Xarq adası (foto: internet)
ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində bu gecə İrana “çox sərt” zərbə endiriləcəyini anons edib.
Bu bəyanat ABŞ hərbçilərinin iki gecə ərzində İran ərazisindəki obyektlərə zərbələr endirməsindən və İranın Yaxın Şərqdə yerləşən ABŞ bazalarına hücumlarından sonra verilib.
Tramp həmçinin yazıb ki, “Uzaq olmayan gələcəkdə biz Xarq adasını və digər neft infrastrukturu obyektlərini ələ keçirəcək, Venesuelada olduğu kimi, onların da neft və qaz bazarlarına tam nəzarət edəcəyik. Bu variant Venesuela üçün də, ABŞ üçün də əla nəticə verir”.
İrana məxsus Xarq adası Fars körfəzində yerləşir. Adada İran neft ixracının 90 faizindən çoxuna xidmət göstərən ən böyük neft terminalı fəaliyyət göstərir. Fevral-aprel aylarında – İsrail və ABŞ-nin İrana qarşı hərbi kampaniyası dövründə ordakı obyektlərə zərbələr endirilmişdi.
ABŞ-nin İrana qarşı quru əməliyyatlarına başlayacağı təqdirdə mümkün variantlardan biri kimi Xarq adasına nəzarətin ələ keçirilməsi məsələsi də müzakirə olunub.
Tramp paylaşımında hücum anonsunun yenidən genişmiqyaslı hərbi əməliyyatlara strat verilməsi anlamına gəlib-gəlmədiyini dəqiqləşdirməyib. Formal olaraq tərəflər arasında atəşkəs hələ də qüvvədədir, baxmayaraq ki, həm Vaşinqton, həm də Tehran dəfələrlə bir-birini onu pozmaqda ittiham ediblər.
İran rəsmiləri hələlik ABŞ prezidentinin bu paylaşımına münasibət bildirməyiblər.
“Politfm”



