Foto: “The Moscow Times”

 

“Rusiya regionlarını əhatə edən və bir sıra yerlərdə benzinin talon və QR-kod sistemi ilə paylanmasına keçidlə müşayiət olunan yanacaq böhranı prezident Vladimir Putinin reytinqinin aşağı düşməsinə səbəb olub.

Dövlətə məxsus Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin (VTsIOM) məlumatına görə, iyunun 22–28-i ərzində Putinin fəaliyyətini bəyənənlərin sayı 3,5 faiz azalıb. Bu, 2018-ci ilin iyunundan – Putin pensiya yaşının artırılacağını elan etdiyi vaxtdan bəri qeydə alınan ən kəskin həftəlik enişdir. Həmin vaxt reytinq bir həftə ərzində 8,5 faiz geriləmişdi (“The Moscow Times”).

VTsIOM-un məlumatları göstərir ki, nə 2022-ci ilin payızında elan edilən səfərbərlik, nə “Telegram”-ın bloklanması, nə də internet məhdudiyyətləri Putinin reytinqində bir həftə ərzində bu qədər ciddi azalmaya səbəb olmuşdu. Pensiya islahatı istisna olmaqla, son 20 ildə prezidentin reytinqi yalnız bir dəfə bundan daha sürətlə aşağı düşüb: 2009-cu ilin sentyabrında o vaxtkı prezident Dmitri Medvedevin reytinqi bir həftə ərzində 4 faiz azalmışdı.

Sorğunun nəticələrinə əsasən, iyunun 28-nə Putinin fəaliyyətini bəyənənlərin payı 66,9%-ə enib. Bu göstərici apreldə qeydə alınan minimum səviyyədən (65,6%) bir qədər yüksək olsa da, ötən ilin sonu ilə müqayisədə 10,9 faiz aşağıdır. 2025-ci ilin mayında – müharibə dövrünün pik həddində olan 79,2%-lə müqayisədə Putinin reytinqi 12,3 faiz azalıb.
Siyasi analitik Sergey Kolesnikovun fikrincə, yanacaq böhranı sosial böhrana çevrilmək üzrədir və gələcəkdə siyasi xarakter ala bilər. O hesab edir ki, cəmiyyətdə müharibədən yorğunluq hissi getdikcə qıcıqlanmaya çevrilir, baxmayaraq ki, insanlar hələlik genişmiqyaslı etiraz aksiyaları üçün kifayət qədər imkanlara malik deyillər.

VTsIOM-un hesabatında qeyd olunur ki, baş verənlərə görə vətəndaşlar daha çox Putini məsul hesab edirlər. Çünki hökumətin fəaliyyətini bəyənənlərin payı bir həftə ərzində cəmi 0,2 faiz azalaraq 45,7%-ə düşüb, bəyənməyənlərin payı isə əksinə, 23,3%-dən 23%-ə enib.

Politoloq İlya Qraşenkov bildirib ki, “boş benzin çəni boş soyuducudan daha ciddi problemə çevrilib”. Onun sözlərinə görə, benzin qıtlığı qısa müddətdə təsərrüfat problemi olmaqdan çıxaraq dövlətin böhranı idarəetmə qabiliyyətinin sınağına çevrilib. Bu böhran abstrakt makroiqtisadi göstəricilərə yox, insanların gündəlik həyatına birbaşa təsir göstərir.

Benzin böhranı ilin əvvəlindən iqtisadiyyatda müşahidə olunan ümumi geriləməylə üst-üstə düşür. Rusiya iqtisadiyyatı 2023-cü ildən bəri ilk dəfə ilə kiçilməylə başlayıb. “Gallup”-un məlumatına görə, bu il həyat səviyyəsinin pisləşdiyini hiss edən rusiyalıların payı son 20 ilin maksimumuna – 56%-ə çatıb. Eyni zamanda, respondentlərin 60%-i iqtisadi vəziyyətin gələcəkdə daha da pisləşəcəyini düşünür ki, bu da iqtisadi pessimizm üzrə rekord göstəricidir.

“İvolqa Kapital” investisiya şirkətinin baş direktoru Andrey Xoxrinin fikrincə, mövcud vəziyyət 1998, 2008 və ya 2014-cü illərdən daha çox 1991-ci ili xatırladır. Onun sözlərinə görə, “iqtisadi deqradasiya sürətlənir, televiziya hər şeyin plana uyğun getdiyini göstərir, ardınca isə sürətli çöküş baş verir”.

“Politfm”