Foto: internet

 

Ali Məhkəmə çoxmənzilli binalarda müşahidə kameralarının quraşdırılmasıyla bağlı mübahisəyə dair qərar çıxarıb. Qurumun formalaşdırdığı yeni hüquqi normaya əsasən, qonşuların razılığı olmadan ümumi dəhlizdə, o cümlədən digər mənzillərin girişini görəcək şəkildə kamera quraşdırmaq şəxsi həyatın toxunulmazlığı hüququnun pozulması hesab olunur.

Ali Məhkəmə eyni binanın eyni mərtəbəsində yaşayan qonşular arasındakı mübahisəni araşdırıb. Sakinlərdən biri ümumi dəhlizdə və öz mənzilinin giriş hissəsində kameralar quraşdırıb. Digər qonşu isə bunun şəxsi həyatına müdaxilə olduğunu əsas gətirək məhkəməyə müraciət edib.

Məhkəmə vurğulayıb ki, hər kəs öz mənzilinin və əmlakının təhlükəsizliyini təmin etmək hüququna malikdir, amma bu hüquq başqalarının şəxsi həyatına qanunsuz müdaxilə hesabına həyata keçirilə bilməz.

“Şəxsi həyat yalnız evin içi deyil”

Ali Məhkəmənin qərarında mühüm bir məqam vurğulanır: “şəxsi həyat” anlayışı təkcə mənzilin içiylə məhdudlaşmır. Bir şəxsin mənzilə nə vaxt daxil olub-çıxması, onu kimlərin ziyarət etməsi, gündəlik həyat ritmi və təsvirinin ardıcıl qeydə alınması da şəxsi həyata aid məlumatlardır. Bu cür məlumatların sistemli şəkildə toplanması şəxsi həyata müdaxilə sayılır.

Razılıq yoxdursa, kamera bucağı dəyişməlidir

Yeni hüquqi normaya görə, ümumi istifadədə olan dəhlizi və ya digər mənzillərin giriş hissələrini əhatə edən kamera yalnız həmin dəhlizə çıxan qonşuların razılığıyla quraşdırıla bilər.
Qonşular razılıq verməsə, təhlükəsizlik kamerasının görüntü bucağı yalnız və yalnız onu quraşdıran şəxsin mənzil qapısını əhatə etməlidir. Kamera dəhlizi, liftin qarşısını, digər qonşuların qapısını və ya onların gediş-gəlişini davamlı qeydə almamalıdır.

Mənəvi zərər ödənəcək

Ali Məhkəmə həmçinin qeyd edib ki, insanın öz iradəsi xaricində uzun müddət izlənilməsi onda daimi nəzarət altında olmaq hissi yaradır. Bu isə psixoloji narahatlığa və mənəvi iztirablara səbəb olur. Belə hallarda şəxsi həyata qanunsuz müdaxilə sübuta yetirilərsə, mənəvi zərərin varlığını ayrıca sübut etməyə ehtiyac qalmır. Məhkəmə bu əsasla hüququ pozulan qonşunun xeyrinə mənəvi zərər əvəzinin tutulmasını qanuni sayıb.


“Politfm”