Foto: “belta.by”

 

Belarus lideri Aleksandr Lukaşenko “Al Arabiya” telekanalına verdiyi müsahibədə əvvəlki sərt ifadələrinə görə Ukrayna Prezidenti Volodimir Zelenskidən üzr istəyib.

“Əgər Volodimir Aleksandroviç sözlərimdən inciyibsə, ondan üzr istəyirəm. Bəlkə də, döyüşdüyünü nəzərə alıb bunları deməməliydim. Bəlkə də, bu barədə elə sərt danışmamalıydım. Amma bizdə deyirlər ki, necə davranırsansa, elə də münasibət görürsən. O da bunu başa düşməlidir” deyən Lukaşenko əlavə edib ki, dedikləri Ukrayna tərəfinin təhdidlərinə cavab olub (“belta.by”).

Daha əvvəl Ukrayna Pilotsuz Sistemlər Qüvvələrinin komandiri, “Madyar” ləqəbiylə tanınan Robert Brovdin Ukrayna hərbçilərinin Belarusda 500 potensial hədəf seçdiyini bildirmiş, Lukaşenkoya müharibədən kənar durmaqla bağlı xəbərdarlıq etmişdi.

Belarus prezidenti buna cavab olaraq demişdi ki, ölkəsinə təhlükə yaranarsa, Ukraynada “çox ciddi” bir hədəfə zərbə endirə bilər.

Bu söz atışması Rusiyanın gələcəkdə NATO ölkələrindən birinə qarşı mümkün əməliyyata Belarusu da cəlb etməyə çalışdığı barədə Zelenskinin dəfələrlə səsləndirdiyi xəbərdarlıqlardan sonra baş verib.


“Politfm”