Foto: “Yeni birlik”
Türkiyənin bəqliyyat və infrastruktur naziri Əbdülqadir Uraloğlu Belçikanın paytaxtı Brüsseldə təşkil edilən “Kommunikasiya Gündəliyi Platforması” çərçivəsində Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Davit Xudatyanla görüşüb. İki ölkə arasındakı nəqliyyat əlaqələrini gücləndirməyi hədəfləyən görüşdə vaxtilə işlək olmuş ticarət yollarının yenidən açılması müzakirə edilib (“gazetebirlik.com”).
Görüşdən sonra Uraloğlu bildirib ki, iki ölkə arasındakı avtomobil və dəmiryolu keçidlərinin tez bir zamanda işlək vəziyyətə gətirilməsi üçün işlər intensivləşdirilib.
“Əlbəttə, bizim keçmişdə aktiv olan dəmir yolu və avtomobil yolu keçidlərimiz var. Bunların bir an öncə yenidən bərpası istiqamətində əməkdaşlığımızı hər ötən gün daha da artırırıq. Avtomobil və qatar yollarında təmir-bərpa işləri görülməlidir. Biz öz tərəfimizdə bu işlərə başlamışıq. Ermənistan tərəfi də bu istiqamətdə bəzi hazırlıqlar aparıldığını, tenderlərin keçirildiyini bildirir”.
Türkiyənin vitse-prezidenti Cövdət Yılmazın Yerevan səfəri zamanı imzalanmış müqaviləni xatırladan Uraloğlu deyib ki,Qars şəhərindəki Ani xarabalıqlarında yerləşən və İpək Yolunun rəmzlərindən biri olan tarixi körpünün bərpası istiqamətində də fəaliyyət başlayıb.
“Politfm”



