İyulun 2-nə keçən gecə Rusiya qüvvələri Ukrayna ərazisinə müxtəlif tipli 74 raket və 496 dron zərbəsi endiriblər.
Bu barədə Ukrayna ordusunun Hərbi Hava Qüvvələri məlumat yayıb.
Bildirilir ki, hücumun əsas istiqaməti Kiyev olub.
Ukrayna Prezidenti Volodimir Zelenski və digər rəsmilərin hücumla bağlı ilk xəbərdarlıqlarından sonra bir çox sakin metro stansiyalarına sığınıb.
Yerli vaxtla saat 09:00-a olan məlumata görə, 48 raket və 476 PUA hava hücumundan müdafiə vasitələri və radioelektron mübarizə (REM) sistemləri tərəfindən məhv edilib və ya zərərsizləşdirilib.
Məlumata əsasən, 25 ballistik raketin və 12 zərbə PUA-sının 33 müxtəlif nöqtəyə düşməsi, həmçinin raket və dron qalıqlarının 18 yerdə aşkar edilməsi qeydə alınıb. Bir neçə raketlə bağlı məlumat dəqiqləşdirilir. Ukrayna hava məkanında hələ də bir neçə Rusiya PUA-sı qalmaqdadır.
Kiyevdə ölənlərin sayı 13 nəfərə çatıb. Bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb. 34 nəfərin xilas edildiyi bildirilir. Axtarış-xilasetmə işləri davam etdirilir.
Kiyev meri Vitali Kliçko 86 nəfərin xəsarət aldığını, onlardan 70-nin xəstəxanaya yerləşdirildiyini açıqlayıb. O, 3 iyulun matəm günü elan edildiyini bildirib.
“Politfm”



