Foto: “Armenpress”



Ermənistanın Baş naziri Nikol Paşinyan xəbərdarlıq edib ki, Ermənistanda Qarabağ hərəkatının davam etdirilməsinə yönələn hər hansı cəhd Azərbaycanın cavab addımlarını doğura bilər.

Bu barədə “Armenpress” məlumat verib.

Dünənki mətbuat konfransında jurnalistlər Paşinyandan soruşublar ki, iki ölkə arasında dinc münasibətlər olduğu halda, niyə Azərbaycanda “Qərbi Azərbaycan” və “azərbaycanlıların geri qayıdışı” mövzusu yenidən aktivləşib.

Ermənistanın baş naziri buna görə müxalifəti sərt tənqid edib. O bildirib ki, müxalif deputatlar parlamentdəki yerlərinin yanında Qarabağ bayraqları asmağa davam etdikcə və Ermənistanda o yöndə ritorika səngimədikcə, buna əks reaksiyası da davam edəcək, çünki bunlar bir-birinə bağlı amillərdir.

“Deyirəm ki, bunların heç birinin praktiki və ya tətbiqi baxımından heç bir mənası yoxdur və biz hakimiyyətdə olduğumuz müddətdə, bu məsələdə mövqeyimizi aydın şəkildə ifadə etdiyimiz halda, olmayacaq da. Bunu niyə deyirəm? “Ermənistan” alyansının lideri [keçmiş prezident Robert Koçaryan] deyir ki, Ermənistan Respublikası 29 743 kvadrat kilometrlə kifayətlənməməlidir. Bəs yaxşı, nə etməlidir? Ermənistanda nə baş verdiyini və insanların nə dediyini hamı eşidir, elə deyilmi?”

Paşinyan qeyd edib ki, Qarabağ hərəkatını başqa səviyyələrdə davam etdirməyə istənilən cəhd oxşar reaksiya doğuracaq.

“Ona görə də mən bunu təkidlə vurğulamaqda davam edirəm. Qarabağ hərəkatının davam etdirilməsi cəhdlərinin hamısını dayandırmaq üçün mümkün olan bütün addımları atacağıq. Çünki Ermənistan xalqı məhz bu mövqeni dəstəkləyib və bu, çox vacib amildir. Biz belə cəhdləri Ermənistan xalqını yeni bir [avantüraya] sürükləmək cəhdi kimi qiymətləndirəcəyik və səlahiyyətlərimiz və qanun çərçivəsində bunu dayandırmaq üçün əlimizdən gələni edəcəyik” deyə, o əlavə edib.

O əlavə edib ki, heç kimi ittiham etmir, sadəcə bu məsələdə kontekstin və səbəb-nəticə əlaqəsinin aydın olmasını istəyir.

“Politfm”