Foto: “AZƏRTAC”

 


Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana gəlib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda onu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Avropa İttifaqının (Aİ) genişlənmə üzrə komissarı Marta Kos və digər rəsmi şəxslər qarşılayıblar.

“Avropa İttifaqı Cənubi Qafqazın sülh, firavanlıq və inteqrasiya içində parlaq gələcəyinə inanır. Biz bu gələcəyin qurulmasına kömək etmək istəyirik” – fon der Lyayen bunları “X” hesabında yazıb.

“Mən həm də Avropa İttifaqıyla Azərbaycan arasındakı tərəfdaşlığı dərinləşdirmək üçün buradayam – ticarətdən nəqliyyata, enerjidən iqtisadiyyata qədər hər bir sahədə” deyə, o əlavə edib.

Azərbaycan Prezidenti İlham Əliyevin Ursula Fon der Lyayenlə əvvəlcə təkbətək, sonra geniş tərkibdə görüşü olub. Bu barədə prezidentin Mətbuat xidməti məlumat yayıb.

Sonra İlham Əliyevlə Fon der Lyayen birgə mətbuat konfransı keçiriblər.
“Bu gün biz Avropa İttifaqıyla Azərbaycan arasında çox fəal dialoqun şahidiyik. Azərbaycan Avropa İttifaqının Cənubi Qafqaz regionunda əsas ticarət tərəfdaşıdır” – Əliyev belə deyib.
Azərbaycan-Ermənistan münasibətlərinə toxunan Azərbaycan prezidenti “normallaşma prosesinin uğurla davam etdiyini” bildirib.

Avropa Komissiyasının prezidenti də bu barədə danışıb, Əliyevə müraciətlə deyib ki, “Siz regionda sülh və əməkdaşlığın təşviqində şəxsi liderlik nümayiş etdirdiniz”.

“Biz “Global Gateway” proqramı çərçivəsində Cənubi Qafqazda nəqliyyat, enerji və rəqəmsal əlaqələrin inkişafı üçün 200 milyon avroya qədər qrant ayıracağıq. Bu, dövlətdən və özəl sektordan ümumilikdə 2 milyard avroyadək investisiya cəlb edilməsinə imkan yarada bilər. Layihələrə, məsələn, Naxçıvan üzərindən dəmiryolu bağlantısının yaradılması və Bakı limanının inkişaf etdirilməsi də daxil ola bilər“.
O həmçinin vurğulayıb ki, Azərbaycan Aİ üçün etibarlı tərəfdaş olduğunu sübut edib.

Ursula fon der Lyayen Azərbaycandan sonra Ermənistana səfər edəcək.

“Politfm”