Avropa Şurasının Prezidenti Antonio Kosta, Ukrayna Prezidenti Vladimir Zelenski və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen, 18 iyun 2026 (foto: Maykl Kappeler/”Getty Images”)
Avropa İttifaqı Şurası Rusiya Federasiyasına qarşı məhdudlaşdırıcı tədbirlərin müddətini 31 iyul 2027-ci ilə qədər uzadıb.
“Avropa Pravda”nın məlumatına görə, bu qərar dünən, Aİ liderlərinin 18-19 iyun 2026-cı il tarixli sammitində əldə olunmuş razılığa əsasən qəbul edilib. İlk dəfə 2014-cü ildə tətbiq edilən sanksiyalar Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya qarşı başladığı irimiqyaslı hərbi təcavüzdən sonra əhəmiyyətli dərəcədə genişləndirilib.
Hazırda Rusiyaya qarşı tətbiq olunan əsas qadağalar aşağıdakı sektorları əhatə edir:
– Rusiyadan Aİ-yə xam neft və müəyyən neft məhsullarının idxalı tamamilə qadağan edilib;
– Rusiya və üçüncü ölkələrdəki bir sıra maliyyə institutları, eləcə də kriptovalyuta xidməti provayderləriylə əməliyyatların aparılmasına məhdudiyyətlər qoyulub;
– ikili təyinatlı texnologiyaların ixracı dayandırılıb, Kremlin maliyyələşdirdiyi bir neçə dezinformasiya mediasının Aİ daxilindəki yayım fəaliyyəti və lisenziyaları ləğv edilib.
Aİ Şurasının bəyanatında vurğulanır ki, Moskva beynəlxalq hüququn fundamental normalarını pozmağa davam etdiyi müddətcə mövcud sanksiyalar qüvvədə saxlanılacaq və ehtiyac yaranarsa, əlavə addımlar atılacaq. Qurum həmçinin sanksiyalardan yayınma hallarının qarşısını almaq üçün nəzarət mexanizmlərini gücləndirdiyini bəyan edib.
“Politfm”



