İsrail Hərbi Dəniz Qüvvələri “Qlobal Sumud Flotiliyası”nın gəmilərini durdurur; 2 oktyabr 2025 (foto: AFP)



İstanbul Ağır Cinayətlər Məhkəməsi İsrailin Baş naziri Benyamin Netanyahunu “Sumud” flotiliyası işi çərçivəsində beynəlxalq axtarışa verib.

Bildirilir ki, İstanbul Prokurorluğunun 10 aprel 2026-cı il tarixində elan etdiyi ittiham aktına əsasən Netanyahu da daxil olmaqla, İsrailin 35 yüksək vəzifəli rəsmisi barəsində cinayət işi başlanılıb.

İş 2025-ci ilin oktyabr ayının 1-dən 2-nə keçən gecə Qəzzaya humanitar yardım çatdırmaq məqsədilə yola çıxmış “Qlobal Sumud Flotiliyası”na İsrail qüvvələrinin beynəlxalq sularda müdaxiləsiylə bağlıdır.

İttiham tərəfinin məlumatına görə, flotiliyadakı gəmilər zorla dayandırılıb, fəallar saxlanılıb, onlardan bəziləri zorakı və ləyaqəti alçaldan rəftara məruz qalıb.

Türkiyə prokurorluğu hadisəylə bağlı insanlığa qarşı cinayətlər, soyqırımı, şəxsi azadlıqdan məhrumetmə, işgəncə, əmlaka zərər vurma və digər maddələr üzrə ittihamlar irəli sürüb.
Prokurorluq Netanyahu və digər təqsirləndirilən şəxslər barəsində ağırlaşdırılmış ömürlük azadlıqdan məhrumetmə də daxil olmaqla, ağır cəzaların verilməsini tələb edir.

“Politfm”