Foto: AFP
ABŞ Prezidenti Donald Tramp NATO sammiti çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenskiylə görüşüb. Görüşdən əvvəl onlar jurnalistlərin suallarını cavablandırıblar.
“Ukraynanın Rusiyaya zərbələri müharibənin başa çatmasına kömək edə bilər”
BBC Ukrayna xidmətinin müxbiri Miroslava Petsa Trampdan Ukraynanın Rusiyadakı neft emalı zavodlarına zərbələrə münasibətini soruşub. O bu cür hücumları eskalasiya hesab etdiyini, amma belə addımların müharibənin başa çatmasına kömək edə biləcəyini deyib.
Jurnalistlər Amerika prezedentindən Rusiyanın müharibəni hansı şərtlərlə bitirməyə hazır olduğunu və bu barədə prezident Vladimir Putinin hazırda nə dediyini soruşublar.
Tramp jurnalistlərə bu sualı birbaşa ona ünvanlamağı təklif edib, bildirib ki, Rusiya prezidentiylə danışmaq niyyətindədir.
“Müharibəni nə vaxt başa çatdıracaqsınız?” – jurnalistlərdən biri Putinə bu sualı verməyi təklif edib.
Tramp etiraf edib ki, indiyədək bunu Putindən soruşmayıb. Bununla belə, o, Rusiya prezidentinin müharibəni “mümkün qədər tez” başa çatdırmaq istədiyini düşündüyünü bildirib.
Putin və Zelenski arasında mümkün görüşdən danışan Tramp deyib ki, bu məsələni Rusiya prezidentiylə müzakirə edib və Putin növbəti dəfə belə bir görüşü Moskvada keçirməyə hazır olduğunu bildirib. Amma o, dərhal etiraf edib ki, Moskva belə bir görüş üçün uyğun məkan deyil.
“Rusiyaya gedərdinizmi?” deyə o, Zelenskidən soruşub.
“Hazırda Moskvada vəziyyət çətindir, orada Ukrayna dronları var” – Ukrayna prezidenti zarafatla belə cavab verib.
ABŞ Ukraynaya “Patriot” sistemlərinin istehsalı üçün lisenziya verəcək
Görüşdən sonra isə Tramp bildirib ki, Birləşmiş Ştatlar zərurət yaranacağı təqdirdə təhlükəsizlik zəmanətləri çərçivəsində Ukraynanın hava məkanının müdafiəsini öz üzərinə götürməyə hazırdır.
Jurnalistlərin “Ukrayna səmasını bağlamaq” barədə sualını cavablandıran Tramp “Əgər buna ehtiyac olarsa, bəli” deyə cavab verib.
Bundan əlavə, Amerika prezidenti Vaşinqtonun Kiyevə “Patriot” hava hücumundan müdafiə sistemlərinin istehsalı üçün texnologiyalar təqdim edəcəyini açıqlayıb:
“Bir quş mənə pıçıldadı ki, biz onlara “Patriot” istehsal etmək hüququ verəcəyik, onları necə hazırlamağı göstərəcəyik” (Görüşün videosu Ukrayna Prezidentinin Ofisi tərəfindən yayımlanıb).
Tramp qeyd edib ki, “Patriot” texniki baxımdan çox mürəkkəb sistemdir, amma əmindir ki, Ukraynanın onun istehsalını “tez bir zamanda mənimsəyəcəyəcək”.
ABŞ prezidenti həmçinin bildirib ki, əgər Ukrayna müharibənin əvvəlindən kifayət sayda “Patriot” sisteminə malik olsaydı, ölkə raket zərbələrindən tam qorunardı.
NATO iki ildə Ukraynaya 140 milyard avroluq maliyyə dəstəyi ayıracaq
NATO liderləri isə Ankara sammitinin yekunlarına dair qəbul etdikləri bəyannamədə Ukraynaya uzunmüddətli dəstək niyyətini bir daha təsdiqləyərək 2026-cı ildə silah tədarükü, hərbi yardım və hərbçilərin hazırlığı üçün ona 70 milyard avro ayıracaqlarını vəd ediblər. Bu öhdəlik yekun bəyannamədə də öz əksini tapıb (“Radio Svoboda”).
Sənəddə vurğulanır ki, Ukrayna Avroatlantik məkanın təhlükəsizliyinə töhfə verir, müttəfiqlərsə ölkənin azadlığına, suverenliyinə və ərazi bütövlüyünə “sarsılmaz dəstəyi” davam etdirirlər.
NATO ölkələri Ukraynaya 2027-ci ildə də ən azı eyni həcmdə yardım etmək niyyətində olduqlarını təsdiqləyiblər.
Bəyannamədə qeyd olunur ki, Kiyevə hərbi yardımın əsas hissəsi Avropadakı müttəfiqlər və Kanada tərəfindən artıq maliyyələşdirilir. Alyans Avropa İttifaqının “Ukraine Support Loan” mexanizmi vasitəsilə Ukraynaya uzunmüddətli maliyyə dəstəyi ayırmaq qərarını alqışlayıb.
Eyni zamanda, sammit iştirakçıları Rusiyanı Avroatlantik təhlükəsizlik üçün uzunmüddətli təhdid hesab etdiklərini bir daha bəyan ediblər.
NATO liderləri ümumi dəyəri 50 milyard dollardan çox olan yeni müdafiə satınalmaları həyata keçirəcəklərini açıqlayıblar. Onlar silah istehsalı sahəsində əməkdaşlığın genişləndirilməsi üzrə və raketdən müdafiə sistemləri, pilotsuz uçuş aparatları, eləcə də süni intellekt texnologiyaları da daxil olmaqla, müasir hərbi texnologiyaların inkişafının sürətləndirilməsi barədə razılığa gəliblər.
Bundan başqa, Ukraynanın hava hücumundan müdafiəsini gücləndirməklə bağlı sammitdə razılıq əldə edilib.
“Artıq hava hücumundan müdafiə potensialımızın, xüsusilə də ballistik raketlərə qarşı müdafiə imkanlarımızın gücləndirilməsi ilə bağlı konkret qərarlar var” – Ukraynanın xarici işlər naziri Andrey Sibiqa belə deyib.
Nazir qeyd edib ki, Ukrayna “Patriot” zenit-raket kompleksləri üçün “PAC-3” raket ehtiyatına malik ölkələrlə bu raketlərin Kiyevə çatdırılmasının sürətləndirilməsi barədə danışıqlar aparır. Bundan əlavə, Ukraynada raket əleyhinə müdafiə sistemlərinin yerli istehsalının yaradılması da müzakirə olunur. Sibiqanın sözlərinə görə, müttəfiqlərin dəstəyilə bu layihənin necə başa çatdırılacağına dair artıq aydın təsəvvür formalaşıb.
Daha əvvəl Zelenski sammit çərçivəsində ABŞ Konqresinin hər iki partiyadan olan nümayəndə heyətilə görüş keçirdiyini açıqlayıb.
Ukrayna prezidenti deyib ki, görüşdə müharibənin diplomatik yolla nizamlanması perspektivləri, Rusiyaya qarşı yeni sanksiyalar haqqında qanun layihəsi, habelə Rusiyanın davam edən zərbələri fonunda “Patriot” kompleksləri üçün raketlərin çatışmazlığı müzakirə olunub.
NATO-nun baş katibi Mark Rütte isə ABŞ-nin alyansa sadiqliyinin tam şəkildə davam etdiyini bildirib. O, Amerikanın İrana endirdiyi son zərbələri dəstəkləyib, bunu Hörmüz boğazında İranın kommersiya gəmilərinə hücumlarına “tamamilə zəruri” cavab adlandırıb.
NATO sammiti iyulun 7–8-də Ankarada keçirilir. Sammitin əsas mövzuları Ukraynaya hərbi dəstəyin davam etdirilməsi, Avropanın müdafiəsinin gücləndirilməsi və müttəfiqlər arasında müdafiə xərclərinin bölüşdürülməsidir.
“Politfm”



