma taktikası

İndi yeni mövqelər qazanmaq ciddi təhlükələrlə müşayət olunur və bir çox hallarda kiçik bir ərazi üçün böyük risklər tələb edir.
Cəbhənin hər hansı bir hissəsindəki ölüm zonasının sahəsi bir çox amillərdən, o cümlədən relyefdən və həmin ərazidəki dron bölmələrinin keyfiyyətindən asılı olur.

Mexanikləşdirilmiş ağır manevrlər dövrü geridə qalıb; bir neçə min dollar dəyərində olan bir dron milyonlarla dollar dəyərində olan tankı sıradan çıxara bilir. Üstüaçıq uzun səngərlər də artıq öz əhəmiyyətini itirib.

Rusiya qüvvələri əsasən müdafiənin seyrək olduğu yerlərə sızaraq ərazi tuta bilirlər. Ukraynanın kifayət qədər əsgəri yoxdur deyə, USQ-nin piyadaları döyüş meydanına seyrək şəkildə səpələniblər, bu isə sahədə geniş boşluqlar yaradır.

Bir-iki Rusiya hərbçisi Ukraynanın nəzarətində olan ərazidə boş bir bina və ya bunker tapanda, daha bir neçə əsgərin onlara qoşulmasını gözləyərək orada bir neçə gün qala bilir.
“10 gün ərzində orda beş Rusiya əsgəri toplaşır. Vəssalam, onlar artıq bir mövqeyi ələ keçirmiş olurlar” – Ukraynanın “Luit” briqadasının komandir müavini Roman Polişşuk belə deyir.

Böyük itkilər və pilot ovu

Bu müharibədə canlı qüvvə itkisi həddindən artıq çoxdur və indi ölümlərin, yaralanmaların mütləq əksəriyyətinə dronlar səbəb olur. Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) hesablamalarına görə, 2022-ci ilin əvvəlindən bəri 2 milyona yaxın əsgər həlak olub, yaralanıb və ya itkin düşüb. Onların 1.4 milyonu Rusiya hərbçiləridir.

Ukraynanın 59-cu Həmlə Briqadasında batalyon komandirinin müavini olan zabit dronların amansız təqibini belə təsvir edir:
“Əgər dron bir piyadanı aşkar etdisə, artıq ondan əl çəkməyəcək”.

Ukraynanın “Kraken” PUA alayının komandir müavini Danylo Poloşuxno isə deyir ki, dron müharibəsi dövründə ən dəyərli hədəf pilotların özlərilərdir:
“Biz onları tapır və məhv edirik”.

“Politfm”