Soldan sağa: Ukraynanın müdafiə naziri Mixaylo Fyodorov, Ukrayna Prezidenti Volodimir Zelenski, NATO-nun baş katibi Mark Rütte, Almaniyanın müdafiə naziri Boris Pistorius və Böyük Britaniyanın müdafiə naziri Den Carvis NATO müdafiə nazirlərinin görüşü çərçivəsində Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunun iclasından əvvəl. NATO-nun qərargahı, Brüssel, 18 iyun 2026 (foto: JOHN THYS/AFP)
Ukraynanın müdafiə naziri Mixaylo Fyodorov iyunun 18-də Belçikada keçirilən “Ramşteyn” formatlı görüşün yekununda bildirib ki, Qərb müttəfiqləri onun ölkəsinə 4 milyard dollar məbləğində hərbi yardım göstərəcəkləri barədə kollektiv öhdəlik götürüblər.
NATO müdafiə nazirlərinin iclası və Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun (UDCG) toplanışı zamanı gün ərzində elan edilən ən son müdafiə paketlərinə hava hücumundan müdafiə raketləri, dronlar və artilleriya sursatları daxildir.
Fyodorov qeyd edib ki, “Prioritetli Tələblər Siyahısı” (PURL) vasitəsilə Ukraynanı “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raket-atıcılarla təmin etmək üçün təxminən 1 milyard dollar yönləndiriləcək”.
Bu yardımın böyük hissəsini Almaniya, Norveç, Niderland və İsveç təmin edir. Ümumilikdə 9 ölkə PURL təşəbbüsündə iştirakını təsdiqləyib.
Görüşdən əvvəl Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib ki, sürətləndirilmiş satınalma platforması olan “Jumpstart” mexanizmi çərçivəsində hava hücumundan müdafiə sursatlarına da, “Patriot” sistemləri üçün PAC-3 raketlərinə də 200 milyon dollar ayrılacaq.
Qərb müttəfiqləri Kiyevin daxili istehsal imkanlarını artırmaq planına dəstək olaraq Ukraynaya dəyəri 1 milyard dollardan çox PUA verməyi vəd ediblər. Britaniya hökuməti Ukraynaya 150 000 PUA, 350-dən çox hava hücumundan müdafiə raketi və radar sistemləri təqdim edəcəyini açıqlayıb. Niderland isə Ukraynanın PUA imkanlarını gücləndirmək üçün toplam 500 milyon avroluq ($573 milyon) əlavə yardım paketi elan edib.
Fyodorov həmçinin əlavə edib ki, Norveç Ukraynaya dəniz dronlarının (kamikadze katerlərin) alınması üçün maliyyə yardımı edəcək.
Norveç, Danimarka, İspaniya, Litva və Lüksemburq uzaqmənzilli artilleriya sursatları üçün ümumilikdə 540 milyon dollar vəsait vəd ediblər.
Görüşdən əvvəl Prezident Volodimir Zelenski jurnalistlərə bildirib ki, Kiyev Ukraynaya dəstək olan hər kəsə minnətdardır.
“Politfm”



