ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda Ağ Evin Şərq zalından xalqa müraciət edir, 16 iyul 2026 (foto: “Reuters”)

 

 

ABŞ Prezidenti Donald Tramp cümə axşamı bəzi sənədlərin məxfiliyini ləğv edib. Onun sözlərinə görə, həmin sənədlər Çinin ABŞ seçkilərinə müdaxilə etdiyini göstərir. Bununla Tramp seçki təhlükəsizliyilə bağlı uzun illərdir səsləndirdiyi iddiaları yenidən gündəmə gətirib. Halbuki ABŞ kəşfiyyatı onun məğlub olduğu 2020-ci il prezident seçkilərinə Pekinin təsir göstərdiyini təsdiqləyən heç bir sübut aşkar etməyib.

Ən çox izlənilən efir saatında yayımlanmış 25 dəqiqəlik çıxışı Trampın noyabrda keçiriləcək aralıq seçkiləri ərəfəsində seçki təhlükəsizliyini əsas siyasi mövzulardan birinə çevirmək niyyətini ortaya qoyub. Həmin seçkilərdə respublikaçılar Konqresdəki cüzi üstünlüklərini qorumağa çalışacaqlar.

Tramp çıxışında Konqresdəki respublikaçılara növbəti dəfə səslənərək onları seçicilərin şəxsiyyətinin və vətəndaşlığının təsdiqlənməsini nəzərdə tutan yeni qanunu qəbul etməyə çağırıb. Halbuki uzun illərdir mövcud olan məlumatlar ABŞ-də seçki saxtakarlığı hallarının nadir baş verdiyini göstərir. Demokratların kəskin müqavimətinə görə həmin qanun layihəsinin Senatda qəbulu dalana dirənib.

Tramp «şokedici zəifliklər”dən danışır

Tramp bildirib ki, məxfiliyi ləğv olunan materiallar ABŞ-nin seçki infrastrukturundakı «şokedici zəiflikləri» üzə çıxaracaq. Amma həmin materialların əksəriyyəti ya bunun əksini göstərir, ya da ümumiyyətlə ölkənin seçki infrastrukturu ilə əlaqəli deyil.
Çıxış Tramp və Respublikaçılar Partiyası üçün siyasi baxımdan mürəkkəb vaxta təsadüf edir. İran müharibəsinin populyarlıq qazanmaması və enerji qiymətlərinin yüksək olması fonunda onun reytinqi aşağı düşüb.

Tramp çıxışının əvvəlində bu müharibə barədə bir neçə cümlə deyib, ABŞ-nin «böyük qələbə qazandığını» bildirib. Daha sonra vergi endirimləri və immiqrasiya siyasətinin sərtləşdirilməsi də daxil olmaqla, bir sıra daxili uğurları sadalayıb və bundan sonra seçki təhlükəsizliyi məsələsinə keçib.

Prezident bildirib ki, məxfiliyi ləğv edilən məlumatlar Çinin ABŞ-də 220 milyon seçiciyə aid siyahılara, o cümlədən adlar, ünvanlar və digər məlumatlara qanunsuz çıxış əldə etdiyini göstərir.
O həmçinin iddia edib ki, ABŞ kəşfiyyat orqanlarının əməkdaşları Çinin fəaliyyətinin miqyası barədə məlumatları qəsdən gizlədiblər.

ABŞ kəşfiyyatının 2021-ci ilə aid məxfi olmayan hesabatında isə hər hansı xarici tərəfin 2020-ci il prezident seçkilərində səsvermənin «hər hansı texniki aspektini» dəyişdirməyə cəhd göstərdiyinə və ya buna nail olduğuna dair heç bir əlamətin aşkar edilmədiyi bildirilir. Bura seçicilərin qeydiyyatı, səsvermə bülletenləri, səslərin hesablanması və seçkilərin nəticələri də daxildir.

Hesabat həmin vaxt Milli Kəşfiyyat İdarəsinin direktoru olmuş, hazırda isə Mərkəzi Kəşfiyyat İdarəsinə (CIA) rəhbərlik edən Con Retkliffin rəhbərliyi altında hazırlanıb.
Sənəddə həmçinin qeyd olunur ki, Çin ən azı 2008-ci ildən etibarən ABŞ seçiciləri, ictimai rəy, siyasi partiyalar, namizədlər və yüksək vəzifəli dövlət rəsmiləri haqqında məlumat toplamağa cəhd göstərib. Ehtimal edilir ki, məqsəd bu məlumatlardan seçkilərin nəticələrini proqnozlaşdırmaq üçün istifadə etmək olub.

Məsələdən xəbərdar olan iki mənbənin sözlərinə görə, ABŞ seçicilərinə dair Çinin əldə etdiyi məlumatlar məxfi deyil. Seçici siyahıları, adətən, siyasi məsləhətçilər tərəfindən əldə olunur və onların saxtalaşdırılması mümkün deyil.
“Reuters”-in mənbələri bildiriblər ki, Trampın çıxışından əvvəl Ağ Evin bəzi rəsmiləri Çinə dair məlumatların açıqlanmasının ictimaiyyəti çaşdıra biləcəyindən narahat olduqlarını ifadə ediblər.

Trampın Çinlə bağlı sərt bəyanatları baha başa gəlmiş ötənilki ticarət müharibəsindən sonra sabitləşməyə başlayan ikitərəfli münasibətlərə zərbə vura bilər. Tramp sentyabrda Çin Xalq Respublikasının Sədri Si Tzinpinlə görüşərək ticarət əlaqələrinin yaxşılaşdırılmasını müzakirə etməyə ümid etdiyini bildirib.

Çinin Xarici İşlər Nazirliyi Trampın çıxışıyla bağlı şərh sorğusuna dərhal cavab verməyib.
Çıxışdan əvvəlsə Çinin Vaşinqtondakı səfirliyinin mətbuat katibi Lü Çan deyib ki, “Çin heç vaxt ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilə etməyib və etməyəcək”.

İllərdir səsləndirilən iddialar

Tramp illərdir 2020-ci il seçkilərinin nəticələrini şübhə altına alır və əsassız şəkildə iddia edir ki, demokrat Co Baydenə məğlub olduğunu göstərən rəqəmlər saxtalaşdırılıb. O dəfələrlə bəyan edib ki, poçt vasitəsilə səsvermədə genişmiqyaslı saxtakarlıqlara yol verilib, səsvermə maşınları etibarlı deyil və seçkidə ABŞ vətəndaşı olmayan şəxslər də kütləvi şəkildə səs veriblər.

Çoxsaylı məhkəmə araşdırmaları və səslərin təkrar hesablanması 2020-ci il seçkilərində genişmiqyaslı saxtakarlığa dair heç bir sübut ortaya qoymayıb.
Bununla belə, Trampın tərəfdarları onu dəstəkləməyə davam edirlər. “Reuters/Ipsos”-un aprel ayında keçirdiyi sorğunun nəticələri göstərib ki, respublikaçıların 63 faizi Trampın 2020-ci il seçkilərinin saxtalaşdırıldığına dair iddiasına inanır. Sübutların olmamasına rəğmən son illər bu göstərici, demək olar ki, dəyişməyib.

Tramp deyib ki, administrasiyası dörd ştatda 275 mindən çox ABŞ vətəndaşı olmayan şəxsin səsvermə üçün qeydiyyata alındığını təsdiqləyən sübutlar əldə edib. Lakin onlardan neçəsinin faktiki olaraq səs verdiyi məlum deyil.

Əvvəlki vaxtlarda vətəndaşlığın yoxlanılması üçün nəzərdə tutulmuş sistemlər naturalizasiya yoluyla ABŞ vətəndaşlığı almış bəzi şəxsləri səhvən qeyri-vətəndaş kimi qeydə alıb. Amma araşdırmalar göstərir ki, ABŞ vətəndaşı olmayan şəxslərin səsvermədə iştirakı olduqca nadir hallarda baş verir.

Tramp həmçinin bildirib ki, məxfiliyi ləğv edilmiş sənədlər yaxın vaxtlarda seçki təhlükəsizliyi sistemində ciddi çatışmazlıqları üzə çıxaracaq. Lakin həmin sənədlərin əksəriyyəti ya bu iddiaları təkzib edir, ya da ümumiyyətlə ABŞ-nin seçki infrastrukturu ilə bağlı deyil.

• Ötən ay Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) hazırladığı sənədlərdən biri ABŞ-dəki yox, Venesueladakı seçkilərə həsr olunub.
• Başqa bir sənəddə deyilir: «Hesab edirik ki, səslərin hesablanması sistemlərinə seçkilərin nəticələrini dəyişəcək miqyasda müdaxilə etmək olduqca çətin olacaq».
• CIA-nın hazırladığı digər sənəddə Çin kəşfiyyatının Baydenin seçki kampaniyasını hədəfə almaq cəhdlərindən ətraflı bəhs olunur. Eyni zamanda qeyd edilir ki, Pekin «hazırda seçkilərin nəticələrinə təsir göstərmək məqsədilə gizli müdaxilə etmək niyyətində deyil», baxmayaraq ki, sonradan belə qərar verə biləcəyi də istisna edilmir.

ABŞ Senatının Kəşfiyyat Komitəsi sədrinin müavini, demokrat senator Mark Uorner çıxışında Trampın Çinlə bağlı «şokedici sensasiya» dediyi açıqlamaları «tam cəfəngiyat» adlandırıb.

«Fakt budur ki, kəşfiyyat qurumlarımız yekdilliklə belə nəticəyə gəliblər: Çin 2020-ci il seçkilərində bircə səsi də dəyişdirməyə cəhd göstərməyib» deyə, o bildirib.

Siyasi qarşıdurma

Tramp ABŞ seçki sistemini son dərəcə həssas struktur kimi təqdim etsə də, 2020-ci il seçkilərində hər hansı real səsin dəyişdirildiyini və ya saxtalaşdırıldığını təsdiqləyən heç bir sübut təqdim etməyib.

ABŞ-nin üç ən böyük televiziya kanalından ikisi, eləcə də CNN Trampın çıxışını əsas platformalarında canlı yayımlamaqdan imtina ediblər. Bununla da onlar milli səviyyədə əhəmiyyətli məsələlərə dair müraciətlər zamanı tətbiq olunan praktikadan kənara çıxıblar.

Tramp respublikaçı qanunvericiləri bir daha «Amerikanın Xilas Edilməsi haqqında» qanun layihəsini irəlilətməyə çağırıb. Bu layihə səsvermə zamanı fotoşəkilli şəxsiyyət vəsiqəsinin təqdim olunmasını və seçici kimi qeydiyyata alınarkən ABŞ vətəndaşlığının təsdiqlənməsini tələb edir, həmçinin poçt vasitəsilə səsverməni əhəmiyyətli dərəcədə məhdudlaşdırır.

Demokratlar və seçki hüquqlarını müdafiə edən təşkilatlarsa hesab edirlər ki, sözügedən layihə real seçicilərin səsvermə imkanlarını məhdudlaşdırmağa yönəlib.
Qanun layihəsi respublikaçıların nəzarətində olan Nümayəndələr Palatasında bir neçə dəfə sadə səs çoxluğuyla qəbul edilib. Amma respublikaçıların nəzarət etdiyi Senatda demokratların filibasterini aşmaq üçün tələb olunan 60 səs toplamaq mümkün deyil.

Respublikaçılar Partiyasının bəzi liderləri Trampı diqqətini 2020-ci il seçkilərinə yox, amerikalıları daha çox narahat edən məsələlərə, o cümlədən yaşayış xərclərinin artmasına yönəltməyə çağırıblar.

435 yerlik Nümayəndələr Palatasında çoxluğu əldə etmək üçün demokratlara respublikaçılardan cəmi üç mandat almaq kifayətdir. Amma həlledici mübarizə ənənəvi olaraq respublikaçılara səs verən ştatlarda getdiyi üçün onların 100 yerlik Senata nəzarəti ələ keçirməsi daha çətin görünür.

“Politfm”