“Harbin Xinguang Optic-Electronics Technology” şirkətinin Litszyan antidron lazeri (foto:”independent.co.uk”)



Çinin müdafiə sənayesi şirkətlərindən biri dronları məhv edə bilən portativ lazer silahı təqdim edib.
Bu barədə “South China Morning Post” qəzeti məlumat yayıb.

Bildirilir ki, Harbin Xinquanq Optoelektron Texnologiyaları (“Harbin Xinguang Optic-Electronics Technology”) şirkətinin ötən həftə Pekində keçirilən silah sərgisində nümayiş etdirdiyi bu texnika bel çantasında daşına biləcək qədə kiçikdir (“The Independent”).

Silahlı PUA-lara qarşı müdafiədə güclü lazerlərdən getdikcə daha geniş istifadə olunur. Bunun səbəbi onların ənənəvi sursatlarla müqayisədə daha səmərəli olması və hər atışın xeyli ucuz başa gəlməsidir.

Yüksək enerjiyə və soyutma sistemlərinə olan ehtiyacı antidron lazerlərini bir nəfərin daşıya biləcəyi ölçüdə hazırlamağa imkan vermirdi.
Yeni portativ “Litszyan” (“iti qılınclar”) modeli hədəfləri müəyyən etmək üçün süni intellektdən istifadə edir və artıq bəzi Çin hərbi obyektlərində xidmətə verilib.

Hər qurğunun çəkisi təxminən 25 kiloqram, təsir məsafəsi isə 500 metrə yaxındır. Bu, stasionar modellər üçün əlçatan məsafədən təxminən iki dəfə azdır.
Buna baxmayaraq yeni model dronu cəmi dörd saniyəyə məhv edə bilir və atışdan sonrakı beş saniyə ərzində soyuyur.
Harbin Xinquanq Optoelektron Texnologiyaları şirkəti SCMP-yə bildirib ki, bu qurğular “istifadə baxımından daha sadədir, sürətlə yığıla və sökülə bilir”.

Mart ayında ABŞ hərbçiləri HHQ-nin Luiziana ştatındakı bazası üzərində çox sayda “naməlum dron” uçduğunu açıqlamışdılar. Bu hadisə PUA-lara qarşı lazer sistemlərinin tətbiqilə bağlı müzakirələri yenidən gündəmə gətirmişdi.

Böyük Britaniya dron hücumlarından müdafiəni gücləndirmək məqsədilə gələn il dörd hərbi gəmisini “DragonFire” lazer silahıyla təchiz etməyi planlaşdırdığını açıqlayıb.

Bu müdafiə taktikası Rusiyanın 2022-ci ildə Ukraynaya genişmiqyaslı hücumundan sonra daha da populyarlaşıb. Dronlar, lazer sistemləri və yerüstü robotların inkişafı müasir müharibənin xarakterini ciddi şəkildə dəyişib.

“Lazerlər və mikrodalğalı sistemlər dronların məhvini ucuzlaşdırır. Bundan əlavə, radioelektron mübarizə vasitələri də pilotsuz aparatların fəaliyyətini pozmağa imkan verir” – ABŞ Hərbi Hava Qüvvələrinin ehtiyatda olan polkovnik-leytenantı Cahara Matisek ötən ilin sentyabrında “The Independent” nəşrinə belə demişdi:

Onun sözlərinə görə, lazer silahları işıq sürətinə yaxın dəqiqlik təmin edir və böyük sursat ehtiyatına malikdir, amma duman, yağış və ya tüstü şəraitində effektivliyi azalır. Eyni zamanda, bu sistemlər yüksək enerji və güclü soyutma sistemi tələb edir.

“Politfm”