İtkin düşənlər üzrə Beynəlxalq Komissiyanın Baş direktoru Ketrin Bombercer (foto: APA)
Azərbaycan və Ermənistan itkin düşənlərlə bağlı birgə məlumat bazası yaradacaqlar. Layihə daha əvvəl keçmiş Yuqoslaviya ölkələrində tətbiq olunmuş əməkdaşlıq modeli əsasında qurulacaq.
Bu barədə APA məlumat verib.
Bildirilir ki, İtkin düşənlər üzrə Beynəlxalq Komissiyanın baş direktoru Ketrin Bombercer bu xəbəri “İtkinlər probleminin həllinə müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi” adlı konfransda açıqlayıb.
Onun sözlərinə görə, yeni məlumat bazası təkcə Azərbaycan və Ermənistan arasında informasiya mübadiləsi üçün alət olmayacaq, həm də dövlət qurumları arasında əlaqəni gücləndirəcək, itkin düşənlərin ailələri ilə dövlət strukturları arasında daha yaxın ünsiyyətin qurulmasına kömək edəcək.
Bombercer həmçinin qeyd edib ki, oxşar mexanizm keçmiş Yuqoslaviya ölkələrində uğurla tətbiq olunub. Ordakı münaqişələrin başa çatmasından illər sonra hökumətlər itkin düşənlərlə bağlı birgə işçi qrup yaradıb və açılmamış işlər üzrə vahid məlumat bazası formalaşdırıblar.
“İlk baxışda bu, sadəcə texniki bir alət kimi görünə bilər, amma praktikada belə mexanizmlər əməkdaşlığın və sülhün möhkəmlənməsi üçün vacib baza rolunu oynayır” deyə, o vurğulayıb.
Həmin tədbirdə çıxış edən Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini Şərəfat Həsənov bildirib ki, yeni sistem Ermənistan və Azərbaycan sakinlərinə itkin düşənlərlə bağlı məlumatları, o cümlədən mümkün dəfn yerləri barədə bilgiləri məxfi şəkildə ötürmək imkanı verəcək.
“Politfm”



