Foto: Əmirhüseyn Horqui / ISNA / AP


ABŞ-də Tramp administrasiyası ilə İran arasında Hörmüz boğazı üzərində nəzarət və rüsum tələbləriylə bağlı gərginlik həm diplomatik, həm də iqtisadi müstəvidə dərinləşməyə davam edir. “The Wall Street Journal” və “Bloomberg” agentliklərinin yaydığı son məlumatlar regionda həm hərbi risklərin artdığını, həm də enerji ixracında İranın ciddi dalana dirəndiyini göstərir.

ABŞ administrasiyası İranın Hörmüz boğazı üzərində hər hansı iddiadan və boğazdan keçən gəmilərdən rüsum tələblərindən imtina etməsi müqabilində bu ölkənin xaricdə dondurulmuş milyardlarla dollar vəsaitini qaytarmağı təklif edib (“The Wall Street Journal”).

İki ölkə arasında imzalanmış anlaşma memorandumuna əsasən, Tehran xaricdəki 100 milyard dollarlıq dondurulmuş aktivlərinin bir hissəsini geri almalı idi. Hətta ilkin mərhələdə Qətərdə saxlanılan 6 milyard dolların sərbəst buraxılması istiqamətində irəliləyiş qeydə alınmışdı. Lakin ABŞ rəsmiləri bildirirlər ki, İranın boğazı blokadaya almaq cəhdləri bu vəsaitlərin sərbəst buraxılması prosesini tamamilə dayandırıb.

Rəsmi Tehran: “Hörmüz bizim nəzarətimizdədir”

İran tərəfi ABŞ-nin təklif etdiyi bu maliyyə “mükafatının” öz strateji mövqeyini dəyişmək üçün kifayət etmədiyini nümayiş etdirir. İranın baş danışıqçısı və xarici işlər nazirinin müavini Kazım Qəribabadi Hörmüz boğazının tamamilə “İranın komandanlığı altında” olduğunu bəyan edib.

Ölkənin hərbi rəhbərliyi isə təhdidlərin miqyasını artıraraq xəbərdarlıq edib ki, İranın təsdiqləmədiyi marşrutlardan istifadə edən istənilən gəmi “dərhal və güclü” cavabla qarşılaşacaq.

Boğazda trafik azalıb

Siyasi gərginlik və hərbi təhdidlər dünyanın ən mühüm dəniz ticarət yollarından birinə ağır zərbə vurub. “Kpler” analitik şirkətinin son hesabatına görə, müharibədən əvvəl Hörmüz boğazından hər gün 100-dən çox gəmi keçirdi. Bir həftə əvvəl bu say 75-ə düşüb. Son məlumatlara görə isə günlük trafik 43 gəmiyə qədər geriləyib.

Buna baxmayaraq danışıqlarda vasitəçi rolunu oynayan Qətər tərəfi nikbinliyini qoruyur. Rəsmi Doha ABŞ və İranın hələ də daimi sülh sazişinə doğru irəlilədiyini iddia edir.
İran alıcı tapmır: milyonlarla neft barrel dənizdə qalıb

Diplomatik böhran fonunda İran iqtisadiyyatının ana xətti olan neft satışı da ağır zərbə alıb. “Bloomberg ” qeyd edir ki, avqustun ortalarında başa çatacaq 60 günlük anlaşma memorandumunun müddəti yaxınlaşdıqca, İran bazarda alıcı tapmaqda ciddi çətinlik çəkir. Nəticədə ölkənin xam nefti dənizdə üzən anbarlarda yığılıb qalıb.

“Kpler”in statistikası yaranmış vəziyyətin miqyasını ortaya qoyur:
20 milyon barreldən çox İran xam nefti ən azı bir həftədir ki, Asiya sularında müştəri gözləyir (Bu, ötən həftə ilə müqayisədə 18% artım deməkdir).
ABŞ-nin sanksiyalardan müvəqqəti azad etmə qərarı qüvvəyə minəndən sonra İranın istər tranzitdə, istərsə də stasionar vəziyyətdə olan ümumi üzən neft ehtiyatlarının 58-68 milyon barrel aralığında olduğu təxmin edilir.

Tramp qorxusu və Çin faktoru

Ekspertlər İranın neft satışında qarşılaşdığı çətinlikləri bir neçə faktorla əlaqələndirirlər. Bir tərəfdən Avropa İttifaqı və Böyük Britaniyanın mövcud məhdudiyyətləri qüvvədə qalır, digər tərəfdənsə ən böyük alıcı rolunda çıxış edən Çində hazırda tələbat olduqca aşağıdır. Ən böyük risk isə qeyri-müəyyənlikdir. Qlobal alıcılar ehtiyat edirlər ki, danışıqlar uğursuz olacağı təqdirdə ABŞ Prezidenti Donald Tramp sanksiyaları dərhal və daha sərt şəkildə bərpa edə bilər.

 

“Politfm”