“Katalyst Space” şirkətinin LINK layihəsinin baş tədqiqatçısı Kiran Uilson və kosmik sistemlər mühəndisi Hanter Robertson NASA-nın Qoddard Kosmik Uçuş Mərkəzində termovakuum sınaqları ərəfəsində Kosmik Mühit Simulyatoruna (SES) yerləşdirilmiş kosmik aparatın yanında, Qrinbelt şəhəri, Merilend ştatı, ABŞ, 17 aprel 2026 (foto:Sofiya Roberts/NASA, AP vasitəsilə)

 

 

NASA enməkdə olan tarixi kosmik teleskopu xilas etmək üçün bu həftə cəsarətli bir əməliyyat həyata keçirəcək. 

Kainatın ən böyük partlayışlarını izləyən və 2004-cü ildən bəri fəaliyyət göstərən “Swift” teleskopu son vaxtlar artan günəş aktivliyi (alovlanmaları) səbəbindən sürətlə aşağı enir. Onu xilas etmək üçün 30 milyon dollarlıq büdcə ayrılıb.

İcraçı “Katalyst Space Technologies” startapıdır. Şirkətin hazırladığı üçqollu robot kosmik gəmisi teleskopu tutaraq daha yüksək və təhlükəsiz orbitə qaldıracaq. Bu əməliyyat çərşənbə axşamı Sakit okeandakı Marşall adalarından buraxılacaq “Pegasus” raketi vasitəsilə reallaşdırılacaq.

Eyni vəziyyət məşhur “Hubble” kosmik teleskopunu da müşahidə olunur. O da günəşdəki partlayışlar ucbatından getdikcə Yerə yaxınlaşır.

“Katalyst Space” şirkətinin rəhbəri Qonhi Li (Ghonhee Lee) bildirib ki, hazırda hazırlanmaqda olan növbəti nəsil robotlar bir neçə il sonra “Swift”-dən daha böyük olan “Hubble” teleskopunu da xilas edə biləcəklər.

“Bu, kosmosa qalxaraq belə bir iş görəcək ilk Amerika kosmik robotudur. NASA-nın əlində böyük rəsədxanalar çoxdur və bu missiyayla biz yeni bir xilasetmə strategiyamızın olduğunu nümayiş etdiririk” deyə, Qonhi Li əlavə edib.

Kosmosda bu qədər çətin əməliyyatı indiyədək yalnız Çin sınaqdan keçirib – dörd il əvvəl bir peyki uğurla daha yüksək “qəbirstanlıq orbitinə” itələməyi bacarıb. ABŞ isə bu texnologiyanı ilk dəfə tətbiq etməyə hazırlaşır.

“Politfm”