Foto: “president.az”
Azərbaycan Prezidenti İlham Əliyev bu gün – iyulun 16-da Fələstinin Baş naziri Məhəmməd Mustafanı qəbul edib. O, paytaxtı Şərqi Qüds olan müstəqil və suveren Fələstin dövlətinin yaradılmasını dəstəklədiyini bir daha təsdiqləyib.
Məhəmməd Mustafa Fələstində vəziyyətin çətin olduğunu deyib, bu durumdan dostların köməyilə çıxa biləcəklərinə ümid etdiyini vurğulayıb.O, Azərbaycanın Fələstinə dəstəyinə, həmçinin Fələstində orta məktəb tikmək niyyətinə görə Əliyevə minnətdarlığını bildirib.
Baş nazir Ramallah şəhərində Azərbaycanın Təmsilçilik Ofisinin açılmasını, Fələstinin Bakıdakı səfirliyinin xərclərinin Azərbaycan dövləti tərəfindən qarşılanmasını ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasının göstəricisi kimi dəyərləndirib.
Görüşdə 2013-cü ildə Azərbaycanın ev sahibliyi etdiyi “İslam Maliyyə Təhlükəsizliyi Şəbəkəsinin yaradılmasına dair Konfrans”ın və “Qüds şəhərinin inkişaf etdirilməsi məqsədilə sektor planının maliyyələşdirilməsinə dair Donor ölkələrin Konfransı”nın nəticəsi olaraq Azərbaycanın Fələstinə 5 milyon dollar maliyyə yardımı etməsi xatırladılıb. Azərbaycanın BMT-nin UNRWA təşkilatı vasitəsilə də Fələstinə yardım etdiyi vurğulanıb.
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” hesabına 23, ümumilikdə isə 37 fələstinli tələbənin Azərbaycanda təhsil alması yüksək qiymətləndirilib.
Görüşdə Fələstinin bəzi kənd təsərrüfatı məhsullarının Azərbaycana güzəştli şərtlərlə ixracı məsələsi də müzakirə olunub.
“Politfm”



