Foto: “president.az”
Prezident İlham Əliyev Şuşada “Sülhün təşviqində medianın missiyası: həqiqətin bərpası və etimadın möhkəmləndirilməsi” mövzusunda keçirilən IV Qlobal Media Forumunun açılış mərasimində çıxış edib.
Əliyev çıxışında bir neçə mövzuya toxunub.
AŞPA barədə
Azərbaycanın Avropa Şurası ilə münasibətlərinə toxunan Əliyev ölkənin təşkilatdan tamamilə çıxmaq imkanını nəzərdən keçirdiyini bildirib.
“Belə bir vəziyyətin yaranmasına təəssüf edirəm. Mənim üçün bu, xoşagəlməz hadisə idi. 2023-cü ildə biz qanuni hüququmuzdan istifadə edərək separatçıların nəzarətində qalan əraziləri işğaldan azad etdik. Lakin Azərbaycanı cəzalandırmaq üçün müvafiq qətnamələr qəbul edildi. 2024-cü ilin yanvarında Azərbaycan nümayəndə heyətinin səlahiyyətləri şübhə altına alındı, üzvləri isə səsvermə hüququndan məhrum edildi. Bu, yalnız insan hüquqları ilə bağlı deyildi, əks halda belə tədbirlər daha əvvəl görülərdi. Bu, ərazi bütövlüyümüzü bərpa etdiyimizə görə verilən cəza idi” deyən prezident əlavə edib ki, Azərbaycan təşkilatdan tamamilə çıxmaq imkanını nəzərdən keçirir:
“Biz üzvlüyün dayandırılmasını və ya dondurulmasını deyil, birmənalı şəkildə bu strukturdan çıxmağı nəzərdən keçiririk. Avropa Şurasının Baş katibi mənimlə əlaqə saxladı və vəziyyətin yaxşılaşdırılması üçün çıxış yolu tapmağın zəruri olduğunu bildirərək bunu etməməyimizi xahiş etdi. Bu parlamentdə Azərbaycana qarşı olduqca şübhəli, ultimativ tələblər səsləndirilir. Bu, tamamilə qəbuledilməzdir”.
Əliyev qeyd edib ki, Azərbaycan Avropa Şurasından tamamilə çıxacağı təqdirdə ölkədə heç kim bunu hiss etməyəcək və vəziyyət hətta yaxşılaşa bilər.
O həmçinin vurğulayıb ki, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə keçmiş ali nümayəndəsi Jozep Borrell vəzifədən getdikdən sonra Azərbaycanın Avropa Komissiyası ilə münasibətləri yaxşılaşmağa başlayıb.
Prezident qeyd edib ki, Borrellin dövründə münasibətlər faktiki olaraq dalana dirənmişdi, lakin indi vəziyyət dəyişib:
“O vaxtdan etibarən münasibətlərimiz yaxşılaşmağa başladı. Münasibətlərin bərpasında qarşılıqlı marağın olduğunu aydın şəkildə gördük. Bu ilin bir neçə ayı ərzində Avropa İttifaqı nümayəndələrinin Azərbaycana bir sıra səfərləri baş tutub. Martda Avropa Şurasının Prezidenti Antonio Koşta, daha sonra Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas, iyulda isə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen ölkəyə səfər edib. Onların ictimai açıqlamalarından və mənim bəyanatlarımdan görünür ki, hər iki tərəf əməkdaşlığın səviyyəsindən razıdır”.
Prezident İlham Əliyev Avropaya qaz tədarükünün həcminin artırılması ilə bağlı danışıqların davam etdiyini də bildirib:
“Bu ildən Avstriya və Almaniyaya qaz ixracına başlamışıq. Bu, Avropa və dünya bazarlarında mövqeyimizi gücləndirmək üzrə ümumi strategiyamızın bir hissəsidir. Avropa bazarı premium bazardır, ən sərfəli qiymətlər oradadır və təbii ki, biz bu bazarda mövcudluğumuzu genişləndirməkdə maraqlıyıq. Bu gün biz boru kəmərləri vasitəsilə artıq 16 ölkəyə qaz tədarük edirik. Bu göstəriciyə görə Azərbaycan dünyada birinci yerdədir və imkanlarımız daha da genişlənəcək. Avropa İttifaqının digər ölkələri ilə də danışıqlar aparırıq. Həm tədarükün başlanması, həm də həcmin artırılması müzakirə olunur. Artıq müvafiq müraciətlər daxil olub”.
ABŞ və 907-ci düzəliş barədə
Prezident həmçinin bildirib ki, ABŞ-nin Azərbaycana maliyyə yardımı və digər dəstək formaları göstərməsini qadağan edən 907-ci düzəliş ermənipərəst mövqe tutan senatorların təşəbbüsü ilə qəbul edilib. Onun sözlərinə görə, bu, ədalətsiz qərar idi və onu dəstəkləyənlərdən biri də Co Bayden olub:
“Buna görə Azərbaycan ABŞ-nin maliyyə yardımından məhrum edildi. Belə bir təsəvvür yaradılırdı ki, guya Azərbaycan Ermənistanı blokadaya alıb, halbuki bu, həqiqətə uyğun deyildi”.
Əliyev əlavə edib ki, 907-ci düzəliş aktuallığını tamamilə itirib və ləğv olunmalıdır:
“Birincisi, Azərbaycan və Ermənistan prezident Trampın iştirakı ilə sülh sazişini paraflayıblar. Bundan əlavə, Azərbaycan birtərəfli qaydada Ermənistana qarşı bütün məhdudiyyətləri tamamilə aradan qaldırıb. Təəssüf ki, prezident Trampın qəti mövqeyinə baxmayaraq bu düzəliş hələ də qüvvədədir. ABŞ Konqresi onu nə qədər tez ləğv etsə, həm Azərbaycan, həm də hamı üçün bir o qədər yaxşı olar”.
Prezident vurğulayıb ki, Azərbaycanla ABŞ arasında münasibətlər hazırda ən yüksək səviyyədədir. O, Donald Trampı sülhə can atan və onu təmin etməyə qadir siyasətçi kimi xarakterizə edib, həmçinin Azərbaycan–ABŞ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldildiyini bildirib. Onun sözlərinə görə, bütün məhdudiyyətlər aradan qaldırılıb və bu, ikitərəfli münasibətlərin hazırkı xarakterini əks etdirir.
Fransa barədə
Prezident İlham Əliyev bildirib ki, müstəmləkəçilik siyasətinin tənqid edilməsinin Azərbaycanla Fransa arasındakı ikitərəfli münasibətlərə aidiyyəti yoxdur:
“Bunun Fransa ilə ikitərəfli münasibətlərimizə heç bir aidiyyəti yoxdur. Ümid edirəm ki, mesajım düzgün qəbul olunacaq və Parisdə eşidiləcək. Çünki bu gün biz Fransa ilə münasibətlərin normallaşmasına çalışırıq. Onlar bizi tənqid edir, biz onları tənqid edirik. Bu, hücum deyil, iki suveren dövlət arasında işgüzar münasibətlərdir. Hər iki ölkə bərabərdir”.
Rusiya və Ukrayna barədə
Əliyev bildirib ki, Azərbaycanla Rusiya arasında münasibətlər normallaşıb və müsbət istiqamətdə inkişaf edir:
“Mən deyərdim ki, münasibətlər tamamilə normallaşıb. Əlaqələr müxtəlif səviyyələrdə — hökumətlər, hökumətlərarası komissiyaların həmsədrləri, xarici işlər nazirlikləri, eləcə də prezident administrasiyaları arasında həyata keçirilir. Buna görə də düşünürəm ki, bu baxımdan hər şey yaxşı gedir və biz bundan məmnunuq”.
Prezident həmçinin qeyd edib ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü həmişə dəstəkləyib və bundan sonra da dəstəkləyəcək. O, daha əvvəl Ukrayna tərəfinə verdiyi tövsiyəni bir daha təsdiqləyib və Kiyevə göstərilən humanitar dəstəyi yenidən vurğulayıb.
O, Azərbaycanın təcrübəsinə istinad edərək bildirib ki, xalqın iradəsini sındırmaq mümkün deyil və ölkənin Ukraynaya səmimi şəkildə yardım göstərdiyini vurğulayıb.
Prezident İlham Əliyev bildirib ki, Cənubi Qafqaz sülh regionuna çevrilməli və mümkün qədər geosiyasi rəqabətdən azad olmalıdır:
“Ən vacibi odur ki, regionla əməkdaşlıq etmək istəyən hər kəs ilk növbədə Cənubi Qafqazın sülh və qarşılıqlı fəaliyyət regionu olaraq geosiyasi rəqabətdən mümkün qədər uzaq qalmalı olduğu prinsipindən çıxış etsin”.
Əliyev deyib ki, son illərdə region köklü şəkildə dəyişib və bu dəyişikliklərin başlanğıc nöqtəsi İkinci Qarabağ müharibəsi olub. Buna görə də mövcud vəziyyət yeni yanaşmalar tələb edir. Prezident həmçinin bildirib ki, Azərbaycan özünün geosiyasi intriqalara cəlb edilməsinə imkan vermir və qonşu dövlətlər də eyni xətti tutmalıdırlar.
“Politfm”



