Foto: internet
Azərbaycanda 2026–2030-cu illərdə məşğulluq siyasətinin əsas istiqamətləri, əmək bazarında aparılacaq islahatlar və gözlənilən nəticələr müəyyənləşdirilib.
“Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı” 6 prioritet istiqamət üzrə 50 tədbiri əhatə edir. Tədbirlərdən 40-na 2026-cı ildə, 9-na 2027-ci ildə, birinə isə 2028-ci ildə başlanması nəzərdə tutulur.
Sənəddə regionlarda startap ekosisteminin inkişafı, özünüməşğulluq proqramlarının genişləndirilməsi və startapların kommersiyalaşdırılması hədəflənir. Eyni zamanda, işaxtaranlara xidmətlərin süni intellekt texnologiyalarının tətbiqi ilə rəqəmsallaşdırılması, işsizlikdən sığorta, peşə hazırlığı və digər məşğulluq xidmətlərinin tam avtomatlaşdırılması planlaşdırılır.
Strategiyaya əsasən, regionlarda 6 yeni peşə hazırlığı mərkəzi yaradılacaq, dual peşə təhsilinə cəlb olunan tələbələrin sayı 1 600 nəfərə çatdırılacaq, “Peşələr üzrə elektron atlas” informasiya sistemi hazırlanacaq və “yaşıl iqtisadiyyat” üçün yeni peşə hazırlığı proqramları tətbiq ediləcək.
Sənəddə həmçinin qadınlar, gənclər, əlilliyi olan şəxslər və dövlət uşaq müəssisələrinin məzunları kimi həssas qrupların əmək bazarına inteqrasiyasının genişləndirilməsi, qeyri-formal məşğulluğa qarşı riskəsaslı elektron auditin tətbiqi, kənd təsərrüfatında çalışanların elektron uçotunun aparılması və xarici işçi qüvvəsinə tələbatın proqnozlaşdırılması nəzərdə tutulur.
Bununla yanaşı, minimum əməkhaqqı artımının əmək bazarına təsirinin qiymətləndirilməsi üçün metodologiyanın hazırlanması, işəgötürənlərin kadrlara tələbatının mütəmadi öyrənilməsi və əmək bazarının proqnozlaşdırılması sisteminin yaradılması da planın əsas istiqamətləri sırasındadır.
Doğrudur, planda dövlət qurumlarının görməli olduğu işlər kifayət qədər detallı təsvir edilib, amma bu tədbirlərin əmək bazarında hansı nəticəni yaradacağını ölçən indikatorlar nisbətən məhduddur.
OECD, Dünya Bankı və ILO son illərdə məşğulluq strategiyalarına məhz bu prizmadan yanaşırlar; “Neçə mərkəz açıldı?”, “Neçə təlim keçirildi?” kimi məqamları yox, nəticə göstəricilərini qiymətləndirirlər:
– insanlar iş tapdımı?
– nə qədər müddətə?
– əməkhaqqı artdımı?
– məhsuldarlıq yüksəldimi?
– qeyri-formal məşğulluq azaldımı?
Rəqəmsallaşma və süni intellekt: planın ən güclü hissəsi
Tədbirlər Planının ən real nəticə vermək potensialına malik hissəsi məşğulluq xidmətlərinin rəqəmsallaşdırılması və süni intellekt əsaslı həllərin tətbiqidir. İşaxtaranların uyğun vakansiyalarla avtomatik əlaqələndirilməsi, xidmətlərin tam elektronlaşdırılması, məlumat bazalarının inteqrasiyası və monitorinq sistemlərinin yaradılması artıq OECD ölkələrinin əksəriyyətində tətbiq olunan standart alətlərdir.
Estoniya, Danimarka, Sinqapur və Cənubi Koreya kimi ölkələrdə rəqəmsal məşğulluq platformaları həm dövlət xidmətlərinin əlçatanlığını artırıb, həm də əmək bazarı haqqında real vaxt rejimində məlumat toplamağa imkan verib. Azərbaycanda ASAN xidmət və DOST mərkəzlərinin yaradılması dövlətin bu sahədə institusional potensiala malik olduğunu göstərir. Buna görə də məhz rəqəmsallaşma istiqaməti planın ən yüksək icra ehtimalına malik hissəsi hesab oluna bilər.
Peşə təhsili və dual model: uğur biznesdən asılı olacaq
Dual peşə təhsilinin genişləndirilməsi dünya təcrübəsinə uyğun addımdır. Almaniya, Avstriya və İsveçrədə bu model əmək bazarının əsas sütunlarından biri hesab olunur. Lakin həmin ölkələrdə uğurun səbəbi təkcə peşə məktəbləri deyil, işəgötürənlərin sistemin ayrılmaz hissəsinə çevrilməsidir.
Azərbaycanda dual təhsilə cəlb ediləcək tələbələrin sayının artırılması müsbət addımdır. Ancaq sənəddə əsas göstərici kimi yalnız iştirakçıların sayı müəyyən edilib. Əmək bazarı baxımından isə əsas sual həmin məzunların neçə faizinin ixtisasına uyğun iş tapacağıdır. Dünya Bankı və OECD məşğulluq siyasətini qiymətləndirərkən məhz bu nəticə göstəricilərini əsas götürür.
Qeyri-formal məşğulluqla mübarizə: təkcə elektron audit kifayət etmir
Qeyri-formal məşğulluğa qarşı riskəsaslı elektron auditin tətbiqi müasir idarəetmə alətlərindən biridir. Lakin beynəlxalq təcrübə göstərir ki, kölgə iqtisadiyyatının azaldılması yalnız nəzarətin gücləndirilməsi hesabına mümkün olmur.
OECD və Beynəlxalq Əmək Təşkilatının (ILO) araşdırmalarına görə, effektiv nəticə yalnız üç element birlikdə tətbiq edildikdə əldə edilir: elektron nəzarət, biznes üçün iqtisadi stimullar və qeydiyyat prosedurlarının sadələşdirilməsi. Əks halda qeyri-formal məşğulluq sadəcə formasını dəyişir və başqa sahələrə keçir.
Bu baxımdan plan nəzarət mexanizmlərinə geniş yer ayırsa da, iqtisadi təşviqlərlə bağlı tədbirlər nisbətən məhdud görünür.
Startaplar: əsas göstərici say deyil
Strategiyada regionlarda dəstəklənən startapların sayının artırılması əsas hədəflərdən biri kimi göstərilir. Lakin beynəlxalq praktikada startap ekosisteminin inkişafı yaradılmış layihələrin sayı ilə qiymətləndirilmir.
İnnovasiya siyasətində əsas göstəricilər fəaliyyətini davam etdirən startapların payı, cəlb olunan investisiyalar, yaradılan yeni iş yerləri və ixrac potensialıdır. Startapların sayının 50-dən 100-ə çatdırılması inzibati hədəf sayıla bilər, lakin bu, özlüyündə iqtisadi nəticə demək deyil.
Həssas qrupların məşğulluğu: düzgün istiqamətlər, zəif indikatorlar
Qadınların, dövlət uşaq müəssisələrinin məzunlarının və digər həssas qrupların əmək bazarına inteqrasiyasının gücləndirilməsi həm ILO, həm də Dünya Bankının sosial məşğulluq siyasətində prioritet hesab olunur.
Lakin sənəddə nəticələrin necə qiymətləndiriləcəyi kifayət qədər konkret müəyyən edilməyib. “Əlçatanlığın artırılması”, “məşğulluğun gücləndirilməsi” kimi ifadələr məqsədi göstərsə də, ölçülə bilən nəticə hesab edilmir. Beynəlxalq praktikada isə bu istiqamətdə qadınların məşğulluq səviyyəsi, əlilliyi olan şəxslərin əmək bazarında iştirak faizi və ya dövlət müəssisələrindən məzun olanların işə yerləşmə göstəricisi kimi konkret indikatorlardan istifadə olunur.
Minimum əməkhaqqının təsirinin qiymətləndirilməsi: müasir yanaşma
Planın diqqətçəkən yeniliklərindən biri minimum əməkhaqqının əmək bazarına təsirinin qiymətləndirilməsi üçün metodologiyanın hazırlanmasıdır.
OECD ölkələrinin əksəriyyətində minimum əməkhaqqı ilə bağlı qərarlar məşğulluq, məhsuldarlıq və inflyasiya göstəricilərinə təsiri nəzərə alınmaqla qəbul edilir. Azərbaycanda da belə metodologiyanın hazırlanması əmək bazarının daha çox məlumat əsaslı idarə olunmasına imkan verə bilər.
Çatışmayan istiqamətlər
Strategiyada əmək bazarının uzunmüddətli inkişafı üçün mühüm hesab olunan bir neçə istiqamət kifayət qədər əhatə olunmayıb.
İlk növbədə diqqət çəkən məqam əmək məhsuldarlığıdır. Müasir məşğulluq siyasətində əsas məqsəd artıq yalnız yeni iş yerlərinin yaradılması deyil, daha yüksək məhsuldarlığa malik iş yerlərinin formalaşdırılmasıdır. OECD və Dünya Bankı son illərdə məşğulluq strategiyalarını məhz məhsuldarlıq artımı ilə əlaqələndirir.
Əməkhaqqının dinamikası ilə bağlı da konkret hədəflər müəyyən edilməyib. Halbuki məşğulluğun keyfiyyəti yalnız iş yerlərinin sayı ilə deyil, həmin iş yerlərinin gəlir səviyyəsi ilə də qiymətləndirilir.
Regionlarda peşə hazırlığı mərkəzlərinin yaradılması müsbət addımdır. Ancaq paralel olaraq yeni istehsal və xidmət sahələri formalaşdırılmasa, hazırlanan kadrların yenidən iri şəhərlərə miqrasiyası davam edə bilər.
Sənəddə yaşlanan əmək bazarı da demək olar ki, nəzərə alınmayıb. Avropa ölkələrinin əksəriyyətində artıq 50 yaşdan yuxarı şəxslərin məşğulluğu, ikinci karyera imkanları və yaşlı işçilərin yenidən ixtisaslaşdırılması məşğulluq siyasətinin əsas istiqamətlərindən biridir.
Ölçülə bilməyən vədlər
Sənəddə üstünlük təşkil edən göstəricilər “yaradılacaq”, “hazırlanacaq”, “tətbiq ediləcək”, “təkmilləşdiriləcək”, “inteqrasiya olunacaq” kimi fəaliyyət indikatorlarıdır. Bunlar dövlət qurumlarının hansı işi görəcəyini göstərir, lakin həmin işlərin əmək bazarında hansı nəticə yaradacağını ölçmür.
OECD, Dünya Bankı və ILO isə məşğulluq siyasətinin effektivliyini fərqli meyarlarla qiymətləndirir. Onlar yeni yaradılmış platformaların və ya qəbul edilmiş sənədlərin sayını deyil, məşğulluq səviyyəsinin dəyişməsini, uzunmüddətli işsizliyin azalmasını, gənclərin və həssas qrupların əmək bazarında iştirakını, əmək məhsuldarlığını, orta əməkhaqqının artımını və peşə təhsili məzunlarının işə yerləşmə səviyyəsini əsas nəticə indikatorları hesab edirlər.
Bu baxımdan Tədbirlər Planı daha çox idarəetmə islahatı sənədi təsiri bağışlayır. Burada dövlət institutlarının necə işləyəcəyi ətraflı təsvir olunur, lakin əmək bazarında hansı konkret dəyişikliklərin baş verəcəyi məhdud səviyyədə ölçülür.
Nəzərə almaq lazımdır ki, planın uğuru yaradılacaq informasiya sistemlərinin, qəbul ediləcək normativ sənədlərin və ya açılacaq mərkəzlərin sayı ilə ölçülməyəcək. Nəticə 2030-cu ilə qədər məşğulluq səviyyəsi, əmək məhsuldarlığı, qeyri-formal məşğulluğun payı, məzunların işlə təmin olunması və əmək bazarının keyfiyyət göstəricilərində yaradacağı real dəyişikliklərlə qiymətləndiriləcək. Strategiyanın effektiv olub-olmadığını məhz bu göstəricilər müəyyən edəcək.
“Politfm”



