Danimarkanın Bornholm adası yaxınlığındakı “Şimal axını-2-də” kəmərində qaz sızması, 27 sentyabr 2022 (foto: “Reyters”)
Almaniya Baş Prokurorluğu hesab edir ki, “Şimal axını” qaz kəməinin partladılmasında şübhəli bilinərək həbs olunan Ukrayna vətəndaşı bu ölkənin dövlət orqanlarının göstərişiylə hərəkət edib. Ona Almaniya Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə, həmçinin mülki infrastruktura hücuma görə hərbi cinayət ittihamı irəli sürülüb.
Prokurorluq bildirir ki, Sergey K. (Almaniyada rəsmi məlumatlarda adlar tam açıqlanmır, yerli media əvvəllər onu Sergey Kuznetsov kimi təqdim edib) 2022-ci ildə Ukrayna ordusunun zabiti olub (BBC). Qeyd edilir ki, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra o, digər hərbçilərlə birlikdə Rusiyanın qaz tədarükünü pozmaq və Moskvanı qaz gəlirlərindən məhrum etmək məqsədilə “Şimal axını-1” və “Şimal axını-2” qaz kəmərlərinin partladılması planını hazırlayıb.
Prokurorluğun iddiasına görə, Sergey K. “Ukrayna dövlət orqanlarının əmriylə” hərəkət edib.
Ona Almaniya Cinayət Məcəlləsinin üç maddəsi – partlayış törətmə, tikililərin dağıdılması və ictimai əhəmiyyət daşıyan xidmətlərin fəaliyyətinin pozulması maddələri üzrə, həmçinin Beynəlxalq Hüquqa Qarşı Cinayətlər Məcəlləsinin mülki infrastruktur obyektinə hücum (hərbi cinayət hesab olunur) maddəsi üzrə ittiham irəli sürülüb.
Sergey K.-nın italiyalı vəkili Nikola Kanestrini bildirib ki, prokurorluq müdafiə etdiyi şəxsə hərbi cinayət ittihamı irəli sürməklə “ilk dəfə olaraq ehtimal olunan əməlin silahlı münaqişə, yəni müharibə şəraitində törədildiyini etiraf edir” (AFP).
Prokurorluğun versiyasına əsasən, Sergey K. peşəkar dalğıclardan, yaxta kapitanından və partlayıcı maddələr üzrə mütəxəssisdən ibarət qrup yaradıb. O, 2022-ci il sentyabrın 4-də saxta Ukrayna pasportuyla Polşadan Almaniyaya daxil olub, daha sonra isə digər iştirakçılarla birlikdə vasitəçilər tərəfindən saxta sənədlərlə icarəyə götürülmüş yelkənli yaxtaya minib.
İstintaqın qənaətinə görə, sentyabrın 22-dək qrup Danimarkanın Bornholm adası yaxınlığında qaz kəmərinə partlayıcı qurğular yerləşdirib. Sentyabrın 26-da həmin qurğular işə düşüb və nəticədə hər iki “Şimal axını” qaz kəmərinə ziyan dəyib.
Prokurorluq qeyd edir ki, partlayışa qədər “Şimal axını-1” Almaniyanın enerji istehsalı üçün illik təbii qaz tələbatının təxminən yarısını təmin edib.
Sergey K.-ya qarşı ittiham iyunun 30-da irəli sürülüb, ertəsi gün isə bu barədə Almaniya KİV-i məlumat yayıb.
O, partlayışlarda iştirakını inkar edir.
2023-cü ilin martında “The New York Times”, “Die Zeit” və “The Washington Post” nəşrləri ABŞ kəşfiyyatının məlumatlarına istinadən yazmışdılar ki, “Şimal axını”nın partladılmasının arxasında “Ukrayna yönümlü qrup” dayanmış ola bilər.
Həmin vaxt jurnalistlər qeyd etmişdilər ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin və onun ətrafının diversiya planlarından xəbərdar olduğunu və ya partlayışların Ukrayna hökuməti tərəfindən təşkil edildiyini təsdiqləyən heç bir sübut yoxdur.
Bu il “Şimal axını”ndakı partlayış haqqında kitab dərc etdirən “The Wall Street Journal” qəzetinin jurnalisti Boyan Pançevski öz araşdırmasında belə nəticəyə gəlib ki, diversiya o vaxt Ukrayna Silahlı Qüvvələrinin baş komandanı olan Valeri Zalujnı tərəfindən təsdiqlənib. Jurnalistin Zalujnının ətrafındakı mənbələrə istinadən yazdığına görə, general müəyyən mərhələdə plan barədə Volodimir Zelenskiyə məlumat verib. Ukrayna prezidenti və onun administrasiyası bu iddiaları rədd edir.
Kiyev bütün bu müddət ərzində “Şimal axını”ndakı diversiyayla əlaqəsini inkar edib. Almaniya KİV-i Sergey K.-ya ittiham irəli sürüldüyü barədə məlumat yaydıqdan sonra Zelenski bildirib ki, prosesin rəsmi təfərrüatları hələlik ona məlum deyil.
“Hər iki ölkənin aidiyyəti qurumları əlaqə saxlayıb daha çox təfərrüat əldə etdikdən sonra münasibət bildirə biləcəyik” deyə, o əlavə edib.
Ukrayna prezidenti Almaniya Baş Prokurorluğunun press-relizinə hələlik münasibət bildirməyib.
“Politfm”



