Kiyev yaxınlığındakı “Amtel” logistika kompleksində yanğın, 19 iyul 2026 (foto: “Reuters”)

 

Rusiya qüvvələri dünən gecə Ukraynanın paytaxtı Kiyevə raket zərbələri endiriblər. Müharibə başlayandan bəri Kiyevə bu ən böyük hücumların birində azı bir nəfər həlak olub, 16 nəfər yaralanıb.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.

Dağıntılar və itkilər

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, müxtəlif tipli 41 raketdən istifadə olunmuş hücum nəticəsində paytaxtın bir çox yerində binalar dağılıb və yanğınlar baş verib.

Kiyev meri Vitali Kliçko bildirib ki, zərər dəymiş tikililər arasında yaşayış binaları, anbarlar, supermarket və yataqxana var. O, üç nəfərin vəziyyətinin ağır olduğunu deyib. Şəhərin qərb hissəsində xilasedicilər tüstülənən dağıntıları təmizləyib və bombalanmış mənzillərdəki yanğını söndürüblər.

Rusiyayla sərhəddə yerləşən Xarkova da hücum edilib, şəhər kənarındakı poçt deposuna endirilən zərbə nəticəsində dörd nəfər həlak olub, 19 nəfər yaralanıb. Bu barədə vilayətin qubernatoru məlumat verib.

Adının Vlad olduğunu deyən yerli sakin “Reuters” agentliyinə bildirib ki, hadisə zamanı mənzilində olub, partlayış eyvanın qapısını qopardaraq onun başına çırpıb:
“Nənəm mənimlə yaşayır, yeriyə bilmir. Onu qoyub necə qaça bilərdim?”.

Şəhər mərkəzinə yaxın ərazidə zərbələr daha əvvəl də hədəf alınan bir metro stansiyasına ziyan vurub, yaxınlıqdakı yeraltı piyada keçidini dağıdıb.
Zaporojye şəhəri isə dünən axşam saatlarında bombalanıb. Xilasedicilər sağ qalanları çıxarmaq üçün dağıntıları təmizləyiblər. Hakimiyyət nümyəndələrinin bildirdiyinə görə, ən azı iki nəfər ölüb, 14 nəfər yaralanıb.

HHM çatışmazlığı

Ukrayna ABŞ istehsalı olan HHM sistemlərinin kəskin çatışmazlığı problemiylə üz-üzəykən Rusiya qüvvələri son həftələrdə Kiyevə və digər şəhərlərə raket zərbələrini artırıblar. USQ dünənki hücumda 18 raket vurulduğunu, 125 drondan 108-nin zərərsizləşdirildiyini açıqlayıb.
Zelenski keçən həftə bildirmişdi ki, ABŞ və Ukrayna raket əleyhinə “Patriot” sisteminin istehsalı üçün lisenziya verilməsi razılğa gəliblər. O həmçinin qeyd etmiçdi ki, istehsalın ilin sonuna qədər başlaya biləcəyinə ümid edir.

Rusiyanın artan hücumları Kiyevin xarici tərəfdaşlarına ballistik raketlərdən müdafiə vasitələrinin tədarükünü sürətləndirmək üçün təzyiqi artırır.

“Ballistik raketlərdən müdafiə indi bizim daimi və əsas prioritetimizdir. Tutucu raketlərə hər gün ehtiyacımız var” – Zelenski dünən “X” sosial şəbəkəsində belə yazıb.

“Kiyev çiçəklənəcək”

“Reuters” yazır ki, günün ikinci yarısında fəhlələr zədələnmiş metro stansiyasının və uçmuş yeraltı keçidin ətrafındakı dağıntıları təmizləməyə başlayıblar və yoldan keçənlər buna tamamilə vərdiş etmiş halda baxıblar. Meyvə satıcıları öz müvəqqəti piştaxtalarında işlərini bərpa etməkdəykən arxa fondakı ekskavator dağıntıları özüboşaldan yük maşınına doldurub.

68 yaşlı İrina Lomeyko Rusiyanın təkrar zərbələrindən ciddi ziyan görmüş bu məhəllənin dəyişməz rutininiə eyham vuraraq ruh yüksəkliyini ifadə edib:
“Kiyev çiçəklənəcək. O axmaqlar hər şeyi məhv edirlər, amma biz hər şeyi bərpa edəcəyik və yenidən tikəcəyik. Hər şey yaxşı olacaq”.

“Politfm”