İllüstrasiya: “ChatGPT”
Süni intellekt sahəsindəki sürətli yüksəliş ABŞ-nin ən varlı adamlarının siyahısını da dəyişir. “Forbes 400” reytinqində 40 yaşına çatmamış milyarderlərin sayı bir ildə dörddən ona yüksəlib.
Bu il siyahıya düşmək üçün azı 4,4 milyard dollar sərvət tələb olunub. Buna baxmayaraq otuz yaşlarında olan yeddi sahibkar ilk dəfə reytinqə daxil olub. Onların hamısının sərvəti süni intellekt sahəsində fəaliyyət göstərən şirkətlərdən qaynaqlanır.
Yeni milyarderlərdən dördü “Anthropic” şirkətinin həmtəsisçisidir. Şirkəti 2021-ci ildə “OpenAI”dan ayrılan yeddi əməkdaş yaradıb. Onlar hesab edirlər ki, şirkət süni intellekti təhlükəsizlik məsələlərini yetərincə nəzərə almadan, həddən artıq sürətlə inkişaf etdirir.
“Claude” süni intellekt modelini hazırlayan “Anthropic” 2026-cı ilin mayında keçirilən 65 milyard dollarlıq investisiya raundunda 965 milyard dollar dəyərində qiymətləndirilib. Şirkətin yeddi həmtəsisçisinin hər birinin sərvəti “Forbes” tərəfindən 15,5 milyard dollar hdəyərində qiymətləndirilirb. Onlar gələcəkdə sərvətlərinin 80 faizini xeyriyyə məqsədlərinə verməyi öhdələrinə götürüblər.
Siyahıdakı on gənc milyarderin ümumi sərvəti 169 milyard dollardır. Ötən il eyni yaş qrupundakı şəxslərin sərvəti 357 milyard dollara çatırdı. Azalma milyarderlərin böyük məbləğdə pul itirməsi ilə bağlı deyil. Mark Zukerberq, Coş Kuşner və “Airbnb”nin həmtəsisçisi Neytan Bleçarçik kimi çox varlı şəxslər 40 yaş həddini keçdiklərinə görə bu qrupdan çıxıblar.
On nəfərdən yalnız Lukas Uolton sərvətini miras alıb. Digər doqquzu “Forbes”-un təsnifatında sərvətini özü qazanan milyarderlər kimi göstərilir. Aşağıdakı hesablamalar 4 sentyabr 2026-cı il tarixinə aiddir.
10. Lukas Uolton – 39 yaş, 44,4 milyard dollar
“Walmart”-ın yaradıcısı Sem Uoltonun nəvəsi Lukas Uolton həm siyahıdakı yeganə varisi, həm də ən varlı şəxsdir. O, atası Con Uoltondan qalan mirasın təxminən üçdə birini, əsasən də “Walmart” səhmlərini alıb.
Uolton Çikaqoda yerləşən “Builders Vision” investisiya və xeyriyyə qurumunu idarə edir. Qurum təmiz enerji, dayanıqlı ərzaq istehsalı və okeanların qorunması ilə bağlı layihələr də daxil olmaqla, 15 milyard dollardan çox vəsaitə nəzarət edir. Uolton iyunda “Chicago Bulls” basketbol klubunun səhmlərinin bir hissəsini də alıb.
9. Vlad Tenev – 39 yaş, 7,1 milyard dollar
Bolqarıstanda doğulan Vlad Tenev 2013-cü ildə Baycu Bhattla birlikdə “Robinhood”-u yaradıb. Səhm alqı-satqısından komissiya tutmayan bu tətbiq sonradan ABŞ broker bazarının iş qaydasına təsir göstərib.
Tenevin sərvətinin əsasını “Robinhood”-dakı təxminən altı faizlik payı təşkil edir. Şirkətin ən sürətlə böyüyən işi hazırda seçkilərdən və idman yarışlarından tutmuş, faiz qərarları və hava proqnozlarına qədər müxtəlif hadisələr üzrə müqavilələrin alınıb-satıldığı proqnoz bazarlarıdır. Bu xidmət 2026-cı ilin ikinci rübündə şirkətə 156 milyon dollardan çox gəlir gətirib.
Tenev 2023-cü ildə riyazi düşünmə qabiliyyətinə malik süni intellekt üzərində çalışan “Harmonic” şirkətini də yaradıb və hazırda onun idarə heyətinə rəhbərlik edir.
8. Tom Braun – 39 yaş, 15,5 milyard dollar
Tom Braun “OpenAI”-ın ilk 20 əməkdaşından biri olub. O, 2020-ci ildə GPT-3 dil modelini təqdim edən elmi məqalənin əsas müəllifidir.
Braun 2021-ci ildə altı həmkarı ilə birlikdə “OpenAI”-dan ayrılaraq “Anthropic”-i yaradıb. Hazırda o, “Claude” modellərinin hazırlanması üçün lazım olan hesablama sistemlərinə rəhbərlik edir.
7. Daniela Amodei – 39 yaş, 15,5 milyard dollar
Daniela Amodei əvvəllər “Stripe” və “OpenAI”-da çalışıb, təhlükəsizlik və şirkət siyasəti üzrə işlərə cavabdeh olub.
Qardaşı Dario Amodei və daha beş keçmiş “OpenAI” əməkdaşı ilə birlikdə “Anthropic”-i yaradıb. Daniela hazırda şirkətin prezidenti və idarə heyətinin sədridir. Tədqiqat, mühəndislik, məhsul hazırlığı və kommersiya işlərinə rəhbərlik edir.
6. Edvin Çen – 38 yaş, 18 milyard dollar
Edvin Çen “Google”, “Facebook” və “Twitter”-də işlədikdən sonra – 2020-ci ildə “Surge AI” şirkətini yaradıb. Şirkət süni intellekt modellərinin öyrədilməsi üçün məlumatları nişanlayır, modellərin verdiyi cavabları yoxlayır və səhvləri düzəldir.
“Google” və “Anthropic” də “Surge AI”-ın müştəriləri arasındadır. Kənar sərmayə almadan böyüyən şirkətin illik gəliri bir milyard dolları keçib. “Forbes” Çenin şirkətdəki payını təxminən 75 faiz olduğunu hesablayıb.
5. Qreq Brokman – 38 yaş, 25,5 milyard dollar
Qreq Brokman 25 yaşında “Stripe”-ın texniki direktoru olub. 2015-ci ildə İlon Mask və Sem Altmanla birlikdə “OpenAI”-ı təsis edib.
Hazırda “OpenAI”-ın prezidenti olan Brokman şirkətin hesablama sistemlərinə və məhsul bölməsinə rəhbərlik edir. İlon Maskın “OpenAI”-a qarşı qaldırdığı məhkəmə işində Brokman şirkətdəki payının 20 milyard dollardan çox olduğunu təsdiqləyib. Onun “Stripe”-da təxminən 500 milyon dollarlıq səhmi və bir neçə texnologiya şirkətində də sərmayəsi var.
4. Cek Klark – 37 yaş, 15,5 milyard dollar
Cek Klark əvvəllər “Bloomberg”-də süni intellekt mövzusunda yazan jurnalist olub. Daha sonra “OpenAI”-da şirkət siyasəti üzrə direktor işləyib və 2021-ci ildə “Anthropic”-i yaradan heyətə qoşulub.
Klark süni intellektin dövlət tərəfindən tənzimlənməsini müdafiə edir. Hazırda “Anthropic”-in süni intellektin cəmiyyətə təsirini araşdıran bölməsinə rəhbərlik edir.
3. Sem MakKandliş – 36 yaş, 15,5 milyard dollar
Stenford Universitetində nəzəri fizika üzrə doktorluq dərəcəsi almış Sem MakKandliş əvvəlcə “OpenAI”-da çalışıb. O, artan məlumat və hesablama imkanlarının süni intellekt modellərinin bacarıqlarını necə dəyişdiyini araşdırıb.
“Anthropic”-in həmtəsisçilərindən olan MakKandliş bir müddət şirkətin texniki direktoru işləyib. Hazırda modellərin qurulması və öyrədilməsi işlərinə rəhbərlik edir.
2. Palmer Laki – 33 yaş, 5,9 milyard dollar
Palmer Laki yeniyetmə ikən virtual reallıq eynəyi hazırlamağa başlayıb. Daha sonra yaratdığı “Oculus” şirkətini 21 yaşında iki milyard dollara “Facebook”-a satıb.
2017-ci ildə pilotsuz uçuş aparatları, müşahidə vasitələri və onları əlaqələndirən süni intellekt proqramları hazırlayan “Anduril” şirkətini qurub. ABŞ Ordusu 2026-cı ilin martında şirkətlə onillik müqavilə bağlayıb. Sifarişlərin həcmi və bütün əlavə xidmətlər müqavilənin dəyərini 20 milyard dollara çatdıra bilər.
“Anduril” iki ay sonra investorlardan beş milyard dollar cəlb edib və 61 milyard dollar dəyərində qiymətləndirilib.
1. Stiven Hao – 30 yaş, 5,8 milyard dollar
Reytinqin ən gənc üzvü Stiven Haodur. O və “Cognition” şirkətindəki iki ortağı Beynəlxalq İnformatika Olimpiadasının qızıl medalçısıdır. Hao medalını 2014-cü ildə qazanıb.
“Cognition”-dan əvvəl “Scale AI”-da mühəndis işləyən Hao 2023-cü ildə iki ortağı ilə birlikdə yeni şirkətini yaradıb. Onların əsas məhsulu proqram kodu yaza və mövcud koddakı səhvləri düzəldə bilən “Devin” adlı süni intellekt köməkçisidir.
“Cognition” 2026-cı ilin sentyabrında investorlardan iki milyard dollar alıb və 48 milyard dollar dəyərində qiymətləndirilib. Bununla şirkətin hər üç həmtəsisçisi milyarder olub. Ən böyük təsisçi payına sahib Hao isə onların arasında “Forbes 400”ə düşmək üçün tələb olunan 4,4 milyard dollarlıq həddi keçən yeganə şəxsdir.
“Politfm”



