Yaponiyanın Baş naziri Sanae Takaçi, Almaniyanın kansleri Fridrix Merz, İtaliyanın Baş naziri Corcia Meloni, ABŞ Prezidenti Donald Tramp, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, Kanadanın Baş naziri Mark Karni, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Avropa Şurasının sədri Antonio Koşta, Fransa Prezidenti Emmanuel Makron, Qətər əmiri şeyx Təmim bin Həməd Al Tani, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti şeyx Məhəmməd bin Zayid Al Nəhyan və Misir Prezidenti Əbdülfəttah əs-Sisi 2026-cı il iyunun 16-da Fransanın Evian-le-Ben şəhərində G7 və Yaxın Şərq ölkələrinin liderlərinin birgə işçi naharında (foto: Kristian Hartmann/AP )
Çərşənbə günü G7-nin Fransanın sədrliyilə keçiriləcək toplantısında əsas mövzularından biri kritik əhəmiyyətli faydalı qazıntılar və qlobal iqtisadi disbalans olacaq.
Diplomatların sözlərinə görə, Fransa tərəfdaşlarını kritik minerallarla bağlı bəyanatın mətni üzrə razılığa gəlməyə çağırır. Sənədə Qərbin Çindən asılılığını azaltmağa, həmçinin investorları cavab tədbirlərindən və dempinqdən qorumağa yönəlmiş tədbirlər daxil edilə bilər (“Reuters”).
Keçən il Pekin nadir torpaq elementlərindən hazırlanan daimi maqnitlərin ixracına məhdudiyyətlər qoyandan sonra bəzi sənaye sahələrinin iflic vəziyyətinə düşməsi qlobal iqtisadiyyatda narahatlıq yaratmışdı. Bu hadisə Qərbin enerji, müdafiə və texnologiya sektorlarındakı tədarük zəncirlərinin bu mallardan nə dərəcədə asılı olduğunu nümayiş etdirdi.
Fransanın sammitdəki nümayəndə heyətinin üzvü daha əvvəl bildirmişdi ki, “Biz kritik minerallar üçün və deməli, həm də iqtisadi suverenlik baxımından mühüm əhəmiyyət kəsb edən mətnlər üzərində danışıqlar aparırıq”.
Son aylarda müzakirə olunan tədbirlər sırasına qiymət dəstəyi, bazar standartları, subsidiyalar, zəmanətli satınalmalar, həmçinin Çin xaricində kritik mineral tədarükü zəncirlərinə özəl investisiyaların artırılması yolları daxildir. Bununla belə, G7-də elan olunacaq hər hansı tədbirin yalnız ilkin addımlar olacağı gözlənilir.
Çindən hədsiz asılılıq
2025-ci ildə tətbiq edilən məhdudiyyətlər Pekinin spesifik material və akkumulyator metallarının ixracını mərhələli şəkildə sərtləşdirməsinin ən son nümunəsi idi. Bundan başqa, Çin Amerika şirkətlərinin volfram və sürmə kimi digər metallara çıxışını da məhdudlaşdırıb.
Qərb dövlətləri mədənlərdən hasilat payı əldə etmək, emal və təkrar emal güclərini artırmaq üçün yarışırlar. Lakin Çinin onilliklər ərzində formalaşmış dominant mövqeyini zəiflətməyə illərlə vaxt lazım gələcək.
2026-cı ilin əvvəlində Birləşmiş Ştatlar kritik minerallarla bağlı ticarət blokunun yaradılmasını təklif etmişdi. Ağ Evin “Öncə Amerika” gündəmi liderlərdə bu blokun necə fəaliyyət göstərə biləcəyi barədə fikir ayrılığı yaradıb.
İqtisadi disbalans
G7 liderləri qlobal ticarətin yenidən balanslaşdırılması və əsasən Çin tərəfindən törədilən “yırtıcı rəqabət”lə mübarizə yollarını da müzakirə edəcəklər. Fransa bu disbalansı belə xülasə edir: Çin həddindən artıq çox istehsal edir, ABŞ həddindən artıq çox istehlak edir, avropalılar isə çox az investisiya qoyurlar.
Çinin rekord həddəki ticarət profisiti və dəyər zəncirində yuxarı pillələrə qalxması Avropada getdikcə artan narahatlığa səbəb olur. Analitiklər bunu Çinin 2000-ci illərdə aşağı dəyərli sənaye sahələrindəki dominantlığından sonrakı “ikinci Çin şoku” kimi xarakterizə edirlər.
Fransa Prezidenti Emmanuel Makron sammit ərəfəsində əməkdaşlıq üçün son cəhd olaraq Çinlə əlaqə yaratmağa çalışıb. Pekin isə Aİ-nin ədalətsiz subsidiyalarla bağlı iddialarını rədd edir və qurumun “Avropa malı al” təklifinə və yenilənmiş texnoloji suverenlik qaydalarına qarşı dəfələrlə “sərt” cavab tədbirləri görəcəyinə söz verib.
Aİ liderləri cümə axşamı Brüsseldə Çindən idxalın kəskin artmasına qarşı ticarət müdafiəsi tədbirlərinin daha da sərtləşdirilməsini müzakirə edəcəklər.
Ötən il Aİ-nin Çinlə ticarət kəsiri tarixən ən böyük həddə – 360 milyard avroya çatıb.
“Bu, əlbəttə ki, davamlı deyil. Bildiyiniz kimi, bizim çox aydın strategiyamız var: əlaqələri kəsmək yox, riskləri azaltmaq” – Avropa Komissiyasının sədri Ursula fon der Lyayen sammitin başlanğıcında jurnalistlərə belə deyib.
G7 liderləri çərşənbə günü süni intellekt mövzusunu, o cümlədən botların və agentlərin məsuliyyəti, süni intellektin həqiqəti və yalanı necə təqdim etməsi kimi məsələləri də müzakirə edəcəklər. Naharda “OpenAI” şirkətinin təsisçisi Sem Altmanın və “Anthropic” şirkətinin baş direktoru Dario Amodeinin də iştirakı gözlənilir.
“Politfm”



