Rusiyanın xarici işlər naziri Sergey Lavrov (foto: “Biznes Online”)
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Trampın Ankoric görüşünün Kiyevə silah tədarükü üçün əlavə vaxt qazandırmaq məqsədilə qurulmuş bir aldatma olduğu barədə “şübhələrdən” danışıb.
“Hətta şübhələnmək də istəmirəm ki, Avropanın etdiyi kimi, Alyaska da (Ankoric görüşü – red.) Kiyev rejimini yenidən silahlandırmaq üçün vaxt qazanmaq məqsədilə planlaşdırılmışdı. Bunu heç düşünmək belə istəmirəm. Amma real vəziyyət necədirsə, elədir” – Lavrov belə deyib (“İnterfaks”).
O bildirib ki, Moskva artıq ABŞ-ni “obyektiv vasitəçi” hesab etmir və Rusiyaya qarşı sanksiya təzyiqinin gücləndiyini görür.
“Bayden dövründən qalan bütün sanksiyaların uzadılmasından əlavə, artıq Tramp administrasiyası da Rusiyaya qarşı kifayət qədər ciddi sanksiyalar paketi qəbul edib. ABŞ prezidentinin Ankoric görüşündən dərhal sonra verdiyi bəyanat unudulub. O bəyanatda deyilirdi ki, Ukraynada bir neçə illik atəşkəs deyil, uzunmüddətli sülh lazımdır və Alyaska bu istiqamətdə irəliləyiş üçün baza yaradıb” deyə, Lavrov gileylənib.
2025-ci ilin avqustunda keçirilən Putin-Tramp görüşü son 10 ildə Rusiya prezidentinin ABŞ-yə ilk səfəri, həmçinin 2021-ci ildən bəri Moskvayla Vaşinqton arasında yüksək səviyyəli ilk danışıqlar olub.
Həmin görüşdən sonra bir neçə Rusiya-Ukrayna danışıqları keçirilsə də, Putin heç bir güzəştə razılşamayıb, maksimalist mövqeyini qoruyaraq Kiyevdən Donetsk və Luqansk vilayətlərinin tam təslim edilməsini tələb edib.
Bu yaxınlarda “Bloomberg” nəşrinə danışan Qərb diplomatlarının sözlərinə görə, əvvəllər Kiyevin “heç bir kozırı olmadığını” deyən Tramp Ukraynadakı müharibəylə bağlı mövqeyini dəyişib.
Onların sözlərinə görə, ABŞ prezidentinin komandasında və “Böyük yeddilik” (G7) ölkələrinin liderləri arasında Rusiyanın döyüş meydanında qələbə qazana bilməyəcəyilə bağlı ortaq fikir formalaşıb.
Hazırda G7 nümayəndələrindən birinin anonimlik şərtilə bildirdiyinə görə, ABŞ və Avropadakı müttəfiqləri Kiyevin mövqelərinin gücləndiyi qənaətindədirlər.
“Politfm”



