Foto: “The Moscow Times”
Rusiya Prezidenti Vladimir Putin bir sutkadan artıqdır ki, susur, müharibə başlayandan bəri Moskva və Moskva vilayətinə edilən ən güclü dron hücumuna heç bir münasibət bildirmir.
Hücum nəticəsində 17 nəfər xəsarət alıb, bir PUA yaşayış binasına düşüb, paytaxtda iki ticarət mərkəzində yanğın baş verib, Kapotnya neft emalı zavodunda isə partlayış olub.
Hücum günü – Moskva səmasının qara tüstüyə büründüyü, vilayətdə isə “mazut yağışları” yağdığı vaxt Putin Kazanda ASEAN sammitində olub. O, çıxışında “çoxqütblü dünyanın” qurulmasından, milli valyutalarla ticarətdən danışıb, həmçinin Bruney sultanı, Şərqi Timor, Sinqapur, Malayziya, Tailand, Laos və Kambocanın baş nazirləri, eləcə də Filippin lideri ilə görüşlər keçirib.
Putin Bruney sultanına birgə turizmin inkişafını, Kambocanın baş nazirinə ölkə tələbələrinin Rusiyada təhsil almasını vəd edib, Laosun baş nazirinə isə ona hədiyyə edilən iki filə görə təşəkkür edib. Sammitin yekunları barədə danışarkən Putin ABŞ-nin İranla bağlı razılaşmasını şərh edib, bu razılaşmanın dünya ərzaq və enerji bazarlarını sabitləşdirəcəyini bildirib.
Tatarıstan rəhbəri Rüstəm Minnixanovla görüşündə Putin Volqa çayı boyunca sərnişin daşımaları üçün tikilən “mülki təyinatlı yaxşı gəmiləri” tərifləyib və Tatarıstan sakinlərinə “yaxşı Sabantuy” arzulayıb. Kazanı tərk edərkən Putin iştirakçılara “Hər şeyin ən yaxşısını arzulayıram” deyib.
Cümə günü Putin Təhlükəsizlik Şurasının iclasını keçirib. O, həmin iclasda da dron hücumu barədə heç nə deməyib. “Bu gün bizim xarici siyasətimizin istiqamətlərindən biri barədə xarici işlər naziri Sergey Viktoroviç Lavrovun məruzəsi var” – Putin iclasın açılışında belə deyib.
Putin Moskvaya dünənki hücumdan təsirlənmədiyini göstərmək üçün “sakitlik” nümayiş etdirməyə və bununla da cəmiyyətdə Ukraynanın hücumuna müəyyən yanaşma formalaşdırmağa çalışıb.
Politoloq Abbas Qallyamov yazıb ki, insanlar prezidentin susqunluğunu “ya onun qeyri-adekvat olmasının, ya da xalqın əzablarına biganə qalmasının göstəricisi kimi” qiymətləndirirlər.
“Belə davranmaq üçün çox yüksək səviyyədə ilkin etimada malik olmaq lazımdır. İnsanlar həqiqətən inanmalıdırlar ki, prezident hər şeyi düzgün anlayır və həmişə həqiqəti deyir. Amma dörd il boyu “hər şey plana uyğun gedir” deyən birinə həmin o ilkin etimad yoxdur” deyə, Qallyamov əlavə edib.
“Politfm”



