Foto: “Reuters”



Böyük Britaniyanın Baş naziri Kir Starmer bu gün – iyunun 15-də bildirib ki, 16 yaşından kiçik uşaqlar üçün sosial media saytlarına giriş qadağan ediləcək, oyun və canlı yayım platformalarına məhdudiyyətlər tətbiq olunacaq. Bunlar digər ölkələrdəkindən daha sərt tədbirlərdir.

Starmer vurğulayıb ki, bu köklü dəyişikliklər “uşaqların uşaqlığını özlərinə qaytaracaq”.
O, “Snapchat”, “TikTok” və “Instagram” kimi platformalarla yanaşı, yad adamların uşaqlarla ünsiyyət qurmasına imkan verən oyun saytlarına qarşı da tədbirlərin planını açıqlayıb.
“Mənə tamamilə aydındır ki, tam qadağa ən doğru seçimdir. Bu, böyük fərq yaradacaq, uşaqlarımızı daha təhlükəsiz və daha xoşbəxt edəcək. Onlara böyümək üçün daha çox vaxt, daha çox təhlükəsizlik, daha çox azadlıq və daha çox imkan qazandıracaq” – Starmer mətbuat konfransında belə deyib.

Hökumətin açıqladığı məlumata görə, Böyük Britaniya keçən ilin dekabrında analoji qadağanı qəbul etmiş Avstraliyanın modelinə bənzər bir sistemdən istifadə edəcək. Qadağa “YouTube”, “Facebook” və “X” (keçmiş “Twitter”) kimi platformalara da aid olacaq, amma “WhatsApp” və “Signal” kimi messencer platformalarına şamil edilməyəcək.

Britaniya 16 yaşından kiçik uşaqlar üçün yad adamlarla ünsiyyət və canlı yayım kimi zərərli funksiyalara qarşı “dünya səviyyəsində aparıcı bloklamalar” tətbiq edəcək.
“Real həyatda elə bir vəziyyət ola bilərmi ki, siz uşağınıza heç tanımadığınız yad bir yetkin şəxslə yaxınlıq etməyə, vaxt keçirməyə icazə verəsiz? Xeyr. Ona görə də biz bu məsələdə qəti addımlar atırıq” deyə, Starmer bildirib.

Qadağalar gələn yaz qüvvəyə minəcək

O, hökumətin hər hansı qadağayla bağlı ilkin addımlar atmaq üçün artıq lazımi səlahiyyətlərə malik olduğunu, tənzimləmələrin bu ilin sonuna qədər qəbul ediləcəyini və tam qadağanın gələn yaz qüvvəyə minəcəyini qeyd edib.

Böyük Britaniya son illərdə texnologiya şirkətlərinə qarşı yanaşmasını getdikcə daha çox sərtləşdirir; onlardan yaşın təsdiqlənməsi funksiyasını tətbiq etməyi, alqoritmləri dəyişməyi və uşaqların mobil telefonlardakı çılpaq şəkillərini yaymalarına əngəl olmağı tələb edir və ya buna məcbur edir.

Uşaqların internetdə həddindən artıq vaxt keçirməsinin yaratdığı psixi sağlamlıq risklərinə dair artan maarifləndirmə fonunda Starmer valideynlərlə danışdıqdan və Avstraliyadakı sübutları nəzərdən keçirdikdən sonra daha da irəli getmək qərarına gəlib.
Yaxın həftələrdə partiya daxilində liderlik rəqabətiylə üzləşəcəyi gözlənilən Starmer deyib ki, insanlar haqlı olaraq bu istiqamətdə addımlar atılmasını gözləyirlər.

Avstraliya sosial medianı uşaqlar üçün qadağan edən ilk ölkə olub və keçən ilin dekabrında 16 yaşından kiçiklərin “TikTok”, “YouTube”, “Instagram” və “Facebook” platformalarına girişini bloklayıb. O vaxtdan bəri bir çox ölkə sosial mediaya çıxışı tənzimləmək yollarını axtardığını bəyan edib.

Genişmiqyaslı məsləhətləşmələr

Britaniya yeni məhdudiyyətlərlə bağlı, o cümlədən 16 yaşından kiçiklər üçün qadağalar, komendant saatları, tətbiq vaxtı limitləri və hökumətin “asılılıq yaradan dizayn xüsusiyyətləri” kimi xarakterizə etdiyi funksiyaların məhdudlaşdırılması barədə müəllimlər, valideynlər və gənclərlə məsləhətləşmələr aparıb.

Bu çərçivədə valideynlərdən, sənaye nümayəndələrindən və gənclərdən 116.000-dən çox cavab daxil olub. Sorğuda iştirak edən valideynlərin 83%-dən çoxu sosial medianın gətirdiyi risklərin onun faydalarından daha çox olduğunu bildirib, 90%-i isə sosial media platformalarına daxil olmaq üçün minimum yaş həddinin 16 olmasını dəstəkləyib.

Çox sayda valideyn və siyasətçi bu qadağanı dəstəkləsə də, bəzi psixoloqlar və ekspertlət bunun effektiv olacağına dair heç bir sübut olmadığını deyirlər. 


“Politfm”