Hörmüz boğazı, Musandam, Oman, 15 iyul 2026 (foto: “Reuters”)

 

ABŞ İran limanlarına dəniz blokadasını yenidən tətbiq etdiyinə və hər iki tərəf Fars körfəzi bölgəsində zərbələri intensivləşdirdiyinə görə çərşənbə günü Hörmüz boğazından keçən gəmilərin sayı azalıb.

 “Kpler” analitik şirkətinin məlumatlarına əsasən, ABŞ-ın blokada qərarından və qarşılıqlı zərbələrin intensivləşməsindən sonrakı ilk gün — çərşənbə günü Hörmüz boğazını cəmi 7 gəmi keçib. Bu gəmilərin əksəriyyəti İran marşrutuyla hərəkət edib. Bir gün əvvəlsə boğazdan 13 gəmi keçə bilmişdi (“Reuters”).

İran şənbə günü gecə saatlarında Hörmüz boğazını bağladığını elan edəndən sonra bölgədə hərbi fəallıq pik həddə çatıb. Döyüş əməliyyatları bu mühüm dəniz marşrutunda gəmiçiliyi çətinləşdirir. Müharibədən əvvəl dünya üzrə neft və təbii qaz tədarükünün təxminən beşdə biri məhz bu boğaz vasitəsilə daşınırdı.

Bildirilir ki, çərşənbə günü Fars körfəzinə 4 boş gəmi daxil olub. Onlardan üçü kiçik neft tankeri, biri isə taxıl daşıyan yük gəmisi olub. Həmin gün boğazı tərk edən 3 gəmidə isə mayeləşdirilmiş neft qazı (LPG), kömür və mazut olub.

“Kpler”in məlumatına görə, çərşənbə axşamı Səudiyyə Ərəbistanının 1 milyon barel neftini daşıyan “Suezmax” sinifli bir tanker boğazı transponderi söndürülmüş vəziyyətdə tərk edib.

Çərşənbə günü Hörmüz boğazından iri həcmli xam neft və ya mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan tankerlər keçməyib.

“Politfm”