Foto: “Armenpress”
Ermənistanın Baş naziri Nikol Pashinyan ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlük haqlarını ödəməməsi və bunun mümkün nəticələriylə bağlı açıqlama verib.
“Mən KTMT-dəki vəziyyəti şərh edə bilmərəm. Bildiyim qədəriylə, Ermənistanın KTMT-dən çıxarılması mexanizmi mövcuddur və işləyir. Əgər üzv dövlətlər Ermənistanın təşkilatdan çıxarılması barədə qərar qəbul etsələr, biz həmin qərarı nəzərə almağa məcbur olacağıq. Bundan başqa edə biləcəyimiz bir şey yoxdur”.
Baş nazir bu sözləri brifinqdə – jurnalistin KTMT-də üzv dövlətin təşkilatdan çıxarılması prosedurunun olub-olmaması və belə bir məsələnin Ermənistanla bağlı gündəmə gələ biləcəyi barədə sualını cavablandırarkən deyib.
İyunun 8-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Ermənistan 2026-cı ildə KTMT-yə üzvlük haqlarını ödəməyəcək, çünki təşkilatın fəaliyyətində iştirak etmir.
Ermənistan 2024-cü ilin fevralından etibarən KTMT-də iştirakını dondurub.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə iyunun 10-da deyib ki, KTMT-yə üzv dövlətlər Ermənistanın üzvlük haqlarını ödəməməsiylə əlaqədar təşkilatın nizamnaməsinin müvafiq maddəsinin tətbiqi imkanını müzakirə ediblər.
Söhbət maliyyə öhdəliklərinin yerinə yetirilmədiyi hallarda üzv dövlətin hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxara biləcək müddəalardan gedir.
“Politfm”



