Foto: “Reuters”

 

Belarus Prezidenti Aleksandr Lukaşenko 3 iyul Müstəqillik Günü ərəfəsində 32 məhkumu əfv edib.

Bu barədə prezidentin Mətbuat xidmətiylə əlaqəli “Pul Pervoqo” “Telegram” kanalı məlumat yayıb.

Bildirilir ki, əfv olunanlar arasında 20 qadın və 12 kişi var. Onlardan 28-i Belarus hakimiyyətinin “ekstremist xarakterli” adlandırdığı ittihamlarla məhkum edilib.

“Qərar məhkumlara və onların ailələrinə münasibətdə humanizm prinsipi rəhbər tutularaq qəbul edilib. Onların hamısı əfv üçün müraciət edib, təqsirlərini etiraf edib və peşman olduqlarını bildiriblər” – xəbərdə belə yazılır.

Daha əvvəl Lukaşenko 18 nəfəri, o cümlədən “ekstremist” maddələrlə məhkum edilmiş 15 şəxsi azadlığa buraxmışdı.

“Vyasna” İnsan Hüquqları Mərkəzinin məlumatına görə, 2024-cü ilin iyulundan 2025-ci ilin sonunadək Belarusda 569 siyasi məhbus əfv edilib.

“Politfm”