Foto: internet

 

Bu ilin yanvar-may aylarında Azərbaycan 101,2 milyon dollar dəyərində bitki və heyvan mənşəli yağlar idxal edib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, illik müqayisədə dəyər ifadəsində 34,8% çoxdur. Hesabat dövründə bitki və heyvan mənşəli yağların idxalı Azərbaycanın ümumi idxalının 1,48%-ni təşkil edib.

Hesabat dövründə  idxalı təkcə dəyər baxımından deyil, fiziki həcm baxımından da artıb. Qurumun açıqladığı statistikaya görə, idxalın həcmi 47,3 min tondan 62,4 min tona yüksəlib, yəni 31,8% artıb.

Əsas artım idxalın həcmindən qaynaqlanıb, çünki 2025-ci ilin göstəriciləriylə müqayisədə orta idxal qiymətinin təxminən 2,3% artdığı görünür.

Qlobal bazardakı qiymət artımları

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, bitki yağları indeksi 2026-cı ilin aprelində aylıq müqayisədə 5,9% yüksələrək 2022-ci ilin iyulundan bəri ən yüksək səviyyəyə çatıb. May ayında isə ötən ilin eyni dövrü ilə müqayisədə 20%-dən çox olub.

Bu dinamika idxal xərclərinin artmasına təsir edən amillərdən biri ola bilər. Məsələn, 2025-ci ilin ilk rübündə Azərbaycan 11,98 min ton bitki yağı idxal edib. İdxalın həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə azalsa da, ümumi dəyər artıb və orta qiymət hər ton üçün təxminən 55% yüksəlib.

İdxaldan asılılıq

Bununla belə, idxaldakı artım göstərici Azərbaycanın bu məhsul qrupunda xarici təchizatdan əhəmiyyətli dərəcədə asılı olduğunu ortaya qoyur. Ölkədə heyvandarlıq və yağlı bitkilərin istehsalı inkişaf etsə də, daxili tələbat tam şəkildə yerli istehsal hesabına ödənilmir. Nəticədə bazarın bir hissəsi idxal vasitəsilə təmin olunur.

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2025-ci ilin ilk rübündə Azərbaycanda 11,2 min tondan çox duru bitki yağı istehsal olunub ki, bu da illik müqayisədə 2,9% artım deməkdir. Amma ilin sonrakı aylarında istehsalın azalması müşahidə olunub. Yanvar–iyul aylarında yeyinti məqsədli bitki yağlarının istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,4% azalıb.

Günəbaxan yağı bazarında Azərbaycanın xarici təchizatdan asılılığı yüksək olaraq qalır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə ölkə 10 799 ton yaxın günəbaxan yağı idxal edib və bunun 97,6%-i Rusiyanın payına düşüb. Ayrı-ayrı araşdırmalar da göstərir ki, son illərdə günəbaxan yağı üzrə idxal həcmi yerli istehsaldan xeyli yüksək olub.

Beləliklə, bitki və heyvan mənşəli yağlar Azərbaycanın ərzaq bazarında idxalın əhəmiyyətli rol oynadığı məhsul qruplarından biri olaraq qalır və beynəlxalq qiymət dəyişiklikləri ölkənin bu məhsullara çəkdiyi valyuta xərclərinə birbaşa təsir göstərir. Bu isə yerli istehsalın genişləndirilməsi və yağlı bitkilərin emalı imkanlarının artırılması məsələsini iqtisadi baxımdan aktual saxlayır.

Strateji ərzaq təhlükəsizliyi

Doğrudur, bitki və hüyvan mənşəli yağların ümumi idxaldakı payı (1,48%) kiçikdir, bunlar Azərbaycanın xarici ticarətində həlledici çəkisi olan qrupa daxil olmayan məhsullardır. Amma gündəlik istehlak səbətinin vacib elementlərindən olduqları üçün onların qiymətində və təchizatında baş verən dəyişikliklər ərzaq bazarına birbaşa təsir edir.

Bu məhsullar üzrə idxal xərclərinin bir ildə üç dəfədən çox artması göstərir ki, ərzaq təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyan bu məhsul qrupunda qlobal qiymət dəyişiklikləri və xarici təchizat amilləri Azərbaycan üçün həssas məqamlar olaraq qalmağa davam edir. Bu isə yerli istehsalın genişləndirilməsini və məhsuldarlığın artırılmasını iqtisadi siyasətin prioritetlərindən birinə çevirir.

“Politfm”