Ana Səhifə Manşet Çin “çıxan” Almaniya Əjdahanın Avropa strategiyası

Çin “çıxan” Almaniya Əjdahanın Avropa strategiyası

25

Dünyanın hər yerində, xüsusilə də demokratik ölkələr Çinlə münasibətlərində daha sərt mövqe tutmağa başlayıblar. İlk növbədə ABŞ və Avstraliyanın dəyişən münasibəti indi Avropa İttifaqı (Aİ) ölkələrinə də sirayət edib. Bununla belə, Qərb dünyasının mühüm ölkələrindən biri olan Almaniya Çinin Honq-Konqdakı zalım əməllərinə və uyğur müsəlmanlarına qarşı insan haqlarının pozulmasına baxmayaraq, ikitərəfli münasibətlərində mövqeyini qoruyub saxlayır və Çini tənqid etməkdən yayınmağa davam edir.

Almaniyanın Çinə qarşı yaxın münasibəti, xüsusən də Merkel dövrünün sona çatması Almaniyanın müxalifət qanadının böyük reaksiyasına səbəb oldu. Nəhayət, Merkelin istefası və seçkilər nəticəsində Sosial Demokrat Partiyasından Olaf Şoltsun hakimiyyətə gəlməsi ilə yeni hökumətin Çinlə münasibətlərinin necə olacağı maraq doğuran məsələlərdən biri oldu. Bunun səbəbi isə  Şoltsun siyasi keçmişinə nəzər saldığımızda, bur çox Çin izlərini görmək mümkündür.

Olaf Şolts sosialistdir və sosial demokratların mövqelərinin ənənəvi olaraq güclü olduğu Hamburqda böyüyüb. O, karyerasına orada SDP-nin gənclər qanadı olan Gənc Sosialistlərin sədr müavini kimi başlayıb. 2011-ci ildə o, Hamburqun meri oldu və Çinlə fəal xarici siyasət əməkdaşlığına başladı. Çinlə ticarət və iqtisadi əməkdaşlıqdan Hamburqa böyük fayda gətirdiyini dərk edən Şolts dəfələrlə yüksək səviyyəli ÇKP üzvləri ilə görüşüb. Yüksək çinli məmur Li Keçyan ilə belə görüşlərin birində Şolts Hamburqu Avropanın Çin paytaxtı adlandırdı. Bununla mübahisə etmək çətindir, çünki Hamburq limanındakı yük həcminin 2/3 hissəsi Çin gəmiləri tərəfindən tutulmuşdur.

2015-ci ildən 2019-cu ilə qədər Olaf Scholz müntəzəm olaraq yüksək səviyyəli Çin rəsmiləri ilə görüşlər keçirdi – keçmiş Xarici İşlər Nazirinin müavini Çenq Quopinq, idmana cavabdeh agentliyin keçmiş rəhbəri Liu Panq və Çinin keçmiş rəhbəri Li Jiaxiang. Bununla belə, Şoltsun əlaqələri beynəlxalq görüşlər çərçivəsində məhdudlaşmır, Şolts dəfələrlə yüksək səviyyəli siyasətçi Liu He və yüksək səviyyəli partiya rəsmisi Jing Xuexiang kimi ÇKP-nin digər elit üzvləri ilə görüşüb.

Çox güman ki, Şolts Almaniyanı qlobal lider kimi ABŞ-la bərabər statusa gətirmək ambisiyalarına malikdir. Aydındır ki, bu planı həyata keçirmək üçün Olaf Şoltsun ​​güclü tərəfdaşa ehtiyacı var və bu, Çin ola bilər.

Çinin son illərdə xüsusilə Şərqi Avropa ölkələrində investisiyaları və ikitərəfli tərəfdaşlıqları diqqəti cəlb etsə də, Almaniya kimi inkişaf etmiş iqtisadiyyatlarla qarşılıqlı fayda əsasında qurulan iqtisadi əlaqələr Çin üçün Avropa siyasətində həlledici rol oynayır. Dünya Bankının məlumatlarına görə, Çinin Avropada ən böyük ixracatçısı olan Almaniyanın ümumi ixracatı 2018-ci ildə 106 milyard dollar, ikinci yerdə olan Fransanın ixracı isə 32 milyard dollar olub.

Çin Aİ-nin həssas hesab etdiyi telekommunikasiya, elektronika, enerji və infrastruktur kimi kritik sektorlara investisiyalar və satınalmalar vasitəsilə təsirini artırır. Bu cür investisiyalar Aİ Komissiyasının Çinin indi tərəfdaş və ya rəqib deyil, daha çox təhlükə olacağını bəyan etməsinə səbəb olub. Xüsusilə, əqli mülkiyyət hüquqları ilə bağlı Çindən gözlənilən tənzimləmələrin olmaması və Çin bazarına çıxışın məhdudlaşdırılması Çinin kommersiya tərəfdaşı kimi etibarlılığının şübhə altına alınmasına və iqtisadi təhlükəsizlik kontekstində onun yaxşı niyyətli motivasiyaları ilə bağlı şübhələrin artmasına səbəb oldu. Bundan əlavə, Çinin investisiyalar üçün prioritet sahələrinin Ar-Ge və istehsal sektorları olması Çinin Avropanı yalnız bazar olaraq görməsi fikrinin artıq keçərli olmadığını göstərir. Yenə də Almaniya, 2021-ci il məlumatlarına görə Çin ilə 212 milyard dollarlıq böyük ticarət həcminə malikdir və Çinin Avropada ən çox xarici investisiya yatırdığı ölkədir. Ona görə də belə görünür ki, diplomatik fikir ayrılıqlarına və güc rəqabətinə baxmayaraq, Çin-Almaniya iqtisadi əlaqələrini davamlı şəkildə inkişaf etdirməklə saxlamaq istəyi davam edəcək. Bir sözlə, iqtisadi münasibətlərin dərinləşməsi bir anda baş vermir və Çin investisiyalarının gələcəkdə nə qədər problemli ola biləcəyini hərtərəfli qiymətləndirmək hələlik çətin görünür.

Çinşünas, Pərviz Əliyev