Birləşmiş Millətlər Təşkilatının Avropadakı qərargahı olan Millətlər Sarayı, Cenevrə (foto: internet)

 


Gürcüstan Xarici İşlər Nazirliyi iyulun 2-də Cenevrə Beynəlxalq Müzakirələrinin 67-ci raundunun yekunlarıyla bağlı sərt bəyanat yayıb.

Cenevrə Beynəlxalq Müzakirələri 2008-ci ilin avqust müharibəsindən sonra dialoq platforması kimi yaradılıb. Avropa İttifaqı, BMT və AŞPA-dan ola həmsədrlərlə mütəmadi görüşlər keçirilir. Danışıqlarda Gürcüstan, Rusiya və ABŞ nümayəndələri, həmçinin Tsxinvali (Cənubi Osetiya) və Abxaziyadakı tanınmamış qurumların təmsilçiləri iştirak edirlər.

İclaslar, adətən, iki işçi qrupu çərçivəsində keçirilir: onlardan biri sülh və təhlükəsizlik məsələlərini, digəri isə humanitar problemləri müzakirə edir. Gürcüstan, BMT və dünya ölkələrinin böyük əksəriyyəti Abxaziya və Tsxinvali bölgəsini Gürcüstanın Rusiya tərəfindən işğal olunmuş əraziləri hesab edir.

Gürcüstan XİN-in məlumatına görə, budəfəki görüşdə ölkənin nümayəndə heyəti 2026-cı ilin mayında Rusiya ilə Tsxinvalidəki “işğalçı rejim” arasında imzalanmış və tərəflər arasında müttəfiqlik əməkdaşlığının daha da dərinləşdirilməsini nəzərdə tutan sazişi kəskin tənqid edib (“Jam.news”).

Xarici işlər nazirinin müavini Laşa Darsalianın rəhbərlik etdiyi Gürcüstan nümayəndə heyəti danışıqlarda bəyan edib ki, həmin saziş beynəlxalq hüquq normalarına ziddir, hüquqi qüvvəyə malik deyil və konstruktiv dialoq prosesinə zərbə vurur.

Nazirlik qeyd edib ki, rəsmi Tbilisi sazişin sürətli icrasıyla bağlı da narahatlığını ifadə edib.
Cenevrə danışıqlarının 67-ci raundu başa çatdıqdan sonra Rusiya Xarici İşlər Nazirliyi Moskvanın danışıqları dəstəklədiyini bildirib və yenidən “Gürcüstan, Abxaziya və Cənubi Osetiya arasında gücdən istifadə etməmək barədə hüquqi cəhətdən məcburi sazişin imzalanmasını” tələb edib.

İyunun 30-da və iyulun 1-də keçirilən danışıqlarda Gürcüstan nümayəndələri bir daha Rusiyanın 2008-ci il 12 avqust tarixli atəşkəs sazişi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi məsələsini qaldırıblar.

Gürcüstan XİN bildirib ki, nümayəndə heyəti Abxaziya və Tsxinvali bölgəsində Rusiyanın hərbi mövcudluğu, təhlükəsizlik problemləri, humanitar vəziyyət və insan hüquqlarının müdafiəsi məsələlərinə xüsusi diqqət yetirib.

Tbilisi həmçinin məcburi köçkünlərin və qaçqınların işğal olunmuş ərazilərə təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasının təmin edilməsini də tələb edib. Bu məsələ Cenevrə Beynəlxalq Müzakirələrinin əsas gündəm mövzularından biri olaraq qalır.

Nazirliyin məlumatına görə, Gürcüstan nümayəndə heyəti Abxaziyanın Qali rayonunda İnsidentlərin Qarşısının Alınması və Onlara Cavab Mexanizminin (IPRM) heç bir ilkin şərt olmadan bərpasının vacibliyini vurğulayıb. Bildirilib ki, həm Qalidə, həm də Gürcüstan–Cənubi Osetiya münaqişə zonasında yerləşən Erqnetidə bu formatda müntəzəm görüşlərin keçirilməsi regionda sabitliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

Nazirlik həmçinin qeyd edib ki, məcburi köçkünlərin və qaçqınların öz evlərinə qayıtması məsələsi müzakirə edilərkən Rusiya və onun Abxaziyayla Tsxinvali bölgəsindəki “işğalçı rejimləri”nin nümayəndələri danışıqlar masasını tərk ediblər.
Cenevrə Beynəlxalq Müzakirələrinin 68-ci raundu noyabrın 10-11-də keçiriləcək.

Tarixçə

Rusiya Dövlət Duması mayın 13-də keçirilən plenar iclasda “Rusiya ilə Cənubi Osetiya arasında müttəfiqliyin dərinləşdirilməsi haqqında” müqaviləni ratifikasiya edib. Müqavilənin ratifikasiyası haqqında qanun layihəsi Dövlət Dumasına şəxsən Rusiya prezidenti Vladimir Putin tərəfindən təqdim olunub.
Sənəd mayın 9-da Moskvada Vladimir Putin və özünü “Cənubi Osetiyanın lideri” adlandıran Alan Qaqloyev tərəfindən imzalanıb.

Müqavilə müdafiə, təhlükəsizlik, iqtisadiyyat, infrastruktur və sosial siyasət sahələrində əməkdaşlığın genişləndirilməsini, həmçinin kapitalın, malların, xidmətlərin və işçi qüvvəsinin sərbəst hərəkəti üçün şərait yaradılmasını nəzərdə tutur.

“Politfm”