Süni intellekt vasitəsilə virtual olaraq açılmış papirus bükməsinə aid fraqmentin skan edilmiş versiyası. Alimlər artıq mətni bərpa edə biliblər (foto: “VESUVIUS CHALLENGE”)
Antik mətnlərin oxunmasında inqilabi nailiyyət əldə olunub. Alimlər süni intellekt və sinxrotron texnologiyasının köməyilə eramızın 79-cu ilində Vezuvi vulkanının püskürməsi zamanı kömürləşmiş papirus bükməsində yazılanları tamamilə oxumağı bacarıblar.
Bu barədə BBC məlumat verib.
Bildirilir ki, “Vezuvi Çağırışı” (“Vesuvius Challenge”) beynəlxalq elmi layihənin iştirakçıları arxeologiya və texnologiya dünyasında böyük əks-səda doğuran bəyanatla çıxış ediblər. Tədqiqatçılar fiziki şəkildə açılması qeyri-mümkün olan və kömürə çevrilmiş qədim papirus bükməsindəki mətni bütövlükdə bərpa ediblər.
Sözügedən unikal artefakt Pompeylə eyni ildə məhv olmuş Herkulandum şəhərindəki qədim bir villanın qazıntıları zamanı aşkar edilmişdi. Yüzlərlə oxşar tapıntıdan ibarət olan bu kolleksiya indiyə qədər toxunulmaz qalırdı, çünki bükmələrin tamamilə ovulub tökülməsi təhlükəsi vardı.
“Virtual açma” texnologiyası
Hələ dünənə qədər alimlər ya mətnin məhv olmasıyla barışmalı, ya da əlyazmanı itirmək riskini nəzərə almalıydılar. Sinxrotron (X-ray tipli xüsusi cihaz) və süni intellekt alqoritmlərinin birləşməsi problemi kökündən həll edib.
“Hətta ən effektiv üsullarla da bükmələri fiziki olaraq açmaq və onlara zərər vermədən oxumaq qeyri-mümkün idi. Virtual açılma sayəsində biz artıq bu unikal artefaktların qorunub saxlanmasıyla oxunması arasında seçim etmək məcburiyyətində deyilik” – layihənin papiruslar üzrə baş mütəxəssisi Federika Nikolardi belə deyib.
Reallığa çevrilən “dəlilik”
Kentukki Universitetinin kompüter texnologiyaları üzrə professoru və layihənin müəllifi Brent Sils bildirib ki, yüzlərlə mətn sütunundan ibarət bütöv bir bükməni ona toxunmadan oxumaq ideyası cəmi bir il əvvəl qeyri-real görünürdü. Layihə rəhbəri Stiven Parsons isə hələ ötən ilin əvvəlində bükmənin daxili strukturunu virtual olaraq modelləşdirdikdən sonra mətni tam oxuyacaqlarına əmin olduqlarını bəyan etmişdi. Həmin vəd bu gün artıq reallığa çevrilib.
Layihə iştirakçıları əmindirlər ki, bu texnologiya kolleksiyadakı bütün bükmələrin oxunmasına və qədim fəlsəfi əsərlərin yenidən dünya elminə qazandırılmasına yol açacaq.
“Politfm”



