ABŞ Prezidenti Donald Tramp NATO-nun sammitində, Ankara, Türkiy., 8 iyul 2026 (foto: AFP)
ABŞ Prezidenti Donald Tramp ABŞ ilə İran arasındakı atəşkəsin artıq başa çatdığını düşündüyünü bildirib. O bunu Ankarada keçirilən NATO sammiti çərçivəsində jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Düşünürəm ki, atəşkəs başa çatıb. Mən artıq onlarla iş görmək istəmirəm” deyən Tramp İran rəhbərliyini “xəstə adamlar” adlandırıb.
O əlavə edib ki, vəziyyəti ABŞ nümayəndə heyətilə də müzakirə edəcək, amma Tehranla növbəti danışıqları “vaxt itkisi” hesab edir (“Radio Svoboda”).
ABŞ prezidenti həmçinin qeyd edib ki, Amerika hərbçiləri iyulun 8-nə keçən gecə İran ərazisinə “çox güclü zərbələr” endiriblər:
“Onlara dedik ki, gedin dəfn mərasimlərinizlə məşğul olun. Amma onlar bunun əvəzinə dünən gəmiləri atəşə tutmağa başladılar. Buna görə də ötən gecə onlara çox ağır zərbə endirdik”.
Hazırda İranda ölkənin ali dini rəhbəri ayətullah Əli Xameneinin dəfn mərasimi keçirilir. O, fevralın sonunda ABŞ və İsrailin birgə zərbəsi nəticəsində öldürülüb.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, iyulun 8-nə keçən gecə Amerika hərbçiləri İranda təxminən 80 hərbi obyektə zərbə endiriblər. Komandanlığın məlumatına görə, hava hücumundan müdafiə sistemləri, radiolokasiya stansiyaları, komanda-idarəetmə məntəqələri, gəmi əleyhinə raket kompleksləri və Hörmüz boğazı bölgəsində yerləşən İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus 60-dan çox kater məhv edilib.
İranın dövlət KİV-ləri Bəndər-Abbas və Sirik liman şəhərlərində, həmçinin Qeşm adasında partlayışların baş verdiyini bildirib.
CENTCOM-un açıqlamasına görə, əməliyyat Hörmüz boğazında üç kommersiya tankerinə endirilən zərbələrə cavab olaraq həyata keçirilib. Tehran isə iddia edir ki, həmin gəmilər İran hakimiyyətiylə razılaşdırılmamış marşrutla hərəkət edirdilər.
İran ABŞ-nin hərəkətlərini pisləyib. “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahı zərbələri “misli görünməmiş təcavüz” adlandıraraq “sarsıdıcı cavab” veriləcəyini bəyan edib. SEPAH isə Bəhreyn və Küveytdəki ABŞ obyektlərinə zərbələr endirdiyini açıqlayıb. ABŞ hələ ki bu məlumatı təsdiqləməyib.
Eyni zamanda ABŞ Maliyyə Nazirliyi İran neftinin ixracına imkan verən lisenziyanı ləğv edib. Mövcud müqavilələrin iyulun 17-dək tamamlanması tələb olunur. Bu məhdudiyyətlər Vaşinqton və Tehran arasında 60 günlük atəşkəsi və yekun sülh sazişi üzrə danışıqları nəzərdə tutan qarşılıqlı anlaşma memorandumunun iyunun sonunda imzalanmasından sonra müvəqqəti olaraq aradan qaldırılmışdı. Yeni eskalasiyadan sonra isə ABŞ sanksiya rejimini yenidən bərpa edib.
“Politfm”



