Foto: “pfo.gov.ru”
Vladimir Putin “Vahid Rusiya” partiyasınını qurultayında dünənki çıxışı zamanı növbəti dəfə Rusiya ordusunun uğurlarından danışıb. Onun dedikləri nə müstəqil hərbi analitiklərin, nə də bu ölkənin hərbi bloqerlərin məlumatlarıyla üst-üstə düşür.
BBC Rus Xidmətinin hərbi mövzular üzrə şərhçisi İlya Abişev Rusiya prezidentinin açıqlamalarını iki qrupa ayırır.
O qeyd edir ki, birinci qrupa aid olanlar ordunun real irəliləyişinin şişirdilmiş təqdimatına əsaslana bilər. Məsələn, Konstantinovkanın 96%-nin ələ keçirilməsiylə bağlı Putinin dedikləri həqiqəti əks etdirmir. Ukrayna Silahlı Qüvvələri şəhərin təxminən yarısını nəzarətdə saxlayır.
Abışevin sözlərinə görə, eyni vəziyyət digər istiqamətlərdə də müşahidə olunur. Putinin “Limanda 11 min evdən cəmi 149-nu azad etmək qalıb” sözləri də açıq-aşkar şişirtmədir. Kramatorsk rayonunda yerləşən bu şəhərin böyük hissəsi hələ də Ukrayna ordusunun nəzarətindədir və yalnız şərq hissəsində Rusiya ordusunun kiçik hücum qruplarının irəliləməsi qeydə alınır.
Putinin “Slavyanska təxminən 8–9 kilometr qalıb” sözləri də reallığı əks etdirmir. Realda məsafə bundan təxminən iki dəfə çoxdur. Amma Rusiya ordusunun Slavyansk istiqamətində hücumu davam edir.
“Sumı şəhərinə təxminən 10,5 kilometr qalıb” bəyanatı da həqiqətdən uzaqdır. Əslində məsafə 17–20 kilometrdir. İlin əvvəlində Rusiya qoşunları bu istiqamətdə irəliləmişdilər, amma aprel ayından etibarən cəbhə xəttində vəziyyət dəyişməz qalır.
Putinin digər “qələbə” bəyanatlarının nəyə əsaslandığını anlamaqsa daha çətindir.
Ötən ilin sonunda Müdafiə Nazirliyinin ardınca o da Kupyanskın ələ keçirildiyini bəyan etmişdi, həm də iki dəfə. İndi isə bildirir ki, “qoşunlarımız şəhərin qərb sərhədindən 2,5–4,5 kilometr məsafədədir”. Bununla da faktiki olaraq etiraf edir ki, Rusiya ordusu şəhərə nəzarət etmir.
İndi də Putin gözlənilmədən bəyan edir ki, Rusiya qoşunları Donetsk vilayətinin Dobropolye şəhəri yaxınlığında “yaxşı hazırlanmış və keçilməsi mümkünsüz hesab edilən üçpilləli mühəndis istehkam xəttini yarıblar”.
“Diqqətinizi buna yönəltmək istəyirəm ki, Dobropolyenin şimalında Ukrayna Silahlı Qüvvələrinin əvvəlcədən hazırlanmış müdafiə mövqeləri yoxdur” deyə, Rusiya prezidenti iddia edib.
Əslində isə orda Ukraynanın strateji müdafiə xəttinin yalnız birinci zolağı yerləşir, şəhərin arxasında isə ən azı daha iki müdafiə xətti mövcuddur. Üstəlik, hazırda Rusiya ordusunun ön bölmələri Dobropolyedən 10–12 kilometr cənub-şərqdə yerləşən Nikanorovka kəndi ətrafındadırlar. Yəni Ukrayna istehkamlarına hücum məsafəsinə yaxınlaşmaqdan söhbət belə getmir.
Putinin Oskol çayının sol sahilində yerləşən Rubtsı yaşayış məntəqəsi yaxınlığında Ukrayna ordusunun 5 min nəfərlik qruplaşmasının mühasirəyə alındığı barədə dedikləri də eyni dərəcədə qəribə görünür.
Onun sözlərinə görə, “tam mühasirənin başa çatmasına təxminən 2 kilometr qalır”.
“Sonra bu düşmən qruplaşmasının taleyi Kupyansk-Uzlovoy rayonundakı kimi olacaq. Yəqin, xatırlayırsınız ki, orada da bir qruplaşma təxminən eyni vəziyyətdə idi və tamamilə məhv edildi”.
Amma Rubtsı kəndindən cəbhə xəttinin keçdiyi Sredneye kəndinə təxminən 10–12 kilometr məsafə var və orda manevr üçün geniş imkanlar mövcuddur. Kupyansk-Uzlovoy yaxınlığında “məhv edilmiş qruplaşma” barədə isə Rusiya hərbi komandanlığı heç vaxt məlumat verməyib. Ukrayna ordusu həmin yaşayış məntəqəsini və ətraf əraziləri hələ də nəzarətdə saxlayır.
Rusiya prezidentinin bəyanatlarıyla cəbhədəki real vəziyyət arasında bu qədər ciddi fərqin nədən qaynaqlandığını söyləmək çətindir. Bu, ya hərbçilərin yanlış məruzələri, ya da Putinin öz yanlış təsəvvürləriylə bağlı ola bilər.
Ancaq görünən odur ki, Putinin təsəvvüründə formalaşmış və Rusiya ordusunun “bütün cəbhələrdə irəlilədiyi” mənzərəsi həm onu, həm də generallarını qane edir.
“Politfm”



