ABŞ-nin vitse-prezidenti Cey Di Vens Co Roqanın podkastında, 15 iyul 2026 (foto: skrinşot/”YouTube”)



ABŞ-nin vitse-prezidenti Ceyms Di Vens növbəti dəfə İsraili Amerika-İran danışıqlarına müdaxilə etməkdə günahlandırıb.

O, iyulun 15-də podkastçı Co Roqana müsahibəsində deyib ki, İsraildə bəzi hökumət üzvləri ABŞ-nin İranla danışıqlarına təsir etməyə çalışır.

“Şübhəsiz ki, İsrail hökuməti daxilində İrana qarşı hərbi kampaniyanı davam etdirmək istəyən və buna görə də bizi danışıqlar siyasətindən uzaqlaşdırmağa çalışan insanlar var. Onların sistemində bəzi insanlar var ki, müharibəni qeyri-müəyyən müddətə davam etdirmək üçün Amerika ictimai rəyini manipulyasiya edir və dəyişdirməyə çalışırlar. Yenə heç bir məqsədə doğru yox, sadəcə qeyri-müəyyən müddətə” – Vens belə deyib.

O, İsrail hökumətini İranla anlaşmaya qarşı çıxdığı üçün əvvəllər də tənqid edib.

“Tam olaraq nə təklif edirlər? Siz 9 milyon əhalisi olan bir ölkəsiniz. Qarşılaşdığınız hər bir milli təhlükəsizlik problemini sadəcə [adamları] öldürərək həll edə bilməzsiniz. İsraildəki bu təşviş mənə bir qədər qəribə gəlir, çünki düşünürəm ki, bunun kökündə etimadsızlıq dayanır” – Vens ötən ay “The New York Times” qəzetinə müsahibəsində belə demişdi.

İyunun 17-də ayrı-ayrılıqda ABŞ prezidenti Donald Tramp və İran prezidenti Məsud Pezeşkian münaqişəni bitirmək barədə anlaşma memorandumu imzalayıblar.

14 bənddən ibarət razılaşmada tərəflər növbəti 60 gün ərzində yekun sülh sazişinin imzalanması üçün danışıqları davam etdirməklə bağlı öhdəlik götürüblər.
Buna baxmayaraq iyulun 8-də atəşkəs yenidən pozulub. ABŞ ordusu İranı Hörmüz boğazını yenidən bağlamaqda ittiham edərək bu ölkəyə zərbələr endirib.

İyulun 16-a keçən gecə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında iki gəmiyə hücum etdiyi üçün ABŞ İrana təkrar zərbələr endirməyə başlayıb. İran da öz növbəsində Fars körfəzi ölkələrində yerləşən ABŞ hərbi hazalarını vurur.

“Politfm”