Vladimir Putin və Aleksandr Lukaşenko Moskvadakı Qələbə Günü paradında, 9 may 2026 (foto: “Reuters”)
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna Prezidenti Volodimir Zelenskinin Belarus ərazisində yerləşən və onun sözlərinə görə, Rusiya hərbçilərinə Ukraynaya zərbələr endirməkdə kömək edən texniki qurğularla bağlı bəyanatını şərh edib.
“Bu, açıq şəkildə Belarusu birbaşa münaqişəyə cəlb etməyə və döyüş əməliyyatlarının coğrafiyasını genişləndirməyə yönəlib. Bununla da münaqişənin siyasi-diplomatik vasitələrlə nizamlanması imkanları daha da çətinləşdirilir” – Lavrov belə deyib (“İnterfaks”).
O xatırladıb ki, ötən ilin martından Moskvayla Minsk arasında təhlükəsizlik zəmanətləri haqqında müqavilə qüvvədədir.
“Zərurət yaranacağı təqdirdə müttəfiqimizin təhlükəsizliyini təmin etmək üçün müqavilədə nəzərdə tutulan bütün tədbirlər kompleksini həyata keçirməyə hazırıq” deyə, o əlavə edib.
Cümə günü Zelenski demişdi ki, Belarusdakı “qüllələrdə retranslyatorlar yerləşdirilib” və bunlar “Ukrayna əhalisinə qarşı atəşin korreksiyasını həyata keçirən avadanlıqlardır”. O, Belarus Prezidenti Aleksandr Lukaşenkodan həmin avadanlıqları “yığışdırmağı” və ya “söndürməyi” tələb edib.
“Düşünürəm ki, bunu etmək üçün ona bir həftə kifayət edər. Əgər bunu etməsə, biz edəcəyik” – Ukrayna prezidenti belə deyib.
Ertəsi gün Zelenski yenidən retranslyatorlardan danışaraq qeyd edib ki, “Ukrayna dəfələrlə Rusiyanın Belarusu da bu müharibəyə cəlb etməsinin təhlükəli nəticələri barədə siqnallar verib”.
“Belarus ərazisində yerləşən dörd belə retranslyator barədə məlumatımız var, onlar məhz Qomel və Brest vilayətlərindədir. Jitomir, Rivne və Volın vilayətlərinə, eləcə də enerji və dəmiryolu infrastrukturumuza məhz bu avadanlıqların köməyilə zərbələr endirilib” deyən Zelenski Lukaşenkonu Belarus müəssisələrinin Rusiya ordusuna komponentlər tədarük etməsində də ittiham edib.
“Biz Belarusda Rusiya üçün və bu müharibə üçün işləyən hər bir zavod barədə məlumatlıyıq” deyə, o bildirib.
Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Dmitri Peskov bazar ertəsi Zelenskinin bəyanatlarını “tamamilə aqressiv” və “təhdid xarakterli” adlandırıb. O, Putinlə Lukaşenko arasında görüş planlaşdırıldığını açıqlayıb.
Putin özü Zelenskinin açıqlamalarını şərh etməyib.
“Politfm”



