Foto: “Reuters”
Ukrayna Ali Radası “Naftoqaz” şirkətinin rəhbəri Sergey Koretskinin baş naziri postuna təyinatını təsdiqləyib. Onun namizədliyini 289 deputat dəstəkləyib. Koretski ötən ilin yayından hökumətə rəhbərlik edən Yuliya Sviridenkonu əvəz edəcək. Cümə axşamı parlament yeni hökumətin tərkibini də təsdiqləməlidir.
Prezident Volodimir Zelenski iyulun 12-də hökumətin istefasını anons edərək Ukraynanın “siyasi strategiyasını dəyişdiyini” demişdi. Eyni zamanda, Zelenski Koretskinin dövlət enerji şirkətlərinə uğurlu rəhbərlik etdiyini vurğulamış və bildirmişdi ki, əsas prioritet qarşıdan gələn qışa hazırlaşmaq olduğu üçün baş nazir vəzifəsinə ən hazırlıqlı namizəd odur.
BBC-nin yazdığına görə, hökumət dəyişikliyinin səbəbləri ətraflı izah edilməsə də, Ukraynada bununla bağlı müxtəlif ehtimallar irəli sürülür. Onlardan birinə görə, Zelenski hökumətin daha müstəqil və təşəbbüskar olmasını istəyir.
Müşahidəçilərin fikrincə, Sviridenko yaxşı icraçıydı, amma strateji baxış nümayiş etdirmirdi. Qeyd edilir ki, o, baş nazir olduğu bir il ərzində bir dəfə də olsun geniş mətbuat konfransı keçirməyib, proqram xarakterli müsahibə verməyib.
Digər versiyaya görə, hakimiyyət ölkəni gözləyən çətin qışa görə enerji sektorunda təcrübəsi olan texnokrata üstünlük verib. Bununla yanaşı, hökumət dəyişikliyinin müdafiə naziri Mixail Fyodorovun vəzifədən uzaqlaşdırılmasının yaratdığı narazılığı arxa plana keçirmək məqsədi daşıdığı barədə də fikirlər səsləndirilir.
Hazırda Kiyev, Lvov, Odessa, Dnepr və İvano-Frankovsk da daxil olmaqla, bir sıra şəhərlərdə bununla bağlı etiraz aksiyaları keçirilir. Etirazçılar Fyodorovun vəzifədə saxlanılmasını tələb edirlər. Ukrayna mətbuatının yazdığına görə, Zelenski onu Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sırski ilə konfliktinə görə dəyişmək qərarına gəlib. Yerli KİV-lər yeni müdafiə naziri postuna əsas namizədlərdən birinin hazırkı daxili işlər naziri İqor Klimenko olduğunu qeyd edirlər.
48 yaşlı Sergey Koretski uzun illər Ukraynanın enerji sektorunda çalışıb. 2022-ci ildən “Ukrnafta” və “Ukrtatnafta”ya, 2025-ci ildən isə “Naftoqaz”a rəhbərlik edib. Yerli medianın yazdığına görə, onun rəhbərliyi dövründə şirkətlər mənfəət əldə edib, vergi borclarını ödəyib, neft və qaz hasilatını artırıb, ölkənin qaz ehtiyatları artıb və beynəlxalq maliyyə institutlarından kredit almaq mümkün olub.
Bununla belə, bəzi müxalif deputatlar hesab edirlər ki, Koretskini baş nazir təyin etməzdən əvvəl sözügedən enerji şirkətlərinin maliyyə fəaliyyəti təftiş olunmalıydı.
“Politfm”



